Müdafiə Nazirliyi: “Bu, təxribat xarakteri daşıyır"

Azərbaycan Müdafiə Nazirliyi bəzi kütləvi informasiya vasitələrində (KİV) NATO-ya məxsus təyyarələrin Ukraynadakı separatçıları bombalaması məqsədilə Azərbaycan ərazisindən istifadə etməsinə dair yayılan xəbərlərə münasibət bildirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, bəzi KİV-də NATO-ya məxsus təyyarələrin Ukraynadakı separatçıları bombalamaq məqsədilə yanacaq doldurulması üçün müxtəlif dövlətlərlə yanaşı, guya Azərbaycan ərazisindəki aerodromlardan istifadə edilməsi haqqında yayılan və heç bir fakta söykənməyən məlumatların əsası yoxdur və bu kimi informasiyalar təxribat xarakteri daşıyır.

Qeyd edək ki, ötən gün bəzi saytlar ABŞ, Moldova və Rusiya KİV-inə istinadən Şərqi Ukraynada mülki obyektlərə hücum edən qırıcı-bombardmançı təyyarələrin Azərbaycan, Rumıniya və Moldovadakı aviabazalara qədər uçuşlarının qeydə alındığını, həmin təyyarələrin Azərbaycan aerodromlarında yanacaqla təchiz olunduğunu yazıb.

AzNews.az