«Cinayətkar Qarabağ klanı Ermənistanda yalançı demokratik idarəetmə görüntüsü yaradır, əslində isə bu, heç də belə deyil” «Cinayətkar Qarabağ klanı Ermənistanda yalançı demokratik idarəetmə görüntüsü yaradır, əslində isə bu, heç də belə deyil”

Eldar Quliyev: “Azərbaycan üçün yaxşı bir şey gözləməyə dəyməz”

«Cinayətkar Qarabağ klanı Ermənistanda yalançı demokratik idarəetmə görüntüsü yaradır, əslində isə bu, heç də belə deyil”



1994-2001-ci illərdə BMT-dəki daimi təmsilçimiz Eldar Quliyevin AzNews.az-a eksklüziv müsahibəsi:

- Ekspertlərin əksəriyyəti Rusiyada mart ayında baş tutan prezident seçkilərindən sonra, bu ölkənin Qarabağ danışıqlarında vasitəçilik missiyasını aktivləşdirəcəyini proqnozlaşdırırdı. Ancaq yarım ilə yaxın vaxt ötməsinə baxmayaraq, Rusiya özünü bu istiqamətdə çox passiv aparır. Sizcə bu nə ilə əlaqədardır?

- Bəli. Biz indi Rusiya xarici siyasətinə nəzər yetirsək, görərik ki, siz dediyiniz istiqamətdə aktivlik nümayiş olunmur. Mənə elə gəlir ki, Rusiya gözləmə mövqeyindədir. Yalnız ABŞ-da prezident seçkilərinin yekunlaşmasından sonra fəaliyyətə keçəcək.

Prinsipcə, ümumi götürdükdə Rusiyanın xarici siyasətində xüsusi aktivlik müşahidə olunmur. Bununla belə, fikirləşirəm ki, biz Dimitri Medvedyev tərəfindən aktiv şəkildə aparılan vasitəçilik xəttinin indiki prezident tərəfindən də oktyabr-noyabr aylarında davam etdiriləcəyini görəcəyik

- Belə başa düşürəm ki, Rusiyanın vasitəçilik missiyasına xüsusi ümid bəsləməyə dəyməz.

- Xeyr. Yaxın müddətdə hər şey əvvəlki illərdə olduğu vəziyyətinə qayıdacaq və danışıqlarda canlanma yaşanacaq.

- Siz necə hesab edirsiniz, Bakı ilə Moskva Qəbələ RLS-in icarəsi ilə bağlı razılığa gələ biləcəklərmi?

- Mən demək olar əminəm ki, tərəflər razılığa gələcəklər. Rusiya Qəbələdə qalacaq.

- Təxmini bir ildən sonra Ermənistanda prezident seçkiləri keçiriləcək. Ekspertlər isə hesab edirlər ki, seçki kampaniyası artıq indidən başlayıb. Sizin Ermənistanda prezident seçkisinin nəticəsindən gözləntiləriniz nədir?

- Mən əminəm ki, Ermənistanda hakimiyyətdə eyni güclər qalacaq. Cinayətkar Qarabağ klanı demokratik idarəetmə görüntüsü yaradır, əslində isə, bu, heç də belə deyil. Bu dəfəki seçkilər də əvvəlkilərin ssenarisi ilə keçiriləcək.

- Necə hesab edirsiniz, Bəşər Əsəd hakimiyyəti əlində saxlaya biləcəkmi?

- Amerika kifayət qədər iş görür ki, Əsəd hakimiyyət başında qalmasın və inanmıram ki, Əsəd getməmiş onlar Suriyanı sakit buraxalar. Fikirləşirəm ki, amerikanlar sonuna qədər gedəcəklər.

- Siz də Suriyadan sonra İrana keçmək ehtimalini irəli sürürsünüz?

- Suriya İrana keçid mərhələsidir. Suriya ilə məsələni yoluna qoyduqdan sonra növbəti hədəf İran olacaq. Qərb çalışacaq ki, İran üçün yeni variant işləsin. İrana qarşı sadəcə aviazərbələr nəticə verməyəcək. Əminəm ki, Qərb indidə fikirləşir ki, İrana qarşı hansı üsuldan istifadə etsin. Amma Tehranın Suriyadan sonrakı mərhələ olduğu yüzdə-yüz dəqiqdir.

- İrana aviazərbələr endirilərsə, bu, Azərbaycan və Rusiya üçün hansı nəticələrə səbəb olacaq?

- Azərbaycan üçün daha ciddi problemlər yaranacaq. Biz istəsək də, istəməsək də, bizim ölkəmiz ərazimizdən bu və ya digər məqsədlər üçün istifadə etmək istəyən güclər arasında qalacaq. Azərbaycan İran əleyhdarları üçün lazım olacaq. Təbii ki, Bakı ilə Moskva arasında da əlaqələr var. Bu əlaqələrin çox şaxəliliyini nəzərə alsaq, İrana hücum edilərsə Azərbaycan üçün yaxşı bir şey gözləməyə dəyməz...

Həmid Həmidov
AzNews.az