Quba hadisələrində icra hakiminə dəyən ziyanın həcmi açıqlandı

Avqustun 30-da Quba Rayon Məhkəməsində 1 mart hadisələrinə görə tutulan 9 nəfərin mühakiməsi başlayıb. AzNews.az "Media forum" saytına istinadən xəbər verir ki, işə hakim Etibar Quliyevin sədrliyi ilə baxılır.

Məhkəmə qarşısına çıxarılan Yunusov Xəyyam Sahib oğlu, Fayizi Səxavət Ağahüseyn oğlu, Nəcəfi Ələkbər Zülfüqar oğlu, Ələsgərov Niyaməddin Nurəddin oğlu, Məhərrəmov Elgün Nadir oğlu, İlyasov Rəşad Tahir oğlu, Mürşudov Rafiq Vahid oğlu, Qəribov Tapdıq Tacı oğlu və Qəribov Bəhruz Qəribbaba oğlu Cinayət Məcəlləsinin 186.2.1 (əmlakı qəsdən məhvetmə və ya zədələmə - zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə), 186.2.2 (əmlakı qəsdən məhvetmə və ya zədələmə - yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda); 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və bu cür hərəkətlərdə fəal iştirak etmə), 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham olunurlar.

Proses sentyabrın 12-də davam etdiriləcək.

Bu il martın 1-də Qubada icra hakimiyyətinin başçısı Rauf Həbibovun istefası tələbi ilə etiraz aksiyası keçirilib. Aksiya toqquşmalar və zorakılıqla müşayiət olunub. İcra hakimiyyətinin yardımçı binaları, icra başçısı Rauf Həbibovun şəxsi evi yandırılıb. Martın 2-də prezident İlham Əliyev Rauf Həbibovu başçı vəzifəsindən azad edib.

Qubada baş verənlərin istintaqını Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparır.

AzNews.az