11:50
(077) 610-22-33

AXCP KXCP-nin təklifini qəbul etmədi

  • >
639 31 Avqust 2012 09:41 | Siyasət

Razi Nurullayev: “AXCP və KXCP birləşərsə, başağrısı ola bilər”



Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədrinin beynəlxalq məsələlər üzrə müavini Qaya Əliyev Azərbaycan Xalq Cəbhəsi Partiyasına (AXCP) birləşmə təklif edib. Sədr müavini bu barədə "facebook" sosial şəbəkəsində yazıb. O, yazısında bildirib ki, süni şəkildə cinahlara bölünmüş milli-demokratik qüvvələrin birliyi, konsolidasiyası və ya təmərküzləşməsinin həyata keçiriləcəyi təqdirdə uğur qazanılacaq: "Bu istiqamətdə addımlar atılmalıdır. İlk addım kimi KXCP funksioneri olaraq Azərbaycan Xalq Cəbhəsinin diversifikasiyaya məruz qalması nəticəsində ayrılmış iki cinahının -AXCP və KXCP-nin birləşməsini təklif edirəm".

KXCP funksionerinin bu təklifi AXCP-də narazılıqla qarşılanıb. AXCP sədrinin müavini Razi Nurullayev AzNews.az-a deyib ki, bu təklif həyata keçə bilməz: "Ümumiyyətlə, bu barədə geniş danışmaq istəmirəm, inanmıram ki, bu həyata keçsin. 2004-cü ildə də bu səpkidə addımlar atılıb, amma uğursuz nəticə alınıb. Bu da ona görədir ki, AXCP ilə KXCP arasında kifayət qədər ziddiyyətli məqamlar var. Həm də hər iki tərəf çox iddialıdır. Bu partiyalarda olan insanların düşüncə tərzlərində fərqlər çoxdu. Buna görə də iki partiyanın birləşmə məsələsi gündəmə gələrsə, başağrısı olacaq. Əslində, partiyaların birləşməsi bir uğurdur, amma bu iki partiyanın birləşməsində heç bir uğur görmürəm. Hesab edirəm ki, bu ziyanımıza ola bilər. Yenidən gündəmdə köhnə söhbətləri müzakirə etmək fikrimiz yoxdur".

Sədr müavini vurğulayıb ki, KXCP İctimai Palataya qoşulmasa da, daim bu qurumda fəallıq göstərib. Amma birləşmə təklifinin təkcə AXCP-yə gəlməsinin dəqiq səbəbini deyə bilmərəm: "Bu, ona görə ola bilər ki, bu iki partiya əvvəllər bir sıra məsələlərdə birgə fəaliyyət göstəriblər. KXCP belə bir addım atmaq istəyirsə, İctimai Palataya qoşulsun. Biz bunu daha uğurlu hesab edirik".

İlkin
AzNews.az
Bağla X