Cümşüd Nuriyev: “Burada Ləzgistan məsələsini qaldırmaq istəyirlər”

"Şimali Qafqazda baş verənlər ABŞ-Rusiya münasibətlərinin gərginləşməsi ilə bağlıdır. Vladimir Putin prezident seçildikdən sonra Rusiya daha sərbəst və Qərbə qarşı daha aqressiv mövqe sərgilədi. Buna görə də Qərb Rusiyaya xəbərdarlıq etmək üçün dini təmayüllü təşkilatlardan istifadə etməyə başladı".

Bu sözləri AzNews.az-a politoloq Cümşüd Nuriyev Şimali Qafqazda baş verən hadisələrə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Şimali Qafqazda baş verən hadisələr bir neçə il bundan öncə planlaşdırılıb: "Hələ 90-cı illərin sonlarında məhz vəhhabilərin Şimali Qafqaza gəlməsi onların dini hakimiyyət qurmaq istəyi ilə bağlıydı. Məqsəd yeni bir müsəlman dövləti yaratmaq deyildi, sadəcə, burada əsasən Şimali Qafqazda yaşayanların çox hissəsi müsəlman olduğuna görə, onları Rusiyadan qoparmaq və öz tərəflərinə çəkmək idi. Həmin vaxt bu, baş tutmadı. Medvedyevin hakimiyyəti dövründə Qərblə münasibətlər çox da gərgin deyildi. Amma Putinin qayıdışı Qərblə münasibətləri yenidən gərginləşdirdi. Ona görə də terror aktlarını törətdilər. Onlar Rusiyaya qarşı daha çox xaosun idarə olunması metodundan istifadə etdilər. Bu terror aktlarını Rusiyaya təzyiq kimi qiymətləndirdilər. Amma bu, inandırıcı deyil. Qərb Rusiyada xaos yarada bilmir. Terror aktlarının davamlı olacağı mümkünsüzdür. Rusiya ölkədaxili qarşıdurmaların yaranmasına imkan verməyəcək".

Politoloq qeyd edib ki, belə terror aktları Əfqanıstanda da, İraqda da eyni proqram üzrə aparılır: "Amerika bütün bunları İslamı gözdən salmaq üçün edir. Müsəlmanlar bir-birlərini niyə qırmalıdırlar, axı?! Bunun ümumiyyətlə, izahı yoxdur. İslamı dünyası hələ ki, bunu anlamır. Çünki Şərqdə hakimiyyətdə olanların əksəriyyəti diktatordur".

C.Nuriyev Şimalda baş verən hadisələrin Azərbaycana təsir edəcəyini istisna etmir: "Burada Azərbaycanın şimalı üçün ciddi problemlər yarana bilər. Azərbaycanın şimalındakı əhalinin çox hissəsi sünni təriqətinə qulluq edir. Rusiyanın Azərbaycanla qonşuluğundakı ərazilərində də həmin təriqətin nümayəndələri yaşayırlar. Burada Ləzgistan məsələsini qaldıra bilərlər. Amma Azərbaycan dövləti miqyasında nə isə edə biləcəklərinə inanmıram. Çünki onların burada elə də iqtisadi və hərbi gücü yoxdur".

İlkin
AzNews.az