00:31
(077) 610-22-33

Tural Abbaslı: “İsa bəy mən yaşda olanda dövlət idarə edirdi“

  • >
1 168 22 Avqust 2014 13:46 | Siyasət

AzNews.az Müsavat Divanın üzvü, başqanlığa namizəd Tural Abbaslının "Qafqazinfo" ya verdiyi müsahibəsini təqdim edir:

- Müsavatın qurultayına hazırlıq işləri nə yerdədir?

- Hakimiyyətin maneələri ucbatından Müsavat Partiyası 4 ildir ki, qurultaya hazırlaşır. Bəzi məsələlər isə qurultayın gününün və yerinin bilinməsindən asılı idi. Hakimiyyət qurultay keçirmək üçün Əmircan qəsəbəsində mədəniyyət evində yer ayırdı. Amma bura normal qurultay keçirmək üçün şərtlərə cavab vermirdi. Biz də müxtəlif yollara əl atmağa çalışdıq. Bakı Şəhər İcra Hakimiyyəti sonuncu məktubunda bizə şadlıq sarayları ilə danışmağı məsləhət bildi. Müsavat Məclisinin qərarı ilə fövqalədə bir hadisə baş verməzsə, sentyabr ayının 27-də qurultay keçirilməsinə qərar verilib. Bir çox texniki və təşkilatı məsələlər öz həllini tapıb. Təbliğat lövhələri, plakatlar isə zala uyğun hazırlanmalı olduğu üçün hələ ki qalıb.

- Qurultayın Müsavatın qərargahında keçirilmə ehtimalı varmı?

- Təklif var ki normal yer verilməsə, qərargahda keçirilsin. Mən Qurultaya hazırlıq üzrə təşkilata komitəsinin üzvü olaraq bunun qərargahda keçirilməsinin mümkün olmadığını hesab edirəm. Çünki bizim 600 nəfər qurultay nümayəndəmiz var. 150 nəfər qonaq və media nümayəndələrini nəzərə alsaq, minumum 800 nəfər insan iştirak etməlidir. Müsavatın ən böyük zalının tutumu isə 150 nəfərdir. Nəzər alsaq ki, səsvermə kabineləri də ayrılmalı, başqan hesabat verməli, səsə qoyulmalıdır zənnimcə, bunlar qərargahda mümkünsüzdür. Amma təşkilat komitəsində bunu mümkün hesab edənlər də var. İstənilən halda qurultayın qərargahda keçirilməsinin əleyhinə səs verəcəyəm. Mən də Müsavat kimi partiyanın qurultay keçirmək, başqan dəyişmək naminə qurultay keçirməsinin əleyhinəyəm. Çünki Müsavatın qurultayı bir siyasi hadisədir.



- Yəni qurultay yenə də təxirə salına bilər...

- Məndən asılı olsa, təbii ki qalsın. Siyaviş Novruzov, Mübariz Qurbanlı deyir ki, partiya qəsdən qurultay keçirmir. Mən bunların, müxalifətdəki bəzi insanların sözünün qarşısını almaq üçün qurultay keçirilməsinin tərəfdarı deyiləm. Qurultay növbəti 4 ilə partiya rəhbərliyini, məclisi seçən orqandır. Məncə qurultay keçirməsək, İsa bəy 1-2 il də rəhbərlik etmək iqtidarındadır. Necə ki 4 ildir ki qurultayın vaxtının ötməsinə baxmayaraq partiyanı idarə edirsə, iki il də idarə edə bilər. Sona qədər vuruşub normal şəraitli yer almalıyıq.

- Siz həm də rəsmi elan olunmasa da, başqanlığa namizədsiniz. Təbliğat- təşviqat kampaniyanıza necə hazırlaşırsınız?

- Namizədliyin rəsmi irəli sürülmə müddəti avqustun 27-dən başlayacaq. Təbliğat-təşviqata da o gündən start veriləcək. Amma XXI əsrdə təbliğat-təşviqata rəsmi gün qoymaq, onu məhdudlaşdırmaq abstraktdır. Mən də daxil olmaqla digər namizədlər sosial şəbəkələrdə öz təbliğatlarını aparmaqla məşğuldurlar. Ehtimal olunan digər namizədlərdən mənim fərqim ondadır ki, biz əsasən gəncləri ətrafımıza yığmışıq. Bu o demək deyil ki, ağsaqqallardan imtina etmişik. Bizi dəstəkləyən ağsaqqallarımız da var.

- Elə qeyd etdiyiniz kimi bir neçə müddətdir ki, sizin namizədliyiniz facebookda partiya gəncləri, fəallar tərəfindən müzakirə olunur. Namizədliyiniz gənclər arasında qruplaşmaya, qarşıdurmaya səbəb olub...

