12:11
(077) 610-22-33

Soçidə ABŞ-a açılan “ikinci cəbhə”: Putin Qarabağı “SSRİ-yə qaytarır” - TƏHLİL

  • >
1 260 14 Avqust 2014 09:33 | Siyasət

Vladimir Putin Soçidə Qarabağ münaqişəsini “SSRİ-dən qalan miras” problem adlandırdı.

Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Soçi görüşünün ən diqqət çəkən detalı budur. Putin ilk dəfə olaraq Dağlıq Qarabağ məsələsini beynəlxaq müstəvidən çıxarmağa cəhd göstərdi və bunu postsovet məkanının problemi hesab etdiyini vurğuladı.

Mesaj kifayət qədər ciddidir: 1992-ci ildən beynləxalq vasitəçilərin müzakirə stoluna çıxarılmış "Qarabağ problemi" 20 ildən artıqdır ki, ATƏT-dən həlli gözlənilən bir münqaişəyə dönüb. Bu illər ərzində saysız-hesabsız danışıqlar, Minsk Qrupunun vasitəçilərinin səfərləri, həmsədr ölkə prezidentlərinin birgə bəyanatları səslənib. Nəticə isə yoxdur...

Bu illərdə ictimai rəydə öz etimadını itirmiş ATƏT-in konfliktin həlli üçün göstərdiyi bütün çabaları sabun köpüyündən başqa bir şey olmadı. Moskva da öz növbəsində illərlə Azərbaycan torpaqlarının işğalına göz yumaraq, Avropa və Qərbin tarazlı mövqeyinə şərik çıxıb və ABŞ-la birlikdə regionda razılaşdırdığı sabitliyin "keşiyində" durub.

Kremlin Vaşinqtonla münasibətləri indi çox pisləşib. Ukrayna hadisləri faktik olaraq 1945-ci ildə Avropanın sərhədlərini formalaşdıran Yalta konfransının qərarlarını dağıdaraq, tamamilə yeni bir müstəvini ortaya qoyub. SSRİ-nin böyük səyi və geopolitik nüfuzu ilə 1975-ci ildə Helsinkidə imzalanmış Yekun Aktı indi əhəmiyyətsiz bir vərəqə çevrilib. Halbuki, məhz bu Akt İkinci Dünya Müharibəsindən sonra sərhədlərin dəyişdirlməsini qadağan edirdi. Belə bir şəraitdə ABŞ-la Rusiya qarşıdurması ırazi və etnik münqişələrdən əziyyət çəkən ölkələr üçün ciddi fəsad verə biləcək situasiya yaradıb. Bakı və Yerevan da bu yeni müstəvinin yaratdığı böhranın ilk "qaranquş"larındadır.

Qəfil Soçi görüşü ABŞ üçün hazırda ciddi müzakirə mövzusudur və Putinin "təzə xanə"dən başlamaq mesajı Ağ Ev üçün bəzi tərəddüdlər yaradacaq. Əgər Ukraynada davam edən böhranın fonunda Moskva Cənubi Qafqazda "yeni cəbhə" açacaqsa, bu, regionda illərlə tər töküb özünə xeyirli geosiyasi format yaratmış ABŞ-ı Moskva ilə güzəştli danışıqlara başlamağa vadar edəcək.

Qərb bunun ilk fəsadını 2008-ci ildə Gürcüstan müharibəsi zamanı yaşayıb. Tiflisə dirənən rus tanklarının lüləsini zorla qaytara bilən Fransa prezidenti Sarkozinin Moskva ilə imzaladığı saziş hələ də bu böhranın detallarını özündə gəzdirir. Putin Soçidə Qarabağ müzakirələri keçirməklə və keçmiş SSRİ-ni xatırlatmaqla əslində Qərbə nümayiş etdirdi ki, böyük güclərin dünya üçün razılaşdırdığı təhlükəszilik təminatları dağıdılırsa, o zaman hər kəs vaxtilə malik olduğu "payı"nı geri qaytarmaq haqqı qazanır.

Belə xaotik və mürəkkəb situasiyada Moskva tərəfindən Azərbaycanın işğal olunmuş torpaqlarının geostrateji bazarlığa çıxarılması cəhdi yolverilməzdir. Soçi görüşündə Putinin münaqişənin həlli ilə bağlı yeni heç bir təklifi olmadı. Yeni təklif heç ola da bilməzdi: rəsmi Bakı Ermənistanın işğal etdiyi Dağlıq Qarabağın azad olunmasını və 7 rayonun qaytarılmasını, BMT TŞ-nin 4 qətnaməsinin icra olunmasını tələb edir. Prezident İlham Əliyevin Soçidə bunu bir daha vurğulaması Bakının münaqişə ilə bağlı mövqeyində dəyişikliyin olmamadığını nümayiş etdirdi.

Bəs Moskva necə? Putin gah münaqişəni "SSRİ-nin mirası" adlandırır, gah da davanın həll olunması üçün aparılan "beynəlxaq səyləri" dəstəklədiyini deyir. Belə sürüşkən mövqe Moskvanın regionda maraqlarına cavab verirsə, Kemlin Vaşinqtonla apardığı qlobal müharibədə keçərli olmaya da bilər. ABŞ artıq bir müddətdir ki, Azərbaycanın işğal olunmuş torpaqlarının qaytarılmasını tələb edir və Ermənistana açıq mövqeyini bildirir.

Bu illərdə heç vaxt Avropa və ABŞ-ın Qarabağla bağlı belə yekdil mövqeyinin şahidi olmayan Yerevan isə panikaya düşüb. Yerevanın Moskvanın onun geopoltik maraqlarını qoruyan oyununa qoşulması isə Cənubi Qafqazda yeni bir siyasi böhrana yol açan situasiyının yaranması deməkdir. Putin Soçidə məhz bunu nümaiyş etdirməyə çalışdı. Azərbaycanın isə güzəştə getməyə heç bir variantı qalmayıb. Zatən atəşəksə əməl etməsi Bakının ən böyük güzəştidir.

AzNews.az
Bağla X