01:30
(077) 610-22-33

Yunan-Roma güləşçilərimiz Tailanda yola düşür

  • >
774 30 Avqust 2012 15:13 | Siyasət

Tofiq Eyvazov: “İdmançılarımız yarışmaya psixoloji və fiziki cəhətdən çox yaxşı hazırlaşıb”



Gənclər və İdman Nazirliyinin baş məsləhətçisi Tofiq Eyvazovun AzNews.az-a müsahibəsi:

- London olimpiyadasında qazandığımız 10 medalla Azərbaycan dünya ölkələri arasında 30-cu yerdə qərarlaşdı. Bu nəticə gənclərin idmana marağına necə təsir etdi?

- Biz London olimpiadasından çox böyük uğur əldə etdik. Hətta 70 milyonluq Türkiyədən iki dəfə yaxşı nəticə göstərərək, dünya dövlətləri arasında 30-cu yeri tutmağa nail olduq. Atlantada 1, Sidneydə 3, Afinada 5, Pekində 7 medal qazanan Azərbaycan Londonda 10 mükafata sahib çıxmaqla yeni şanlı səhifə açdı. Hər zaman ən böyük ümidlər bəslənilən güləşçilər bu dəfə də xilaskar rolunda çıxış etdi və ölkəmizin adını tarixə qızıl hərflərlə həkk etdirdi. Ümumiyyətlə, bizim üçün bir olimpiada məhşərinin sönməsi digər məhşərin yanması deməkdir. London məhşəri sönən kimi Braziliya məhşəri alovlandı. Artıq Londonda qazandığımız nailiyyətləri unudub, daha artıq nailiyyət arxasınca getmək zamanıdır.

-Avqustun 21-dən 27-ə qədər Bakıda yeniyetmələr arasında güləş üzrə dünya çempionatı keçirilib. Bu yarışdan hansı nəticələr əldə olundu?

-41 ölkənin iştirak etdiyi dünya çempionatında 9 qızıl, 6 gümüş və 4 bürünc medal olmaqla 19 medal qazanaraq 1-ci yeri tutduq. Hətta biz bu yarışda dünyanın hegemon dövləti olan Rusiyanı 20 xal üstələdik. Hər zaman olduğu kimi bu dəfə də, güləşçilərimiz bizi çox sevindirdi.

-Gənc idmançılarımızla bağlı nə yenilik gözlənilir?

-Sabah Tailandda keçiriləcək Yunan- Roma, sərbəst və çimərlik güləşləri üzrə dünya çempionatına yola düşürük. Yarış sentyabrın 1-dən 10-a qədər davam edəcək. Tailandın paytaxtı Pattayada keçiriləcək çempionatda ölkəmizi Yunan-Roma üzrə 8 oğlan güləşçimiz, sərbəst güləş üzrə isə 8 oğlan və 5 qız idmançımız təmsil edəcək.

-Bu idmançılardan hansı nəticəni gözləyirsiz. Yeniyetmələrin ardıca gənclər də bizi birinciliklə sevdirə biləcəklərmi?

-Ümumilikdə 21 idmançı ilə təmsil olunacağımız yarışdan ən azı 15 medal qazanacağımıza ümid edirəm. Yarışda 50-yə yaxın ölkənin iştirak edəcəyi gözlənilir. Dünyada Braziliya futbolu ilə tanındığı kimi Azərbaycan da güləşi ilə tanınır. Braziliya üçün futbol necə əhəmiyyətlidirsə, Azərbaycan üçün də güləş eyni dərəcədə əhəmiyyətlidir. Mən inanıram ki, biz bu yarışda çox yaxşı nəticə göstərəcəyik. Hətta maksimum sayda medal əldə edə biləcəyimiz də mümkündür. Sabah bizimlə yarışa gedəcək hər bir güləşçimizə böyük ümid bəsləyirəm. Onları bir-birindən fərqləndirmək çətindi. Bu idmançıların hamısının medala layiq olduğunu düşünürəm.

-Yarış öncəsi idmançılarımızın əhval-ruhiyyəsi nə yerdədi?

-Azərbaycan Prezident cənab İlham Əliyevin ölkə idmançılarına yüksək dəstəyi göz qabağındadır. Elə buna görə də Azərbaycan idmançıları həmişə qələbə əzmində olur. Sabah yola düşəcək idmançılarımızın da hər biri bu yarışmaya psixoloji və fiziki cəhətdən çox yaxşı hazırlaşıb. İdmançılarımız lazım olan bütün əşyalarla təmin olunub.

Bahadur Eyuboğlu
AzNews.az
Bağla X