15:19
(077) 610-22-33

Azərbaycan generalları Pakistan marşalı ilə görüşdü - FOTO

  • >
1 890 18 Aprel 2014 18:14 | Siyasət

Azərbaycanda rəsmi səfərdə olan Pakistan İslam Respublikası Hərbi Hava Qüvvələri Komandanı aviasiya marşalı Tahir Rafiq Battın rəhbərlik etdiyi nümayəndə heyətinin aprelin 18-də Müdafiə Nazirliyində qarşılanma mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzNews.az - a verilən məlumata görə, rəsmi protokola uyğun olaraq qonaq ürək sözlərini "Şərəf Kitabı"na qeyd edib.

Sonra Azərbaycan müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-mayor Ramiz Tahirov Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələrinin komandanını qəbul edib.

Görüş zamanı hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın perspektivləri müzakirə edilib, Azərbaycan-Pakistan qarşılıqlı münasibətlərinin möhkəmlənməsində bu cür görüşlərin keçirilməsinin zəruriliyi vurğulanıb.

Sonra Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov aviasiya marşalı T.R.Battı qəbul edib.

Müdafiə naziri qonağı salamlayaraq ölkələrimiz arasında əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri, qarşılıqlı inam üzərində qurulduğunu, bu əlaqələrin daim inkişaf etdiyini və hər iki tərəf üçün faydalı olduğunu qeyd edib.

Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan müdafiə naziri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin regional sabitliyə əsas təhlükə yaratdığını və münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllinə nail olunmasının vacibliyini vurğulayıb.

Aviasiya marşalı T.R.Batt səfərdən məmnun qaldığını bildirərək, dövlətlərimizin əlaqələrinin möhkəm dostluq münasibətlərinə əsaslandığını, Pakistanın daim Azərbaycanın yanında olduğunu qeyd edib.

Sonra Azərbaycan-Pakistan hərbi əlaqələri, tərəfdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycan müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-mayor R.Tahirov, Pakistan İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Xalid Usman Qaiser də iştirak ediblər.







AzNews.az
Bağla X