05:16
(077) 610-22-33

Aşqabad da Moskvanın əlindən çıxır

  • >
1 709 4 Sentyabr 2012 07:03 | Siyasət

Türkmənistan TANAP-a qoşulmaqla bağlı qərar verməyə, Azərbaycan isə bundan üç istiqamətdə qazanmağa hazırlaşır



Türkiyə və Azərbaycanın birgə layihəsi olan və Azərbaycan qazını Anadolu üzərindən Avropaya nəql etməyi qərarlaşdıran Trans Anadolu Təbii Qaz Boru Xətti (TANAP) layihəsinə daxil olan ölkələrin sayı arta bilər. Yeni üzv isə Türkmənistandır.
Məsələ belədir ki, artıq Aşqabadda bununla bağlı önəmli bir toplantı keçirilib. Bu toplantının başlıca səbəbkarı da məhz Ankara olub. Çünki Türkiyənin enerji naziri Taner Yıldız artıq Türkmənistandadır və orada bir sıra önəmli görüşlərin təşkilinə nail olub. Bu gün isə Yıldız əsas missiyasını həyata keçirmək üçün çalışacaq.
Belə ki, həmin toplantıda təkcə o deyil, həmçinin Azərbaycan və Türkmənistanın enerji nazirləri və Avropa Birliyinin enerji məsələləri üzrə komissarı Günter Ottinger də iştirak edəcəklər. Türkiyənin enerji naziri Yıldız bununla bağlı deyib ki, onlar dördlü toplantı keçirəcəklər: "Belə bir addımın atılması Avropanın istəyi ilə bağlıdır. Çünki Türkiyə Avropanın qaza olan ehtiyacı ilə bağlı önəmli bir parçasıdır".
TANAP-ın ilkin mərhələdə Azərbaycanın təbii qazını daşımaq üçün nəzərdə tutulduğunu da vurğulayan türk nazir başqa dövlətləri də bu layihəyə qoşmaq üçün çalışdıqlarını ifadə edib: "İndi isə TANAP layihəsi ilə Azərbaycan üzərindən keçə biləcək və təbii qaz ticarətini asanlaşdıracaq bir baza hazırlamışıq. Həmin baza isə türkmən qazını da Avropaya daşımağı hədəfləyir".

İlk baxışdan burada qeyri-adi bir şey diqqəti çəkmir. Çünki Azərbaycan və Türkiyənin birgə layihəsi olan TANAP-ın genişlənəcəyi gözlənilən idi. Amma Türkmənistanın bu məsələdə birinci olacağı bir o qədər inandırıcı görünmürdü. Ona görə ki, Aşqabadla Bakı arasında "Kəpəz" yatağına görə narazılıq var və həmin məsələ iki dövlətin üz-üzə gəlməsini belə mümkünləşədirib. İkincisi isə Aşqabadın Moskva ilə razılaşmadan belə bir addım atacağı proqnozlaşdırılmırdı. Görünən isə odur ki, vəziyyət tamamilə dəyişib.

Qeyd edək ki, Türkmənistan Avropa Birliyi ilə TANAP məsələsində razılaşarsa, burada bütün nəzərlər Rusiyaya yönələcək. Səbəb isə Moskvanın baş verənlərə hansı reaksiyaları sərgiləycəyidir. Məlum məsələdir ki, Kreml Avropanı təbii qazla "boğur". İnhisarçı "Qazprom" şirkəti vasitəsi ilə Şərqi Avropanı əlində saxlayan Rusiyanın "mavi yanacağı"nın əsas istehsalçılarından biri Türkmənistan idi. Dünyadakı təbii qaz ehtiyatlarına görə, az qala ikinci olmağa başlayan Aşqabadın əldən çıxması isə Avropanın bir hissəsinin nəzarət altından uzaqlaşması deməkdir.

Elə buna görədir ki, əksər ekspertlər baş verənlərlə bağlı belə bir suala cavab axtırırlar: "Rusiya baş verənlərə nə deyəcək?" Onların ilkin rəyi belədir ki, Moskva Aşqabadın bu hərəkətini ona bağışlamayacaq. Və Berdımuhammədov hökumətini cəzalandırmaq üçün müəyyən addımlar atacaq. Həmin cəzalandırmanın nələrdən ibarət olacağını demək çətin olsa da, bilinən odur ki, bu əsasən tranzit və digər iqtisadi məsələlərlə bağlı olacaq. Hərçənd Rusiya siyasi və diplomatik tərəflərdən də Aşqabadı sıxışdırmaq üçün çarələr barədə düşünəcək.

Türkmənistanın üzünün dönməsinə səbəb nə olub? Aşqabadın Moskvadan üzünü Qərbə döndərməyinin səbəbini də burada axtarmaq lazımdır. Ən başlıca amil Türkmənistan faktiki olaraq Rusiyaya təbii qazı dünya bazar qiymətlərindən iki dəfə ucuz satır. Digər tərəfdən isə Kreml artıq bir dəfə Aşqabadı aldadıb. Bu da bir neçə dəfə Türkmən qazını alacağı barədə vəd verərək, sonra da bundan imtina etməsi ilə müşahidə olunub. Belə ki, Türkmənistanın istehsal etdiyi 3 milyard kub metr qazını Rusiya artıq aldığını bildirsə də, onun anbarlarda saxlanılmasını və pulunu isə bir müddət sonra verəcəyini vəd edib. Lakin təbii qazın anbarda qalması nəticəsində onun həcmi azalıb, nəticədə türkmən tərəfi bundan 500 milyon kub metrə qədər hissənin qazancını itirib. Bundan sonra tərəflər arasında münasibətlər pisləşib ki, Aşqabad da Rusiyanın acığına Çinlə 3 milyard dollarlıq qaz kəmərini inşa etdirərək, onu istifadəyə verib.

Bunun Azərbaycana nə kimi xeyri olacaq? Aydın məsələdir ki, Bakı Aşqabad qazını satan tərəf kimi çıxış edə bilməyəcək. Amma tranzit ölkə olaraq bundan bir xeyli qazanc əldə edəcək. İkincisi, Avropa ilə Azərbaycan arasında münasibətlər həddindən artıq yüksək səviyyəyə çatacaq. Ona görə ki, belə bir layihənin reallaşmasından sonra Azərbaycan mərkəz kimi qəbul ediləcək. Üçüncüsü isə bu Xəzərin hüquqi statusu ilə bağlı problemin aradan qalxmasında mühüm rol oynayacaq. Çünki bu qaz kəmərinin Xəzərin dibi ilə çəkilməsi məcburidir və nəticədə Türkmənistan da Xəzərin bölüşdürülməsi ilə bağlı mövcud təklifləri qəbul edəcək.

Fikrət Fərəməzoğlu
Bağla X