Onların bir neçə saatdan sonra bakıda olacağı bildirilir Onların bir neçə saatdan sonra bakıda olacağı bildirilir

Şairlərimiz Azərbaycana qayıdır

Onların bir neçə saatdan sonra bakıda olacağı bildirilir


Həbsdən azad olunan Şəhriyar Hacızadə və Fərid Hüseyn günün ikinci yarısı Azərbaycanda olacaqlar. Günorta şairlər Təbrizdən evlərinə yola salınacaqlar. Bu barədə Şəhriyarın atası Mail Hacızadə məlumat verib: "Bir az əvvəl Şəhriyar mənə zəng edib dedi ki, yol sənədlərinin təsdiqlənməsi üçün hazırda Təbriz polis idarəsindədirlər. Bir azdan sənədləşmə işləri yekunlaşır və onlar Təbrizdən çıxacaqlar. Təxminən saat 17 radələrində biz onları Biləsuvarda qarşılayacağıq".

Mail Hacızadənin dediyinə görə, arxayınçılıq üçün şairlər Azərbaycan sərhədinədək konsulluğun maşınında gətiriləcək və orada valideynlərinə təhvil veriləcəklər: "Konsulluqdan bildirdilər ki, uşaqlar Bakıya getməzdən əvvəl 2-3 gün öz evlərində qala biləcəklər".

Poeziya festivalında iştirak etmək üçün aprelin 29-da İrana getmiş Fərid Hüseyn və Şəhriyar Hacızadə mayın 2-də, Bakıya qayıtmalı olduqları gün həbs edilmişdilər. Şairlərin konkret hansı maddələrlə ittiham olunduqları barədə məlumat verilmirdi. Nəhayət avqustda onların məhkəməsi olmuş və hökmün oxunması sentyabrın 7-nə saxlanmışdı. Onlar sentyabrın 4-də həbsdən azad edilərək Azərbaycanın Təbrizdəki baş konsulluğuna təhvil veriliblər.

AzNews.az