15:29
(077) 610-22-33

Rusiya Qarabağda böyük təxribat hazırlayır – Təhlil

  • >
1 046 23 Avqust 2014 07:34 | Siyasət

Prezidentlərin Soçi görüşü Qarabağ münaqişəsi zonasında gərginliyi azaltsa da, qarşıdurmanı əsaslı şəkildə aradan qaldırmadı. Səbəb əlbəttə ki, görüşün dinc nizamlanma prosesinə təkan verəcək konkret anlaşma ilə yekunlaşmaması idi. Bu isə o deməkdir ki, avqustun əvvəllərində yaşanan, az qala geniş miqyaslı müharibəyə adlayacaq qanlı insident, "blits-müharibə" ehtimalı qalır və yenidən təkrarlana bilər.
İndi bunun üçün zəmin göründüyündən də çoxdur.

Ən azı ona görə ki, Rusiya prezidenti Vladimir Putin tələsir və Qarabağ konfliktindən nəhayət ki, konkret siyasi divident götürməyin əsl zamanı olduğunu düşünür.

Məsələ də ondadır ki, Kreml başçısı Ukraynada uduzduğunu artıq anlamağa başlayıb və Güney Qafqazı, onun açar ölkəsi olan Azərbaycanı geridönməz şəkildə Rusiyanın orbitinə qaytarmaqda, Avrasiya layihələrinə qoşmaqda israrlıdır. Həm də maksimum qısa zamanda.



İndi artıq bəllidir ki, Soçidə Putin Azərbaycan prezidenti İlham Əliyevin buna prinsipial razılığını ala bilməyib. Bir çox müşahidəçilərə görə də (Vəfa Quluzadə) Soçi görüşü sırf Azərbaycanla bağlı olub, Ermənistan (Serj Sərkisyan) isə ona sadəcə, don geydirmək, şəkil çəkdirmək rolunda çıxış edib. Görüşdən sonra Sərkisyanın səsləndirdiyi sərt müharibə ritorikası da söyləməyə əsas verir ki, Putin Əliyevdən "hə" qopara bilməyib.
Bu mənada Putinin Azərbaycandan qəzəbli olduğunu güman eləməyə əsaslar yetərincədir. Üstəlik, gələn ay NATO-nun Uelsdə keçiriləcək Uels sammiti xeyli dərəcədə anti-Rusiya sammiti kimi tarixə düşəcək, Ukraynanın, Güney Qafqaz ölkələrinin (Gürcüstan, Azərbaycan) və Moldovanın təhlükəsizliklərini gücləndirməyə həsr olunacaq. Putini tələsdirən və hiddətləndirən amillərdən biri də heç şübhəsiz, bu yaxınlarda ABŞ Senatının Gürcüstan. Ukrayna və Moldovaya Birləşmiş Ştatların müttəfiqi statusu tanıyan qanun layihəsini qəbul eləməsidir...

Bütün bu nüansları ABŞ da təbii ki, bilir və ciddiyə alırlar. Onun da yaxşı fərqindədirlər ki, Kreml cəbhə xəttində növbəti təxribatı da məhz İrəvanın əli ilə edə bilər. Odur ki, diplomatik kanallarla Ermənistanın "ağlını başına yığmasına" çalışır. Son vaxtlar Amerikanın həm Minsk Qrupundakı həmsədri Ceyms Uorlik, həm də Ermənistandakı səfiri Con Xefernin dilindən tez-tez müharibə xəbərdarlıqlarının səslənməsi, fikrimizcə, müstəsna olaraq, bu narahatlıqdan qaynaqlanır.



Xatırladaq ki, Uoprlik Soçi görüşündən dərhal sonra Dağlıq Qarabağın dondurulmuş münaqişə olmadığını bəyan eləmişdi. Az sonra səfir Xaffern bənzər açıqlama verdi. İki gün öncə isə o, Azərbaycan və Ermənistan prezidentlərinə münaqişə tarixində ilk dəfə olaraq video-müraciət ünvanlayıb.



"Təhdid və sərt ritorika işin xeyrinə deyil... Biz son insidentlər zamanı həlak olanların və yaralananların hisslərini bölüşürük. Səfir Uorlikin dediyi kimi, bu, dondurulmuş münaqişə deyil. Odur ki, həm İrəvanı, həm də Bakını gərginliyin yumşaldılması üçün addımlar atmağa və atəşkəs rejimini gözləməyə çağırırıq". Bu sözlər həmin müraciətdəndir.

"Bu münaqişənin hərbi həlli yoxdur. Biz hər iki tərəfi ciddi danışıqlara başlamağa səsləyirik: haqq-hesab çürütmək və davamlı zorakılıq dinc nizamlanmanı daha da çətinləşdirir. Həlak olanların xatirəsini yad eləməyin ən yaxşı yolu - qarşıdurmanı elə indicə dayandırmaqdır", - deyə səfir əlavə edib.



Vaşinqton paralel olaraq işğalçı ölkəni Rusiyanın yanında durmağın ağır fəsadları barədə də mütəmadi xəbərdar eləməkdədir. Misal üçün, Qarabağ xəbərdarlığından bir neçə gün öncə Xeffern Birləşmiş Ştatların Rusiyaya qarşı tətbiq elədiyi iqtisadi-maliyyə sanksiyaları və onların Ermənistana mümkün təsirləri ilə bağlı suala aydınlıq gətirərək demişdi ki, Amerika tərəfi sanksiyalarla bağlı Ermənistan rəhbərliyi ilə çoxsaylı məsləhətləşmələr aparıb. Sitat: "Sanksiyalar Rusiyaya qarşı yönəlib, Ermənistana yox. Ancaq onlar Ermənistan iqtisadiyyatı üçün də neqativ nəticələr doğura bilər. Əgər bu, İrəvana xoş gəlmirsə, şikayətini Moskvaya eləsin".

Diplomatik dildən tərcümədə bu da İrəvana özünü yığışdırmaq üçün başqa bir xəbərdarlıqdır.

musavat.com
Bağla X