Qəbələ RLS - də texniki nasazlıqlar

"Qəbələ RLS-də texniki nasazlıqlar var və Rusiya yaxın gələcəkdə stansiyada yenidənqurma işləri həyata keçirməlidir. Xüsusilə də idarəetmə sisteminin tam dəyişdirilməsinə ehtiyac var". Bu fikri AMEA-nın Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov bildirib. İnstitut direktorunun sözlərinə görə, Rusiya tərəfi Qəbələ RLS-ə külli miqdarda kapital qoyuluşunu həyata keçirməlidir ki, gələcəkdə də ondan öz məqsədləri üçün istifadə edə bilsin.

A.Qəribov Qəbələ RLS-in Azərbaycanın özü tərəfindən istismar edilməsi fikrinə də münasibət bildirib:" Hələlik Azərbaycanın hərbi qüdrəti buna imkan vermir. Digər tərəfdən ölkəmizin belə böyük strateji qurğuya ehtiyacı yoxdur. Xəzər dənizinin sahilində bizi təmin edəcək kiçik qurğular var. Rusiya üçünsə Qəbələ RLS vacibdir ki, Azərbaycan da daxil olmaqla nəzarəti təmin edə bilsin".

Məlumat üçün bildirək ki, Qəbələ RLS-lə bağlı Azərbaycan və Rusiya arasında bağlanan müqavilə 2012-ci ilin sonunda başa çatır. Azərbaycan tərəfi Rusiyanın icarəsində olan Qəbələ RLS-i üçüncü dünya ölkələrinə vermək fikrində olmadığını bildirib.

E.Əlosmanqızı
AzNews.az