16:20
(077) 610-22-33

Macarıstan Ədliyyə Nazirliyi Ramil Səfərovun azadlığa buraxılmasından danışdı

  • >
727 31 Avqust 2012 21:49 | Siyasət

“Macarıstan Ramil Səfərov məsələsində beynəlxalq hüquq normalarına uyğun hərəkət edib”

"Macarıstan Ramil Səfərov məsələsində beynəlxalq hüquq normalarına uyğun hərəkət edib". APA-nın xəbərinə görə, bu barədə Macarıstan Dövlət İdarəetməsi və Ədliyyə Nazirliyinin yaydığı açıqlamada bildirilir.

Açıqlamada qeyd olunur ki, Ermənistan vətəndaşı Qurgen Markaryanı qətlə yetirdiyinə görə 19 fevral 2004-cü ildə Macarıstanda həbs olunmuş və ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Azərbaycan vətəndaşı Ramil Sahib oğlu Səfərov "Məhkum olunmuş şəxslərin verilməsi haqqında" Strasburq Konvensiyasına (1983-cü il) uyğun olaraq cəzasının qalan hissəsinin çəkilməsi üçün Azərbaycan tərəfinə təhvil verilib.

Nazirlik həm Azərbaycanın, həm də Macarıstanın sözügedən konvensiyaya qoşulduğunu vurğulayıb: "Bu konvensiyada göstərilir ki, tərəflərdən birinin ərazisində məhkum olunmuş şəxs cəzasının qalan hissəsinin çəkilməsi üçün konvensiyanın müddəalarına uyğun olaraq digər dövlətə verilə bilər. Bunun üçün məhkum hökmü çıxarmış ölkəyə və ya təhvil verilmək istədiyi ölkəyə öz arzusunu bildirə və təhvil verilə bilər. Dövlətin səlahiyyətli orqanları dövlətin qərarına uyğun olaraq hökmün icrasını davam etdirə, yaxud hökmü məhkəmə yolu ilə və ya inzibati qaydada dəyişə bilərlər. Cəzanın icrası davam etdiriləcəyi halda, bu dövlət digər dövlətdə çıxarılan hökmün hüquqi xarakterinə və davamlılığına riayət etməlidir.

Azərbaycan Ədliyyə Nazirliyi tərəfindən bildirilib ki, bu hökmə səbəb olan əməl Azərbaycan Cinayət Məcəlləsində ömürlük həbslə cəzalandırıla bilən cinayət kimi tövsif olunur. Ömürlük həbs cəzasına məhrum olunmuş şəxslər 25 il cəza çəkdikdən sonra şərti azadlığa buraxıla bilər. Azərbaycan Ədliyyə Nazirliyi həmçinin Macarıstan Dövlət İdarəetməsi və Ədliyyə Nazirliyinə bildirib ki, Ramil Sahib oğlu Səfərov barəsində Macarıstan məhkəməsinin hökmü dəyişdirilməyəcək və dərhal icra olunacaq. Ramil SƏfərovun işi məhkum olunmuş şəxslərin verilməsi haqqında konvensiyada göstərilmiş şərtlərə uyğun olduğundan, bu gün o, Macarıstan Dövlət İdarəetməsi və Ədliyyə Nazirliyi tərəfindən Azərbaycana təhvil verilib. Konvensiyaya uyğun olaraq hökmün icrası dövlətin qanunvericiliyi ilə tənzimlənir və bu dövlət bütün zəruri qərarları qəbul etməkdə səlahiyyətlidir".

Açıqlamada qeyd olunur ki, Macarıstan sözügedən konvensiyaya uyğun olaraq 2010-cu ildə 11, 2011-ci ildə 7, 2012-ci ildə 8 məhbusu digər ölkələrə təhvil verib.

AzNews.az
Bağla X