Sarkisyan təxribatlarla ölkədaxili problemlərin həllinə çalışır- VİDEO

Son günlər Ermənistanın Dağlıq Qarabağda, qoşunların təmas xəttində yaratdığı gərginliyi səbəbləri bəlli olur.

ANS TV-nin məlumatına görə, ekspertlər və politoloqlar bu fikirdədirlər ki, Ermənistan iqtisadi tənəzzül dövrünü yaşayır. Bir tərəfdən sosial gərginlik, digər bir tərəfdən iqtisadi çətinliklər öz işini görür. Avqustun birindən Ermənistanda elektrik enerjisinə görə tariflər qalxıb, bu da istehlak mallarının qiymətinə təsir edəcək, oxşar problemlər səbəbindən ölkədaxili sosial narazılıqlar artır. Əgər ötən il 40 min idisə, bu ilin 6 ayında 110 min vətəndaşı Ermənistanı tərk edib.

Politoloqlar hesab edir ki, hazırkı durumda rəsmi İrəvan sosial partlayışın qarşısını almaq üçün təmas xəttində təxribata əl atır. Bununla da müxalifəti və narazı xalqı sakitləşdirməyə çalışır.

Politoloq Tofiq Abbasovun sözlərinə görə, Serj Sarkisyanın komandası müharibə və ya müharibə bölgəsində gərginlik artırmaq yolu ilə özünün problemlərini həll etmək istəyir: "Ancaq bu təbii ki, zəif bir tərəf müqabili ilə baş tuta bilərdi. Azərbaycan həmin, onların xülyaya daldığı tərəf deyil. Azərbaycanın hər bir təxribata artıqlaması ilə cavab verə bilir, eyni zamanda da düşməni yerində oturda bilir".

Ermənistan danışıqları uzatmaq taktikası seçməklə, prosesi hələ bir neçə - 10 illər uzada bilər. Avqustun 8-i və ya 9-u Soçidə Qarabağ danışıqlarını yenidən bərpa etmək üçün Ermənistan canfəşanlıq göstərsə də, hələlik rəsmi Bakı tərəddüd eliyir. Çünki 20 ildən artıqdır danışıqlar bir nəticə vermir".

Novruz Məmmədov deyir ki, Azərbaycan Prezidenti belə hesab edir ki, danışıqlara o zaman getmək lazımdır ki, o danışıqalarda konkret bir məqsəd olsun, konkret nəticə əldə etmək üçün imkan olsun, bu olmadığı üçün danışıqlar baş tutmayıb: "Təşəbbüslər və təkliflər var idi. Görürsünüzmü, hansı addımlar atırlar ki, görüş baş tutmasın. Münaqişənin həllində dünya birliyinin ikili yanaşması yenə özünü göstərir. Məsələn, Ukrayna hadisələrinə ABŞ və Avropa Birliyi dərhal reaksiya verir. Rusiyaya qarşı yetərincə ciddi iqtisadi sanksiyalar tətbiq edilir, lakin Ermənistan ordusu Azərbaycan ərazilərinə soxulduğu halda heç sanksiya tətbiq edimir. BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilmir. Danışıqların davam edilməsi üçün bizə və İrəvana edilən çağırışlar sadəcə müvəqqəti tədbirlərdir. İri dövlətlər son günlər bölgədə baş verən mini müharibənin alovlanmasından ehtiyat edir. Yox əgər Ermənistan genişmiqyaslı müharibə istəyirsə, istədiyini alacaq".


AzNews.az