Polis rəisi asayişi qoruya bilmədi

Bu günlərdə Bakının məşhur "Zero" barında bıçaqlanma hadisəsi baş verib. İnsidentə səbəb həmin barda yeyib-içən 4 nəfər gənclə (2 oğlan, 2 qız) ofisiant arasında baş verən mübahisədir. Belə ki, yeməkdən sonra gələn 180 manatlıq hesab oğlanları özündən çıxarıb, onlar yalnız 80 manat verə biləcəklərini söyləyiblər.

Məsələyə barın cangüdəni də qarışmalı olub və hər iki oğlan döyülərək bardan çıxarılıb. Daha sonra döyülən gənclər özlərinə 25 nəfər "soyuq silahlı" tərəfdaş yığaraq "Zero" barına hücum etmiş və barın meneceri olan Əhməd Həsənovu ayağından yaralamışlar. Hazırda barın cangüdəni də xəstəxanadadır.

Qeyd edək ki, menecer Əhməd Həsənov siyəzənli məşhur avtoritetin xalası oğludur. Hadisə ilə bağlı hazırda Nəsimi rayon 19-cu polis bölməsində cinayət işi qaldırılıb.

Bildirək ki, "Zero" barının Suraxanı Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Məmməd Mikayılova məxsus olduğu deyilir. Eyni zamanda həmin küçədə, barın yanında yerləşən dönərxana və "Real S" marketi də polis rəisinin "obyekt"lərindən hesab olunur.
Əgər ehtimallar doğrudursa, təəccüblü olan odur ki, əhalinin asayişinə cavabdeh olan belə bir təcrübəli polis işçisi öz məkanında niyə qanunun təntənəsinə nail ola bilmir?!

S. Xasmammedov
AzNews.az