01:03
(077) 610-22-33

Mütəllim Rəhimli: “Müxalifətdə pərakəndəlik mövcuddur”

  • >
500 10 Sentyabr 2012 20:22 | Siyasət

"Yaşıllar Partiyası və Vətəndaş və İnkişaf Partiyasının rəhbərliyi arasında birlik yaratmaq üçün müəyyən danışıqlar getdi. Biz bu partiyalarla daha irəliyə gedən əməkdaşlıq qurmaq mümkündür. Aparılan müzakirələrdə bu istiqamətdə də danışıqlar gedir".

Bu sözləri AzNews.az-a Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli 3 partiyanın-Ədalət, Vətəndaş və İnkişaf və Yaşıllar partiyasının bir araya gəlməsindən danışarkən deyib. O bildirib ki, Yaşıllar partiyası, Vətəndaş və İnkişaf partiyası ilə daha irəliyə gedən əməkdaşlıq yaratmaq mümkündür: "Biz xeyli müddətdir ki, "İslahat" bloku ilə əməkdaşlıq edirik. Biz 2010-cu ildə blok çərçivəsində parlament seçkilərində işrirak etdik. Sonradan qərara alındı ki, bu blokun fəaliyyəti parlamentdə də davam etdirilsin. İndi Ədalət partiyası parlamentdə təmsil olunan müxalifət partiyalarından Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) və Böyük Qurtuluş Partiyası (BQP) istisna olmaqla, digər partiyalarla əməkdaşlığını davam etdirir. Məsələ burasındadır ki, parlamentdən kənarda bizim partiyanın hansısa qurumla əməkdaşlığı mövcud deyil. Bu baxımdan Yaşıllar Partiyası və Vətəndaş və İnkişaf Partiyasının rəhbərliyi arasında müəyyən danışıqlar getdi. Hesab edirik ki, biz bu partiyalarla daha irəliyə gedən işlər görə bilərik".

Partiya funksioneri əlavə edib ki, Azərbaycanda bloklaşma və birləşmə adı altında bir araya gələn qurumların sonradan dağılması cəmiyyətdə müəyyən gərginliklər yaradır: "Bu baxımdan daha güclü qurum yaratmağa qərar verdik. Təkcə parlament, prezident, bələdiyyə seçkilərinə hesablanmış birlik deyil, fundamental əsaslara söykənən qurum yaratmağa çalışırıq".

M.Rəhimli Azərbaycan müxalifətində pərakəndəliyin mövcud olduğunu da vurğulayıb: "Bəzi partiyalar var ki, yalnız özünü müxalif hesab edir, digərlərini yox. İnhisarçılıq müxalifət düşərgəsində də var. Azərbaycanda bir çox partiyalar ideoloji partiyalar əsasında deyil, liderlər, regionçuluq ətrafında toplaşıblar. Bəzi birliklər haqqında da bunu demək olar. Bizim istəyimiz odur ki, müxalif partiyalar bir cəbhə ətrafında birləşsinlər. Bu mümkün deyilsə, həmin partiyaların ayrı-ayrı qurumlarda birləşmələrini də təqdir etmək olar".

Qeyd edək ki, Ədalət Partiyası, Vətəndaş və İnkişaf Partiyası və Yaşıllar Partiyasının daxil olacağı yeni birlik yaxın vaxtlarda yaranacaq.

İlkin
AzNews.az
Bağla X