Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu Kaliforniya Ştat Senatının Dağlıq Qarabağa dair qərəzli qətnaməsilə bağlı bəyanat yayıb. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu Kaliforniya Ştat Senatının Dağlıq Qarabağa dair qərəzli qətnaməsilə bağlı bəyanat yayıb.

Azərbaycan qərəzli qətnaməyə etiraz etdi - Bəyanat

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu Kaliforniya Ştat Senatının Dağlıq Qarabağa dair qərəzli qətnaməsilə bağlı bəyanat yayıb.


Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Trend-ə verilən məlumata görə, bəyanatda deyilir ki, məlum olduğu kimi, Kaliforniyadakı erməni lobbisinin güclü təzyiqləri altında anti-Azərbaycan xarakterli AJR 32 saylı qətnamə artıq bir neçə müddətdi ki, Kaliforniya Senatının gündəliyində idi.

Qətnamə gündəliyə gətirilən andan Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən bütün senatorlara dəfələrlə məktub göndərilmiş, onlarla çoxsaylı görüşlər keçirilmiş, qətnamənin tam qərəzli olduğu, ABŞ xarici siyasətinə zidd olduğu, o cümlədən etnik təmizləməyə, qanunsuz işğala haqq qazandırdığı diqqətə çatdırılıb:
"Bundan başqa, Kaliforniyadakı Azərbaycan icması səfərbər olub, Senata müxtəlif vasitələrlə öz etirazlarını çatdırmışdılar. Nəticədə, 1 milyon erməninin yaşadığı Kaliforniya kimi ştatda erməni lobbisinin dəridən-qabıqdan çıxmasına, Kaliforniya Qanunverici Orqanının iki erməni deputatının bütün səylərinə, ermənilər tərəfindən hədə-qorxu, şantaj və digər vasitələrlə senatorlara göstərilən təzyiqlərə baxmayaraq, avqustun 27-də keçirilən səsvermədə 40 senatordan 17-si qətnamənin lehinə səs verməkdən imtina ediblər".

Bəyanatda qeyd olunur ki, eyni zamanda, erməni lobbisindən öz seçki kampaniyaları üçün daim külli miqdarda maliyyə dəstəyi alan, beləliklə, onlardan tam asılı vəziyyətdə olan senatorlar lobbini razı salmaq üçün bu qətnaməyə səs veriblər: "Bu isə əsl siyasi korrupsiyadır. Buna başqa ad vermək mümkün deyil. Bu həmçinin, ABŞ demokratiyasının və siyasi sisteminin qüsurlu olmasının bariz göstəricisidir. Hansısa etnik lobbi razı qalsın deyə, ABŞ-ın rəsmi mövqeyinə və milli maraqlarına zidd olan belə qətnamənin qəbulunun mümkün olması göstərir ki, Amerika siyasi sisteminin təcili şəkildə ciddi islahatlara ehtiyacı var.

Bir fakt da qeyd edilməlidir ki, bu qətnamə Kaliforniya Qanunvericilik Orqanında Dağlıq Qarabağla bağlı qəbul edilmiş ilk qətnamə deyil. 1993, 1997 və 1999-cu illərdə də oxşar məzmunlu qətnamələr qəbul edilmişdir. Ancaq nə o qətnamələrin, nə də bu qətnamənin hər hansı hüquqi-siyasi önəmi yoxdur. Bunlar yalnlız deklarativ xarakterli kağız parçalarıdır. Bütün dünya, eləcə də ABŞ Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır. Və belə kağız parçaları bu mövqeyi dəyişmək iqtidarında deyil".

AzNews.az