11:27
(077) 610-22-33

Gəncədə Türk baş konsulluğunun yeni binası istifadəyə verildi

  • >
887 9 Sentyabr 2012 22:21 | Siyasət

Türkiyə Respublikasının Gəncədəki baş konsulluğunun yeni binası istifadəyə verilib. AzərTAc xəbər verir ki, sentyabrın 9-da bu münasibətlə təşkil olunmuş mərasimi Türkiyə Respublikasının Gəncədəki baş konsulu Haluk Ağca açıq élan etdikdən sonra hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək ölkəmizin ikinci mədəniyyət mərkəzi olan Gəncədə baş konsulluğun fəaliyyətə başlamasını əsrlər boyu tarixi kökə söykənən Azərbaycan və Türkiyə xalqları arasındakı birliyin möhkəmləndirilməsində növbəti addım olduğunu vurğulamışdır. O, Türkiyənin bu yeni konsulluğunun hər iki dövlət arasında əlaqələrin daha da genişləndirilməsinə xidmət edəcəyini bildirmişdir. Böyük Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" sözlərini diqqətə çatdıran Elmar Vəliyev çıxışını dünya şöhrətli siyasətçi, görkəmli dövlət xadimi Heydər Əliyevin "Biz bir millət, iki dövlətik" müdrik kəlamı ilə bitirmişdir.

Açılış mərasimində çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç demişdir: "Bu gün Azərbaycanın bütün bölgələri kimi, Gəncə də çiçəklənmə dövrünü yaşayır. Bu, bizi bir qardaş ölkə olaraq çox sevindirir". Azərbaycan ilə Türkiyə arasında əlaqələrin möhkəm təməl üzərində qurulduğunu bildirən türkiyəli diplomat onu da əlavə etmişdir ki, bu əlaqələr dostluq və qardaşlıq prinsipləri üzərində qurulmuşdur. Türkiyə ilə Azərbaycan bir candır. Azərbaycanın ayağına dəyən daş Türkiyənin ürəyinə dəyən daşdır. Ona görə də ki, Türkiyə hər zaman Azərbaycanın yanındadır. Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyə bundan sonra da qardaş ölkənin mövqeyini müdafiə edəcəkdir.

Hulusi Kılıç bildirmişdir ki, bu gün Gəncədə tarixi bir gün yaşanır. Türkiyə-Azərbaycan əlaqələrinin genişləndirilməsində bölgələrin də iştirakı çox önəmlidir. Türkiyənin Gəncədəki baş konsulluğunun fəaliyyəti respublikanın qərb bölgəsinin 22 şəhər və rayonunda yeni iqtisadi və mədəni əlaqələrin qurulmasında mühüm rol oynayacaqdır.

Sonra Türkiyə və Azərbaycan parlamentləri deputatlarının və iş adamlarının iştirakı ilə baş konsulluğun yeni binasının açılışını bildirən rəmzi lent kəsilmiş, iştirakçılar konsulluğun binasında işçilər üçün yaradılan şəraitlə tanış olmuşlar.

Açılış mərasimindən sonra "RAMADA Plaza" otelində baş konsulluğun yeni binasının açılışı münasibətilə ziyafət təşkil edilmişdir. Ziyafət zamanı Türkiyə-Azərbaycan əlaqələrinin genişlənməsindən bəhs edən videoçarx nümayiş etdirilmişdir.

AzNews.az
Bağla X