BAMF: “Ermənistana ciddi sanksiyalar tətbiq edilməlidir”

Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) cəbhədə gərginliyin artmasından narahatdır və bununla bağlı bəyanat verib.
Bunu AzNews.az-a BAMF-ın sədri Umud Rəhimoğlu bildirib.

Onun sözlərinə görə, bəyanat BAMF-ın üzvü olduğu və sıx əməkdaşlıq etdiyi aidiyyati beynəlxalq təşkilatlara göndəriləcək.
Bəyanatda bildirilib ki, Fond dünya ictimaiyyətini və beynəlxalq təşkilatları Ermənistanın artan bu kimi hərəkətlərinə qiymət verməyə çağırır: "Fond bəyan edir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri, ATƏT-in Minsk qrupuna üzv olan ölkələr, eləcə də vasitəçilik missiyasını daşıyan ölkələr bu məsələ ilə bağlı kəskin münasibətini bildirməlidirlər. Bu gərgin vəziyyət, cəbhə bölgəsində səngərdə dayanmış əsgərlər arasında deyil, dinc insanların da həlak olmasına səbəb olur. Bu isə atəşkəs dövründə riayət olunan bütün beynəlxalq prinsip və qaydaların pozulması, beynəlxalq sülh quruculuğu prosesinə ciddi təhlükə deməkdir. Məhz bu səbəbdən beynəlxalq ictimaiyyət yaranmış vəziyyətə tezliklə reaksiya verməli, Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli istiqamətində aparılan danışıqların, görüşlərin intensivləşdiyi bir vaxta Ermənistan silahlı qüvvələrinin belə bir addım atması dünya ictimaiyyəti tərəfindən birmənalı şəkildə pislənilməlidir".

Bəyanatda işğal nəticəsində 100 minlərlə azərbaycanlının yurdundan didərgin düşdüyü də qeyd edilib: "Dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq qurumlar, nəhayət, həqiqəti anlamalı və Cənubi Qafqazda demokratiyanın, insan haqlarının qorunmasında ən böyük maneə olan Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli üçün Ermənistana və separatçı rejimə qarşı sanksiyalar tətbiq etmək üçün konkret addımlar atmalıdır. Azərbaycan torpaqlarının işğal olunması ilə bağlı BMT-nin 4 qətnaməsi var, təəssüf ki, Ermənistanın və separatçı rejimin bu qətnamələrə məhəl qoymamaları elə bu beynəlxalq nüfuzlu qurumun və dünya ictimaiyyətinin biganə qalması işğalçı dövlətin belə hərəkət etməsinə rəvac verir. Məhz bu səbəbdən danışıqlarda qeyri-konstruktiv mövqe nümayiş etdirən Ermənistanın BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əməl etməməsi və sülh prosesinə xələl gətirən bu cür təxribatçı addımlar atması bu ölkəyə qarşı beynəlxalq ictimaiyyət tərəfindən ciddi sanksiyaların tətbiq edilməsi üçün əsas verir".

AzNews.az