Prezidentlərin Soçi görüşünün pərdəarxası - Araşdırma

Soçidən keçən 10 gün...

AzNews.az "Atlas" Araşdırmalar Mərkəzinin prezidentlərin Soçi görüşməsi ilə bağlı hazırladığı araşdırmanı təqdim edir.

Avqustun əvvəlində Dağlıq Qarabağda atəşkəs intensiv şəkildə pozulduqda və hər iki tərəf itki verdikdən sonra ən vacib iki sual meydana çıxdı:

- Atəşkəsin pozulmasında hansı tərəf daha çox maraqlıdır və bu müharibəyə gətirib çıxara bilərmi?

- Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə avqustun 10-da Soçidə Azərbaycan və Ermənistan prezidentləri ilə keçirdiyi görüşün müsbət nəticələri olacaqmı?


Rəsmi Bakı Dağlıq Qarabağla bağlı mövcud status-kvonun dəyişməsini istəyir. Məhz bu səbəbdən prezident İlham Əliyev tənbəlləşən müdafiə naziri Səfər Əbiyevi Zakir Həsənovla əvəz etdi. Zakir Həsənov müdafiə naziri təyin olunduqdan sonra orduda islahatlara başladı, silahlı qüvvələrin təlimləri artdı, hərbçilərin ərzaq təminatı yaxşılaşdı, orduda inzibati işlərə mülki şəxslər cəlb edildi. Cəbhə bölgəsində işğalçılara Azərbaycan ordusunun gücü göstərilməyə başlandı, mövqe döyüşləri artdı.

Bu vəziyyət Ermənistanı narahat etməyə başladı. Çünki, Ermənistanın siyasi və hərbi elitası anladı ki, cəbhə bölgəsində mövqe üstünlüyü Azərbaycanın tərəfinə keçə bilər. Ona görə də İrəvan sonda Azərbaycana "əzələ nümayişi" göstərməyə qərar verdi. Belə fikirlər səslənir ki, əslində Azərbaycan ordusu irəliləmək istədikdə böyük itkiyə məruz qalıb. Ancaq bu versiyanın zəif olduğunu göstərən faktor müdafiə naziri Zakir Həsənovun Türkiyənin Bodrum şəhərində dincəlməsiydi. Dağlıq Qarabağda hansısa ciddi kəşfiyyat aksiyası planlaşdıran ordunun başçısı Bakıda olmalıydı.

İrəvanın diversiyada məqsədi cəbhə bölgəsində hərbi balansın Azərbaycanın xeyrinə pozulmayacağını Bakıya izah etmək idi. Başqa sözlə İrəvan Bakını qorxutmaq istəyirdi ki, Azərbaycan gələcək hərbi hücum planlarından əl çəksin. Ancaq bu diversiya aksiyası əks effekt verdi. Azərbaycan cəmiyyətində müharibə ritorikası artdı, əhali prezidentin qəti qərar verməsini istədi. Prezident İlham Əliyev isə cəmiyyətdə mövcud olan ab-havadan çıxış edərək, Ağdama getdi, müharibənin başlana biləcəyinə eyham vurdu.

Bəs Rusiya prezidenti Vladimir Putinin qəfil Soçidə Azərbaycan və Ermənistan prezidentlərini bir araya gətirməsi nə ilə bağlı idi?

Soçi görüşünə qədər Putin Dağlıq Qarabağ münaqişəsinin həllinə maraq göstərmirdi. O prezident olduğu əvvəlki 8 ildə də bu münaqişənin həlliylə ciddi maraqlanmırdı. Ondan fərqli olaraq keçmiş prezident Dmitri Medvedev 3 il ərzində Azərbaycan və Ermənistan prezidentlərini 10 dəfə bir araya gətirmişdi. Ancaq o da bir nəticə əldə etmədi. Atəşkəsin intensiv pozulması Putini bir qədər ehtiyatlandırdı. Rusiya prezidenti Azərbaycanın müharibəyə başlaya biləcəyini ehtimal edərək, buna mane olmağa qərar verdi. Çünki Cənubi Qafqazda müharibə Rusiyanın maraqlarına cavab vermir. Bunun iki səbəbi var:

Birincis səbəb, Ukraynadakı vətəndaş müharibəsidir. Putin Ukraynada böhran yaradıb, Krımı işğal edib və buna görə də Qərbin sanksiyaları ilə üz-üzədir. Rusiyanın qonşuluğunda bir başqa müharibə Putini daha çətin vəziyyətə sala bilər. Dağlıq Qarabağda müharibə başlayacağı təqdirdə Moskva Ermənistanı dəstəkləyəcək. Bu isə Rusiyanın avtomatik strateji partnyor adlandırdığı Azərbaycan və Türkiyə ilə münasibətlərinin pisləşməsinə gətirib çıxaracaq.