- Partiyanın gənclər təşkilatı digər təşkilatlar kimi mövqe sərgiləyə bilmir. Namizədi təşkilatlar deyil, qurultay nümayəndələri seçir. Gənclər təşkilatında olan bir şəxs bu və ya digər namizədi dəstəkləyəcəyini bəyan edə bilər. Odur ki, mən burada iki tirəlik görmürəm. Amma mən hesab edirəm ki, ən azı həmyaşıd olduğuma görə gənclik məni dəstəkləyir. Əslində gənclik sözü bizə təbliğatda da maneə törədir. Təəssüflər olsun ki, gənc sözünü uşaq sözü ilə qarışıq salırlar. 1989-1999- cu illərdə Azərbaycanın müstəqilliyini bərpa edən şəxslərin yaşı bizlə yaşıd idi, ya da kiçik idi. Bunu xatırlatmağımıza baxmayaraq siz hələ gəncsiniz, gələciyiniz qabaqdadır kimi əsassız fikirlər eşidirik.

- Müzakirələr çox zaman qarşıdurma halını alır və etik çərçivəni də aşır. Bu nə dərəcədə doğrudur?

- Mən Müsavat partiyası daxilində hər hansısa etik normalardan çıxılmasının şahidi olmamışam.

- Amma biz şahidi olmuşuq...

- Bilirsiniz, bu insanların emosionallığıdır. Amma partiya rəsmi strukturdur. Nizamnamədən kənar müzakirələr, sözlər deyənlər cəzalandırılacaq. Biz nə qədər də partiya daxili rəqabətə aludə olsaq da, unutmuruq ki, bizim əsas rəqibimiz İlham Əliyevdir. Etiraz potensialının böyük əksəriyyətini hakimiyyətə yönəltməliyik, nəinki daxili rəqabətə. Ola bilər ki, gənclər əsəbiləşib bəzi yazışmalarına nəzarət edə bilməsinlər.

- Partiyadaxili mübarizəni kənardan müşahidə edənlərə bu heç də xoş görünmür və bu sıraların genişlənməməsinə gətirib çıxara bilər...

- Əksinə, başqa demokratik ölkələrdə insanlar görəndə ki, belə açıq müzakirələr diskussiyalar gedir, partiya rəhbərliyinin digər rəsmi şəxləri tənqid edilirsə, o partiyaya rəğbət yaranmalıdır. Düşünülməlidir ki, partiyada avtoritarizm yoxdur deyə, insanlar öz fikirlərini bildirə bilirlər. Əgər insanlar kommunist təfəkkürlüdürsə , başda oturanın fikrini əsas tuturlarsa, bunun üçün YAP və digər partiyalar var.

- Tənqidin olması çox normaldır. Bunun olmamasını da arzu etmirik. Amma sağlam rəqabət metodlarından kənara çıxma halları tez-tez təkrarlanır. Kənardan bu paxıllıq, biri- birini gözü götürməməzlik kimi görünür...

- Həmin həddini aşanlar bu və ya digər formada partiya çərçivəsində cəzalandırılıb. Nəzərə alaq ki, biz 20 ildən artıqdır ki, müxalifətdəyik. Buradakı insanlar uzun illər hakimiyyətin təzyiqlərinə məruz qalıb. Ailə- məişət problemləri insanların əsəblərini o dərəcəyə gətirib ki, bəzən bu diskussiyalar kənardan gözəl görünməyə bilər. Amma mən partiyaya hansısa diskussiyada işlənmiş uğursuz ifadəyə görə yox, siyasi xəttinə, seçkilərdə tutduğu mövqəyə baxaraq qiymət verməyi və ora gəlməyi dəvət edirəm.

- Sizi partiyanı parçalamaqda ittiham edirlər...

- İttiham edənlər avantüra ilə məşğuldur. Biz partiyanı niyə parçalayaq? Mən 18 yaşım tamam olan gündən partiyanın üzvüyəm. Sentyabr ayından 14 il olacaq ki, partiyanın aktiv üzvlərindən sayılıram. Kimsə ittiham edirsə, özünün siyasi tarixinə baxsın. Əgər mənim mübarizəm onların mübarizəsindən bir qram azdırsa, mən onların ittihamı ilə razılaşaram. Görsələr ki, mənim qədər yoxdular o zaman yerlərini bilsinlər. Bizim parçalamaq istədiyimiz bir partiya var, o da YAP-dır. Özünü müxalifət hesab edən heç bir partiya ilə düşmənçilik etmək fikrimiz yoxdur.

- Belə bir fikirlər var ki, Tural Abbaslı başqan seçilməyəcəyindən əmindir. Sadəcə növbəti seçkilərə təcrübə qazanmaq məqsədilə prosesə qatılır...

- Vallah, Saakaşvili mən yaşda olanda bir il sonra prezident oldu. İsa bəy mən yaşda olanda dövlət idarə edirdi. Arif bəy mən yaşda olanda artıq istefaya göndərilmiş məmur idi. Əli Kərimli mən yaşda olanda beş il idi ki, istefaya göndərilmişdi. Nəzərə alsaq ki, həmin insanların siyasi təcrübələri 4-5 il təşkil edirdi. Mənim siyasi təcrübəm isə bu günə 14 il təşkil edir. Mənim 18-19 yaşım yoxdur ki, təcrübələrlə məşğul olum və növbəti dörd ilə özümü təbliğ edim. Bu gün əslində mənim namizəd olmağım da digər partiyalara nümunədir. Bu müxalifətdə olan digər həmyaşıdlara da stimul verəcək. Artıq tək 1989- cu ildə olan insanların deyil, ondan sonra yetişən gəncliyin də meydana çıxma vaxtıdır.

