Qaya Əliyev: “Razi Nurullayevin fikirləri ilə razılaşmıram” Qaya Əliyev: “Razi Nurullayevin fikirləri ilə razılaşmıram”

KXCP-dən AXCP funksionerinə sərt cavab

Qaya Əliyev: “Razi Nurullayevin fikirləri ilə razılaşmıram”



Bir müddət öncə Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Azərbaycan Xalq Cəbhəsi Partiyasına (AXCP) birləşmə təklif edib. Partiya funksionerləri iki partiyanın birləşməsinin vacib olduğunu hesab edirlər. AXCP tərəfi isə bu təklifi soyuq qarşılayıb. AXCP sədr müavini Razi Nurullayev AzNews.az-a iki partiyanın birləşməsinin mümkün olmadığını bildirmişdi: "Bu barədə geniş danışmaq istəmirəm, inanmıram ki, bu həyata keçsin. 2004-cü ildə də bu səpkidə addımlar atılıb, amma uğursuz nəticə alınıb. Bu da ona görədir ki, AXCP ilə KXCP arasında kifayət qədər ziddiyyətli məqamlar var. Həm də hər iki tərəf çox iddialıdır. Bu partiyalarda olan insanların düşüncə tərzlərində fərqlər çoxdu. Buna görə də iki partiyanın birləşmə məsələsi gündəmə gələrsə, başağrısı olacaq. Əgər istəyirlərsə, İctimai Palataya qoşulsunlar". 

AXCP funksionerinin bu cavabı bir mənalı qarşılanmayıb. KXCP sədr müavini Qaya Əliyev AzNews.az-a Razi Nurullayevin fikirləri ilə razı olmadığını bildirib: "Razi Nurullayevin dediyi onun şəxsi mövqeyidir, məsələyə individual münasibətidir. Fikirləri ilə razılaşmasam da, Razi bəyin şəxsinə və fikirlərinə hörmətlə yanaşıram. Amma bu məsələ barədə AXCP sədrinin digər müavini Fuad Qəhrəmanlının da mövqeyi var. O Razi bəydən tamamilə fərqli olaraq bu ideyaya optimist yanaşıb".

Q. Əliyev qeyd edib ki, İctimai Palatanın qarşısında dayanan missiya cəmiyyəti 2005-2010-cu illərin apatiyasından çıxarmaq, cəmiyyətdə müəyyən oyanış yaratmaq idi və buna da nail oldu. Amma demokratik dəyişikliklərə nail olmaq, kütləvi xalq hərəkatı və xalqı bu istiqamətdə səfərbər etmək kimi məqsədlərə çox təəssüf ki, bu tipli birliklərlə nail olmaq çətin məsələdir: "Bu baxımdan Xalq Cəbhəsinin iki cinahının birləşməsi cəmiyyətdə kifayət qədər böyük rezonans yarada bilər".

KXCP funksioneri hesab edir ki, 3 partiyanın bir araya gəlməsi ideyası da özlüyündə proqressiv bir ideyadır: "Bu ideyanı irəli sürən KXCP funksionerləri prinsipcə elə AXCP-KXCP cinahlarının bir partiyada birləşməsi tərəfdarlarıdır. Sadəcə, onlar bu birləşməni AXCP, KXCP və Müsavatın vahid təşkilatda, superpartiyada və platformada birliyinin başlanğıcı hesab edirlər. Yəni,proses AXCP və KXCP-nin birləşməsi ilə başlayıb sadalanan 3 partiyanın birləşməsi ilə başa çata bilər".

İlkin
AzNews.az