“Davudoğlunun baş nazir olması Azərbaycana xeyirdir" - Ekspert

Əhməd Davudoğlunun baş nazirliyə Ərdoğan tərəfindən irəli sürülməsi suallar doğurur. Əslində o, Ərdoğanın istədiyi xarici siyasəti yürüdürdü. Ancaq Ərdoğan Abdulla Gülü yox, Əhməd Davudoğlunu baş nazir kimi irəli sürdü. Çünki Ərdoğanın Fətullah Gülənlə davasında Əhməd Davudoğlu ona yaxın oldu. Abdulla Gül isə bu qarşıdurmada neytral mövqe saxladı".

Bu fikirləri AzNews.az-a "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi analitik Elxan Şahinoğlu Türkiyədə baş nazirlik məsələsi ilə bağlı vəziyyəti şərh edərkən açıqladı. Onun sözlərinə görə, Davudoğlunun baş nazir olması Azərbaycan üçün xeyir gətirə bilər.
E.Şahinoğlunun fikrincə, hazırkı xarici işlər naziri Ermənistan - Türkiyə sərhədlərinin açılması ilə bağlı İsveçrədə Sürix protokollarına imza atmış olsa da, bu proses ondan əvvəl başlanmışdı: "Ona qədər Ermənistanla təmaslar olmuşdu. Həmin dövrdə Türkiyənin xarici işlər naziri Əli Babacan danışıqlarda iştirak edirdi. Və Davudoğlu Sürix protokollarını imzalayanda Azərbaycan tərəfindən kəskin etirazlar oldu. Azərbaycanın təzyiqləri qarşısında Ərdoğan geriyə addım atdı. Azərbaycanla razılaşdılar. Ondan sonra Ərdoğan Bakıya gəldi, ardınca dəfələrlə Davudoğlu Azərbaycana səfər etdi. Bu da Davudoğlunun ölkəmizlə əlaqələrini yaxşılaşdırdı.

Hər şey öz məcrasına qayıtdı, Elmar Məmmədyarovla təmaslar quruldu. O baxımdan Davudoğlunun baş nazir olması Azərbaycana xeyir gətirə bilər. Çünki ölkəmizi yaxşı tanıyır, əlaqələr var, Azərbaycanın maraqlarına zidd addım atacağını düşünmürəm".
Xatırladaq ki, Türkiyədə yeni baş nazirin adına artıq aydınlıq gəlib. Yeni seçilmiş prezident Rəcəb Tayyib Ərdoğan xarici işlər naziri Əhməd Davudoğlunun baş nazir olacağını bildirib. Bundan əvvəl avqustun 21-də yeni baş nazirin təyin edilməsi haqqında qərar qəbul olunacağı deyilirdi. Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri vəzifəsinə də xarici işlər naziri Ə.Davudoğlunun namizədliyi irəli sürülüb.

Bu qərar partiyanın Mərkəzi İcraiyyə Komitəsinin iclasında qəbul olunub. Ə.Davudoğlunun namizədliyi AKP-nin avqustun 27-də keçiriləcək təcili qurultayında təsdiq olunmalıdır.

AzNews.az