15:22
(077) 610-22-33

Arif Yunusun müsavatçı qardaşı: “Cəmil Həsənlini ona görə seçdik ki...”

  • >
2 272 19 Avqust 2014 11:39 | Siyasət

Hazırda həbsdə olan Sülh və Demokratiya İnstitutunun eksperti, konfliktoloq Arif Yunusun qardaşı Ramis Yunusun AzNews.az-a müsahibəsi:

- Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun barəsində çıxarılan həbs-qətimkan tədbirindən sonra onların hüquqlarının müdafiəsinə həsr olunan tədbir keçirildi. Amma bu toplantıya isə nə Milli Şura sədri, professor Cəmil Həsənli, nə də AXCP sədri Əli Kərimli gəldi. Sizcə bu nəylə bağlıydı?
- Leyla xanım iyulun 30-da həbs olunub. Avqustun 1-də isə onun həbsi ilə bağlı ölkənin siyasi və ictimai elitası Sülh və Demokratiya İnstitutunun ofisində müzakirələr keçirib. Bu müzakirədə Cəmil Həsənli, AXCP, Müsavat rəhbərliyi, həm başqa ictimai-siyasi xadimlər, həmçinin, diplomatik korpus təmsilçiləri iştirak edib. Elə o zaman Leyla Yunusun hüquqlarını Müdafiə Komitəsi yaradılıb. Mənim qardaşım Arif bəy hələ o zaman həbsdə deyildi və o özü də bu tədbirdə iştirak edirdi. Orada işçi qrup yaradıldı. Məlumat üçün bildirim ki, mən də bu işçi qrupun üzvüyəm. Siz deyən tədbir isə avqust ayın 11-də keçirilib və bu siyasi partiyaların tədbiri idi.

- Bir həftədən sonra bu məsələylə bağlı yenidən tədbir keçirildi və bu dəfə də Cəmil Həsənli həmin toplantıya qatılmadı. Bunu necə qiymətləndirirsiniz?
- Konfustinin məşhur sözü var: "Qara pişiyi qaranlıq olan otaqda axtarmaq lazım deyil, xüsusən də pişik otaqda olmayanda".
Dünən Ziyalılar Birliyinin ofisində Müdafiə Komitəsi toplaşdılar və həmin tədbirdə həm Cəmil Həsənli, həm Müsavat və AXCP rəhbərliyi, həm KXCP sədri Mirmahmud Mirəlioğlu iştirak edirdi. Siz deyən tədbirdə yaradılan Birləşmiş Hüquq Müdafiə Mərkəzinin sədri seçilmişdi.
Qeyd elədiyim kimi, artıq Arif bəyə və Leyla xanıma dəstək olanların hamısı avqustun 18-də bir araya gəlib və ümid edirəm belə də olacaq.

-Müdafiə Komitəsinə sədr seçilməmişdən bir neçə gün əvvəl siz ailəniz adından bir bəyanat verdiniz. Həmin bəyanatda Leyla və Arif Yunusun müdafiə komitəsinin rəhbərliyini Milli Şuranın sədri Cəmil Həsənliyə həvalə etdiniz... Maraqlıdır, niyə məhz Cəmil Həsənli?
- Əvvəla ona görə ki, Cəmil bəy həm mənim, həm Arif bəyin, həm Leyla xanımın dostudur. İkincisi, Cəmil bəy Azərbaycanın ən görkəmli ziyalılarındandır və ona müxalifətdə olanların hamısı böyük hörmətlə yanaşır. İstər Müsavat, istər AXCP, istər isə başqaları. Bildiyiniz kimi Leyla xanım və Arif bəy heç bir partiyanın üzvü deyillər və məhz ona görə də onların müdafiə məsələsinin önündə Cəmil bəy kimi heç bir partiyanin üzvü olmayan, böyük nüfuza və hörmətə malik olan şəxsiyyət durmalıdır.

-Siz Müsavat Partiyasının üzvüsünüz. Arif və Leyla Yunusun hüquqlarının müdafiəsini niyə üzvü olduğunuz partiyaya etibar etmədiniz?
-Mən nəinki Müsavat Partiyasinin üzvüyəm, mən bu partiyanın bərpa edənlərdən biriyəm. Müsavat Azərbaycanda bərpa olunanda bütün təşkilatı məsələlərinə, İsa bəyin tapşırığı ilə şəxsən rəhbərlik eləmişəm və bununla fəxr edirəm. Qeyd elədiyim kimi Leyla xanım və Arif bəy heç bir partiyanın üzvü deyil, hərçənd ki, İsa bəyi mənim qardaşım və onun xanımı ilə 25 illik yaxın münasibətləri var və onlara qarşı bu proseslər başlayanda İsa bəy ilk gündən bizim ailəmizin yanında idi. Mən siyasətə İsa bəylə bir yerdə gəlmişəm və axıra kimi onunla bir səngərdəyəm. Bunu həm müsavatçılar, həm də iqtidarda olan bizim opponentlərimiz çox yaxşı bilir. Sadəcə onların müdafiə məsələsi heç bir partiyanın monopoliyası ola bilməz. Xüsusən Leyla xanım kimi şəxsiyyətin. Onun müdafiəsinə hamı qalxıb və bu məsələdə hamı bir mərkəzdən hərəkət etməlidir. Mən özüm həbs olunsam, 100% əmin ola bilərsiniz ki, arxamda Müsavat partiyasi dayanacaq.

Bahar Rüstəmli
AzNews.az


Bağla X