10:29
(077) 610-22-33

TQDK sədri valideynlərə müraciət etdi

  • >
429 7 Sentyabr 2012 10:43 | Siyasət

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə hazırda orta məktəblərdə təhsil alan gələcək abituriyentlərə müraciət edib. Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, dövlət sifarişli ixtisaslar üzrə təhsil almaq istəyən şəxslər Azərbaycan iqtisadiyyatı üçün lazım olan ixtisasları seçməlidirlər.

"Amma gənclər bəzi ixtisaslar üzrə, bəzi sahələr üzrə dövlət sifarişli yerlərdə təhsil almağa maraq göstərmirlər. Həmin sahələr isə daha çox kənd təsərrüfatı, aqrokimya, zootexniklik, baytarlıq, aqromühəndislik və digərləridir. Növbəti tədris illəri üçün dövlət sifarişli yerlərin sayı bir qədər də artırılıb. Dövlət sifarişli yerlərin sayını artırmaqla, gənclərin dövlət hesabına təhsil alması imkanları genişləndirilir. Məsələn dövlət sifarişli yerlərin siyahısında torpaqşünaslıq və aqrokimyaya 31 yer ayrılıb, amma 24 nəfər qəbul olub. Aqronomluğa 24 yer ayrılsa da, cəmi 4 nəfər, zootexnik ixtisasına 23 yer ayrılsa da, cəmi 2 nəfər qəbul olunub", - o deyib.

Abbaszadə bildirib ki, gənclər Azərbaycan üçün gərəkli ixtisaslar üzrə təhsil ala biləcəkləri təqdirdə özlərinə iş də tapa biləcəklər. Amma həmin ixtisaslar üzrə azərbaycanlı tələbə təhsil almasa, onda bu sahələr üzrə işləmək üçün ölkəyə xaricdən mütəxəssis dəvət ediləcək.

TQDK sədri qeyd edib ki, şəhərdə təhsil alan şagirdlər də gələcəkdə kənd təsərrüfatı sahəsi üzrə ali təhsil ala və işləyə bilərlər. "Çox zaman şəhərdə yaşayan insanlar kənd təsərrüfatı və aqrosektoru seçmək istəmirlər. Amma onlar mütəxəssis olsalar, şəhər yerində də aqrosektor üzrə iş tapa bilərlər", - Abbaszadə deyib. O əlavə edib ki, hazırda müəyyən ixtisaslar üzrə təhsil alanlar təhsillərini bitirdikdən sonra işsiz qala bilərlər. Buna görə də valideynlər övladlarının ixtisas seçiminə çox diqqətlə yanaşmalıdırlar.

AzNews.az
Bağla X