Dünyanın taleyi bir gündə, bir anda dəyişir. Mən seçiləcəyimə inanmasaydım, namizədliyimi verməzdim. Rəhbərlikdə təmsil olunmaq kimi bir problemim yoxdur. Namizədliyimi verməsəydim də, Divanda, rəhbər mövqələrdə təmsil olunacaqdım. Müsavatda başqan postu heç də imtiyaz deyil. Bu deputat mandatı, nazir postu deyil. Əksinə, partiyanın bütün yükü sənin üzərində cəmləşir. Mən tutaq ki, Qazaxın hansısa özək üzvünün oğlunun təhsil haqqını ödəyə bilməyəcəyi halda Müsavat başqanına zəng edəcəyini də bilirəm, Azərbaycanda böyük həbslər getdiyi zaman Amerika səfirinin müzakirəyə gələcəyi adamın da başqan olacağını da bilirəm. Bunun məsuliyyətini bilərək bu yola çıxmışam. Yoxsa adımın qabağında başqan yazılacaq, kimsə mən gələndə ayağa duracaq kimi dərdim yoxdur.

- Başqan olma şanısınızı nə qədər real hesab edirsiniz?

- Müsavatın 600- ya yaxın qurultay nümayəndəsi var. Onların böyük əksəriyyəti sıravi müsavatçılardır. Onlar böyük kəsim kimi azad insanlardır. Kiminsə tapşırığı ilə səs vermirlər. Odur ki, mən də daxil olmaqla kimsə deyə bilməz ki qələbə çalacam. Həmin insanların hansı kriteriyalara görə namizədə səs verəcəyini özlərindən başqa heç kim bilmir. Düşünürəm ki, insanlar mübarizəyə, təmizliyə, gözəlliyə görə səs versələr şansımız var. Qutular açılıb səslər sayılana qədər heç kim deyə bilməz ki, mən seçiləcəm.

- Namizədlər arasında rəqibiniz olaraq kimi görürsünüz?

- Özün barədə müsbət fikirlər demək o demək deyil ki rəqib namizəddə bu kriteriyalar yoxdur. Arif Hacılının 1989-cu ildən bu günə qədər olan mübarizəsi var. Qubad İbadoğlu da həmçinin Azəbaycanın ən tanınmış iqtisadçılarından biridir. Mədəni, partiya daxilində sevilən insanlardan biridir. Müsavatçıların üstünlüyü odur ki, yaxşılar içindən yaxşını seçirlər.

- Sizcə, namizədlərdən hansı daha yaxşı partiyanı inkişaf etdirə bilər?

- Mən düşünsəydim ki, kimsə məndən daha yaxşı idarə edə bilər, mən onların birinin yanında olardım və başqan olması üçün çalışardım. Mən iddialıyamsa düşünürəm ki, daha yaxşı idarə edə bilərəm. Eyni fikirlərdə də digər namizədlər ola bilər. Namizədliyimi vermişəmsə, demərəm ki başqaları məndən daha layiqlidir, get ona səs ver. Hazırkı Azərbaycanın siyasi durumunda ən uğurlu bizik və bizi də seçərlər.

- Təşkilatın Komitəsinin sonuncu iclası ilə bağlı biabırçı xəbər yayıldı. Xəbərdə adıçəkilən şəxslər də buna münasibət bildirdilər. Ümumiyyətlə, belə bir olayın yaşanması nə dərəcədə real ola bilər?

- Müsavat Partiyası 2003- cü ildə hakimiyyətə gəlməkdən son anda məhrum edilmiş bir partiyadır. O zaman orada belə bir diskussiyalar getməyibsə və yaxud da 2005- ci ildə narıncı inqilablar baş verəndə, seçki prosesində davalar olmayıbsa , Müsavatın Qurultaya Hazırlıq üzrə təşkilat Komitəsinin iclasının belə davalı-şavalı keçməsi mümkündürmü? İclaslarda diskussiyalar, polemikalar da gedir. Amma bunların hamısı etik çərçivədə baş verir. Davanın baş verməsi, kiminsə Quran çıxarması mümkün deyil.

- İclaslar lentə alınır?

- Alınmır. Amma bütün çıxışların protokolu hazırlanır. Polemikaların, replikaların hamısı yazılır və daxildə saxlanılır. Lazım olsa, həmin protokollar da çıxarılar. Amma əminəm ki, cəmiyyət bizim sözümüzə daha çox inanır, nəinki hansısa mənşəyi bilinməyən şəxsin dediyinə.

AzNews.az
Bağla X