“Qərb bilir ki, İranı ətrafı həlqəni daraltmaq üçün bu iki ölkədə güclənmək lazımıdır” “Qərb bilir ki, İranı ətrafı həlqəni daraltmaq üçün bu iki ölkədə güclənmək lazımıdır”

Zahid Oruc: “NATO qafqazdakı siyasətində dəyişikliklər edib”

“Qərb bilir ki, İranı ətrafı həlqəni daraltmaq üçün bu iki ölkədə güclənmək lazımıdır”



Xəbər verildiyi kimi, NATO baş katibi Andres Foq Rasmussen sentyabrın 5-9-da Ermənistan, Gürcüstan və Azərbaycana gələcək. Yerevanda, Tbilisidə və Bakıda hər üç ölkənin aparıcı şəxsləri ilə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunacaq.

NATO baş katibinin regiona səfərini şərh edən millət vəkili Zahid Oruc AzNews.az-a deyib ki,
ABŞ Qafqaz regionunda yürütdüyü siyasətə redaktələr edib: "Əvvəllər ABŞ-ın regiona biganə yanaşması nəticəsində Gürcüstanın NATO-ya üzvlüyü ləngimiş oldu. Bilirsiz ki, Rusiyanın Gürcüstan ərazisinin böyük bir hissəsini işğal etməsinin səbəbi kimi NATO-nun bu ölkəni öz sıralarına gətirməsi ilə izah olunur. Bir çoxları hesab edirlər ki, Şimali Atlantika İttifaqı Qafqaza doğru sərhədlərini genişləndirməsəydi, Rusiyada hərbi əməliyyatlara başlamazdı. Bu mənada düşünürəm ki, NATO öz planlarından daşınmayıb. Amma etiraf etmək lazımdır ki, ABŞ bu arealda Rusiya ilə də müharibə etmək istəyində deyil. Ona görə də, müəyyən fasilələrlə regionun hərbi, iqtisadi, siyasi gerçəkliyini nəzərə almaqla öz planlarını həyata keçirməkdədir".

Millət vəkili vurğulayıb ki, baş katibin bu səfəri müəyyən məsələləri aydınlaşdırmağa xidmət edəcək, xüsusilə də NATO-nun Gürcüstan və Azərbaycanla bağlı planlarını genişləndirəcək: "Burada Ermənistan NATO üçün heç bir önəm kəsb etmir. Hər kəsə, o cümlədən NATO-nun beyin və siyasi mərkəzinə aydındır ki, bu ölkə Rusiya tərəfindən bütövlükdə ələ keçirilib. Bu baxımdan qərbin Ermənistanı Rusiyanın periferiyasından çıxarıb, öz nüfuz dairəsinə daxil etməsi qeyri-realdır. Əgər bir ölkənin iqtisadiyyatı 80% Rusiyaya tabe etdirilibsə, o zaman NATO-nun Ermənistanı hər hansı bir formada ekspansiya etməsi qeyri-mümkündür".

Z.Oruc həmçinin əlavə edib ki, Gürcüstan və Azərbaycanla işləmək NATO üçün çox önəmlidir: "Qərb bilir ki, İran ətrafı həlqəni daraltmaq üçün bu iki ölkədə güclənmək lazımdır. Gürcüstanda NATO-ya daxil olsa belə, Qafqazın taleyi Azərbaycanda həll edilir. Çünki Ermənistanı xristian adası kimi Rusiya ələ keçirib, Gürcüstanı da qərb öz forpostuna çevirib. Bütün bunlara baxmayaraq, Qafqazın taleyi Azərbaycandan asılıdır, resurs buradadır. Ona görə də NATO Azərbaycanla bağlı planlarını bizim iqtidarla müzakirə etməlidir. Və burada Rusiyanın yeni təklifləri, Şimali Qafqazdakı proseslərlə Gürcüstan və Azərbaycana nüfuz etmək savaşı qarşısında NATO-nun planlarını gözləyirik. Bu baxımdan səfərə gələn baş katib yeni planlarını açıqlamalıdır. Biz də istəyirik ki, Azərbaycanın beynəlxalq və regional miqyasdakı təşəbbüslərimiz bu qurum tərəfindən müdafiə olunsun. Əgər belə olmazsa, uduzan Qərb olacaq".

İlkin
AzNews.az