Azadlıq Partiyasının sədri Əhməd Orucun AzNews.az-a müsahibəsi: Azadlıq Partiyasının sədri Əhməd Orucun AzNews.az-a müsahibəsi:

Əhməd Oruc: “İctimai Palata ictimai rəyi aldatmaqla məşğuldur”

Azadlıq Partiyasının sədri Əhməd Orucun AzNews.az-a müsahibəsi:




-Müxalifət düşərgəsindəki vəziyyəti necə qiymətləndirirsiz?


- Biz - müxalifətdə olan demokratik qüvvələr birlik axtarışlarındayıq. Çalışırıq ki, pərakəndəlik ortadan götürülsün. Ölkədə dəyişikliyə nail olmağa səy göstəririk. Müxalifətin ümumi vəziyyətini şərtləndirən bu məsələlərdir.

- Yeni yaranan Demokratik Qüvvələrin Məşvərət Məclisində ümumi vəziyyət sizi qane edir?


- Məşvərət Məclisi yeni yaradılmış bir qurumdur. Əsasnamənin qəbulundan sonra ilk yığıncağını keçirməyib. Bu, iki gündən sonraya planlaşdırılıb. Bütün müxalifətin bir araya gəlməsi istiqamətində bir sıra addımlar atılıb. Bu istiqamətdə 12 partiya bir araya gəlib. Biz digər partiyaların da bu birliyə qatılmasına çalışırıq. Həmçinin, Müsavat və AXCP-nin quruma qoşulmasına çağırırıq. Fəaliyyət istiqamətlərinə gəldikdə isə məqsədimiz seçki qanununun dəyişdirilməsi və demokratik seçki mühitinin yaradılmasıdır. Ümid edirəm ki, bu qurum daha da güclənəcək.

- İctimai Palata daxilindəki partiyalar deyir ki, Məşvərət Məclisi bizim maraqlarımıza cavab vermir.


- Əslində, onlar heç nəyi gizlətmir. Bilirsiz ki, AXCP və Müsavat qərb ölkələri ilə işləyirlər. Qərb ölkələrinin səfirləri heç bir partiya ilə əlaqə saxlamasa da, bu iki partiya ilə müştərək çalışır. İctimai Palata dəstəyini qərbdən alır. Bu da Müsavatı və AXCP-ni qane edir. Yəni onları demokratik seçki mühitinin yaranması, müxalifət partiyaları ilə əməkdaşlıq deyil, konkret olaraq, gündəlik problemlər düşündürür.

- Sabir Rüstəmxanlı da DQMM-i qeyri-səmimi adlandırıb...


- Sabir bəy və digər partiyalar əvvəlcə öz səlahiyyətli nümayəndələrini göndərirlər. Sonradan bəlli olur ki, onların heç bir səlahiyyəti yox imiş. Birincisi, siyasətdə səmimiyyət olmur. İkincisi, bu birlik nə vaxt fəaliyyət göstərdi ki, bunun səmimi və ya qeyri-səmimi olduğu ortaya çıxsın.

- İctimai Palatanı ən çox tənqid edən siyasətçilərdənsiz. Bu nə ilə bağlıdır?


- Bəli, həmişə tənqid edirəm. Mənim prinsipial fikrim ondan ibarətdir ki, ictimai rəy təqdim olumalıdır. Hesab edirəm ki, milli demokratik düşərgənin buna gücü çatır. Ayrı-ayrı liderlərin, partiya sədrlərinin şəxsi məqsədləri buna əngəl törədir. Onlar nəfəs alanda da bilirəm ki, bu yalandır yoxsa gerçək. İctimai Palatanın yaradılmasında biz də iştirak edirdik. Yadınızdadırsa, 2010-cu il parlament seçkilərindən narazı şəxslərin yaratdığı qurum idi. Məqsədimizi də yenidən demokratik seçki keçirilməsinə nail olmaq idi. Burada əvvəlcə siyasi partiyalara üstünlük verildi. Sonradan gördük ki, həmin məsələ ortadan götürüldü. Daha sonra bunlar oldular islamçı. Guya, "Ərəb Baharı"nı Azərbaycana da gətirmək istəyirdilər. Sonra qərb ölkələri ilə əlaqələr yaratdılar. Qrant layihələrini reallaşdırmağa çalışdılar. Bu məqsədlə quruma qeyri-hökumət təşkilatlarını cəlb etməyə başladılar. İndi də "yol xəritəsi" çəkiblər. Guya Azərbaycanda hakimiyyət və İctimai Palatadan başqa heç kim yoxdu. Bütün bunların hamısını görürük. Ümumiyyətlə, İP ictimai rəyi aldatmaqla, cəmiyyətin müxalifətdən olan gözləntilərinə zərbə vurmaqla məşğuldur. Burada iyrənc səhnə yaranıb. Mən də bunu qəbul etmirəm.

- Sizcə seçkilərə qədər İctimai Palatada iki partiyanın müttəfiqliyi davam edəcək?


- AXC hakimiyyəti dövründə Əli Kərimli dövlət katibi, İsa Qəmbər Ali Sovetin sədri, Pənah Hüseyn də baş nazir olub. Yəni dövlətin yönəldən əsas komandanın adamları idi. Hamıya aydındır ki, bu şəxslər dövləti idarə edə bilmədilər. Məsələni "kötüyə kullandılar". Milli hökumətin dövlətçilik ideyasına dəhşətli zərbə vurdular. İndi bunların ya bir yerdə, ya da ayrı-ayrı getmələri diqqət çəkməyəcək. Bu məsələni də şouya çevirirlər. Guya bir-birlərini qəbul etmirlər. Bu dairələr ciddi siyasi şəxslərin yaranmasında maraqlı deyillər. Demokratik proseslərin sürətlənməsinə əngəl törədirlər.

- Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyevin seçkiöncəsi fəaliyyətini necə qiymətləndirirsiz?


- Hər bir partiya sədrinin seçkilərdə iştirak etmək hüququ var. Həmçinin, Rəsul Quliyevin. Bir siyasətçinin başqa siyasətçi haqqında danışmasını düzgün saymıram.

- Azadlıq Partiyası olaraq, siz özünüz seçkilərə necə hazırlaşırsız?


- Əsas diqqətimizi seçki mühitinin demokratikləşməsinə yönəltmişik. Komanda şəklində fəaliyyət göstərməyə cəhd edirik. Seçkilərə kifayət qədər müddət var. Bizim Məşvərət Məclisindəki fəaliyyətimiz uğurlu alınarsa, seçki blokundan və daha irəli gedən məsələlər barədə düşünəcəyik. Mənə elə gəlir ki, DQMM-in potensialından düzgün istifadə edilsə, uğura nail ola biləcəyik. Seçkilərdə uğursuz şəxslərin namizədliyi önə çəkiləcəksə, uğur olmayacaq. Cəmiyyətdə o qədər siyasi oyunlar, yalançı müxalifətçilik ediblər ki, artıq, insanlarda inam qalmayıb. Aksiyalara da cəmiyyət biganə qalır.
Namizəd axtararkən də intellektual, pozitiv imici olan şəxslərə üstünlük verilməlidir.

İlkin
AzNews.az