Qarabağın taleyi sentyabrın 5-də həll olunacaq

"Rusiya Qarabağ münaqişəsini saxlamaqla Cənubi Qafqazda daha çox qalmaqala öz təsir gücünü göstərir".

Bu sözləri Axar.az-a NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov söyləyib. O, Rusiyanın Azərbaycandakı bəzi güclər vasitəsilə ölkədə çaşqınlıq törətməyə çalışacağını bildirib:

"Soçi görüşünün hər hansı nəticə verməyəcəyi öncədən bəlli idi. Bu görüş Rusiyanın öz maraqları üçün hesablanmış addım idi. Rusiya bu günə qədər hər hansı bir münaqişənin həllində heç zaman rol oynamayıb və oynaya da bilməz. Çünki Rusiyanın siyasi xəttində sadəcə işğalçılıq mövcuddur. Rusiya Qarabağ münaqişəsini qoruyub-saxlamaqla Cənubi Qafqazda daha çox qalmaqala öz təsir gücünü göstərir. Lakin artıq Qarabağ məsələsi həll olunmalıdır. Bunu beynəlxalq birlik artıq düşünür. NATO-nun sentyabrın 4-5-də keçiriləcək Uels sammitində bağlı qapılar arxasında Cənubi Qafqazla bağlı müzakirələr gedəcək. Bu müzakirələrə Gürcüstanın NATO yolu və Qarabağ məsələsinin həll olunması, NATO-nun genişlənməsi, 2014-cu ilin sonunda Əfqanıstandan çıxan orduya Azərbaycandan tranzit kimi istifadə olunması və s. daxil ediləcək. Rusiya bu proseslərin olacağını yaxşı bilir. Ona görə də Azərbaycan daxilindəki bəzi güclər vasitəsi ilə, həmçinin, Ermənistanın əli ilə bir sıra prosesləri sürətləndirəcəyini görə biləcəyik. Bu proseslər cəbhədə yenidən hərəkətlənmələrə gətirib çıxara bilər".

F.Məmmədov Uels sammitindən sonra Qərbin Azərbaycana qarşı münasibətinin ciddiləşəcəyini deyib:

"Ölkə parlamentində NATO qoşunlarının ölkəmizdən tranzit kimi istifadə etməməsi ilə bağlı müzakirələrin keçirilməsi və s. ola bilər. Rusiya beynəlxalq birliyin yanında olmayan, ciddi tərəfdaşları olmayan bir ölkədir. Artıq ona görə də kiçik ölkələrə təsir etməklə öz gücünü qorumaq kimi bir gövdə göstərisi nümayiş etdirir. Amerika və Avropa bunu yaxşı anlayır və bunun nəticələrinin ağır olacağını bilir. Amerikanın Azərbaycanla bağlı siyasəti heç zaman dəyişməyəcək. Amerika üçün öncül məsələ demokratiya və insan haqları məsələsidir. Düşünürəm ki, Uels Sammitindən sonra bu məsələdə də Qərb ciddiləşəcək və yeni bir siyasi xətt formasını görəcəyik. Azərbaycan dövləti üçün bu və ya digər formada basqılar da gözlənilir.

Qafqazda müharibə gözlənilmir, sadəcə, müəyyən hərəkətlilik olacaq. Lakin bu prosesin də tezliklə həllini görəcəyik!"