İkinci səbəb, Azərbaycanla Ermənistan arasındakı müharibənin Şimali Qafqaza keçməsi təhlükəsidir. Növbəti müharibə 1990-cı illərin əvvəllərindəki müharibəyə bənzəməyəcək. Dağlıq Qarabağda budəfəki müharibə dini xarakter alacaq. 20 ildə Azərbaycanda din amili və dindarların sayı artıb. Ona görə də, bəziləri yeni müharibəyə cihad adıyla qoşulacaqlar. Əgər yüzlərlə azərbaycanlı gənc Suriya və İraqdakı dini müharibədə iştirak edirlərsə, Dağlıq Qarabağ uğrunda da cihad elan edə bilərlər. Bu isə o deməkdir ki, Suriya və İraqda olduğu kimi Azərbaycanla Ermənistan arasındakı müharibəyə islamçı qruplar qatılacaq. Bu proses ilkin məqamda Azərbaycannın maraqlarına cavab verəcəyindən rəsmi Bakı radikal islamçıların Dağlıq Qarabağ uğrunda savaşmalarına mane olmayacaq. Məhz həmin islamçılar daha sonra Şimali Qafqaza keçərək Rusiyaya problemlər yarada bilərlər.

Putin Cənubi Qafqazda müharibədə maraqlı olmasa da, Dağlıq Qarabağ münaqişəsini danışıqlar yolu ilə Azərbaycanın xeyrinə həllində də maraqlı deyil. Məsələn, Putin Soçi görüşünün uğurlu alınması və münaqişənin həllini sürətləndirmək üçün bir neçə addım ata bilərdi. Ermənistan hərbi birləşmələri Kəlbəcərdə azərbaycanlıları həbs edib onları girov saxlayırlar. İlham Əliyev üçtərəfli görüşdə saxlanılan azərbaycanlılardan birinin Rusiya vətəndaşı olduğunu söylədi. Bununla İlham Əliyevin həmin şəxsin azad edilməsi məsələsində Putindən dəstək istəmişdi. Digər tərəfdən həmin girov götürülən şəxslərin qohumları da Putinə məktub yazmışdılar. Ancaq Putin bu mövzuya heç toxunmadı və bununla Əliyevi məyus etdi. Halbuki, Putin Ermənistan prezidenti Serj Sarkisyanı girov götürülən 2 azərbaycanlını azadlığa buraxmağa inandıra bilsəydi bu Soçi görüşünün uğurlu alınmasına imkan yaradardı. Putinin bir başqa addımı Sarkiyanı heç olmazsa Dağlıq Qarabağ ətrafındakı 2 rayonu boşaltmağa razı salması olardı. Belə bir addım Moskvanın və Yerevanın Bakıya ünvanlanan xoş jest olardı və gələcəkdə danışıqların intensivləşməsinə və cəbhə bölgəsində atəşkəsin pozulmayacağına ciddi təminat olardı. Putin bu addımı da atmadı.

Putinin Soçi görüşündə yeganə məqsədi Azərbaycan və Ermənistan prezidentlərini atəşkəsə riayət edəcəklərinə razı salmaq idi. Rusiya prezidentinin görüşdə "Dağlıq Qarabağ münaqişəsi SSRİ-dən bizə miras qalıb" sözləri isə ondan xəbər verir ki, Putin tərəflərə nəticə yox, uzun-uzadı danışıqlar vəd edir.

Soçi görüşündən sonra hələ ki, cəbhə bölgəsində nisbi sakitlikdir, pozuntu yoxdur. Görünür, Azərbaycan və Ermənistan prezidentləri geri qayıtdıqdan sonra müdafiə nazirlərinə atəşkəsə riayət etmək əmrlərini veriblər. Ancaq bunun uzun çəkəcəyini söyləmək problematikdir. Çünki, bu cür status-kvo Azərbaycanın maraqlarına cavab vermir. Ona görə də bölgədə itkilərlə müşahidə olunan atəşkəsin yenidən intensiv pozulması və bunun lokal toqquşmlara çevrilməsi ehtimalı əvvəlkitək yüksəkdir.

Dağlıq Qarabağda yeni müharibə əvvəlkindən daha dağıdıcı olacaq. 20 il ərzində həm Azərbaycan, həm də Ermənistan müasir silahlar, uzaqmənzilli raketlər alıblar. Bu müharibə Gürcüstandan da yan keçməyəcək. Müharibə başlayacağı təqdirdə Gürcüstanda yaşayan azərbaycanlılarla ermənilər arasında toqquşmalar qeydə alınacaq. Gürcüstandan keçən boru xətlərində ermənilərin diversiyalar həyata keçirəcəyi ehtimalı da az deyil. Bu isə Türkiyə ilə ABŞ və Avropa Birliyinin maraqlarına toxunacaq. Bununla da Dağlıq Qarabağ uğrunda müharibə lokal olmayacaq, böyük dövlətlərin maraqlarına toxunacaq regional müharibəyə çevriləcək.

AzNews.az