10:56
(077) 610-22-33

Bahar Muradova: “Əsas Ramil Səfərovun Azərbaycanda olmasıdır“

  • >
608 3 Sentyabr 2012 10:27 | Siyasət

Vitse-spiker Ramil Səfərovun azadlığa buraxılmasına sərgilənən ikili standartlardan təəssüflənir



Ramil Səfərovun azadlığa buraxılmasına sərgilənən ikili standartlara söykənən münasibətlər təəssüf doğurur. Bunu mətbuata açıqlamasında Azərbaycan Milli Məclisinin vitse-spikeri Bahar Muradova bildirib. O qeyd edib ki, əsas Ramil Səfərovun Azərbaycanda olmasıdır. "Ramil Səfərov azaddır, ona qarşı olan ədalətsizliyin aradan qaldırılmasında Azərbaycan Prezidenti çox böyük fəaliyyət göstərdi və bu da konkret nəticəsini verdi. Bu nəticəni kimin necə qəbul etməsi onun özünün belə məsələlərdə tutduğu mövqeyini ifadə edir və bu məsələdə ikili yanaşma da özünü göstərir", - Muradova deyib.

Vitse-spiker vurğulayıb ki, həm Ermənistan hökuməti tərəfindən, həm bir sıra digər ölkələrdə insanlığa, bəşəriyyətə qarşı yönəlmiş cinayətləri törədənlərə, eyni zamanda dini, etnik münasibət zəminində cinayət törətmiş insanlara hüquqi, siyasi müstəvidə fərqli münasibətlər göstərilir. "Bəzən belə məsələlərə dözümlülük nümayiş olunur və yaxud islamofobiyaya əsaslanan meyillər adi cinayət hadisəsi kimi dəyərləndirilir. Avropa ölkələrində baş verən belə məsələlərə biz də təəccüb edirik. Amma görünür ki, təkcə təəccüb etmək məsələlərə təsir göstərən amil sayıla bilməz.

Ona görə də, digərlərinin Ramil Səfərovun azad olunması ilə bağlı təəccübünü mən bu qəbildən hesab edirəm", - vitse-spiker deyib. Muradova bildirib ki, Azərbaycan xalqının, dövlətinin istəyi Azərbaycana və onun bayrağına yönəlmiş təhqir hadisəsinə görə özünün gələcəyini itirməkdən qorxmayaraq addım atan bir zabitə qarşı yönəlmiş ədalətsizliyin aradan qaldırılması olub.

"Bu ədalətsizlik aradan qaldırılıb, amma tam aradan qaldırıldığını da söyləmək olmaz. Çünki Ramil Səfərov ömrünün səkkiz ildən artıq hissəsini məhbəsdə keçirib və demək olar ki, törədilən qətl hadisəsinə görə hətta cəza çəkmək lazım idisə belə, o, bunu artıqlaması ilə yerinə yetirib.

Ona görə də, hamının sevincinə səbəb olan bu hadisəni gözdən salmağa yönəlmiş səyləri və münasibətləri müzakirə etməkdənsə, Ramil kimi zabitlərimizin, fədakar, vətənpərvər oğullarımızın Azərbaycana xidmət etməsi üçün daha yaxşı şərait yaratmalıyıq", - vitse-spiker qeyd edib.

AzNews.az
Bağla X