Əli Kərimlinin müşaviri istefa verdi

AXCP sədrinin müşaviri Rəsul Mirhəşimli partiyadan istefa verib.
AzNews.az-ın məlumatına görə, bu barədə açıqlamanı "Facebook" səhifəsində R. Mirhəşimli yazıb.



O, partiyadan çıxmasının səbəbləri haqda müfəssəl məlumat verməsə də fikirlərini belə açıqlayıb:

"Bunu yazmaq istəmərdim. Uzun tərəddüddən sonra yazmaq qərarına gəldim. AXCP sıralarından çıxandan bir neçə gün sonra küçədə partiya rəhbərliyində olan biri ilə qarşılaşdım. Üzünü çevirib, salam vermədən keçdi yanımdan. Adam, mən partiyadan çıxdım, sən insanlıqdan çıxmısan! Həm də AXCP-ni tərk etməyim sakitcə, heç bir mətbuat orqanına açıqlama vermədən, xüsusi bəyanatla çıxış etmədən olub. Sənin kimlərin və hansı qurumun qarşısında öhdəliyinin olduğunu mən bilirimsə, bunu bilən başqaları da var. Özünü yüksəkdə sayıb, bu qədər urvatsız olma! Bu təşkilatda fəlakət o zaman başladı ki, 4-5 nəfər istisna olmağa, rəhbərliyə qaragüruhçular, "bizimlə olmayan bizə düşməndi" düşüncəsini həyat tərzinə çevirənlər, başqaları qarşısında öhdəliklər götürənlər yığışdı. Bu da təşkilatı Azərbaycan siyasi tarixinin keçmişinə çevirdi, gələcəyinə deyil...
Bu təşkilatda olduğum 25 ilin heç bir gününə peşman deyiləm, təşkilatın sıralarını tərk etdiyimə də..."

R. Mirhəşimli "bizimyol.info"ya isə bildirib ki, bu qərarını iyulun əvvəllərində verib və partiyadan çıxması ilə bağlı mövqeyini AXCP rəhbərliyinə də çatdırıb.

Qeyd edək ki, R.Mirhəşimli 1989-cu ildən bu təşkilatın üzvü olub. AXCP sədr aparatının və Ali Məclisinin üzvü kimi fəaliyyət göstərib. 2000-ci ildə keçirilən parlament seçkilərində partiyadan deputatlığa namizədliyi irəli sürülüb.

Məhəmməd
AzNews.az