08:41
(077) 610-22-33

Xələf Xələfov Özbəkistanlı XİN nümayəndələri ilə görüşdü

  • >
646 18 Sentyabr 2012 08:36 | Siyasət

Sentyabrın 17-də Azərbaycan Xarici İşlər Nazirliyində Azərbaycan Respublikası və Özbəkistan Respublikası xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib. Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Xələf Xələfov, Özbəkistan nümayəndə heyətinə isə bu ölkənin xarici işlər nazirinin müavini Komil Rəşidov başçılıq edib.

AzərTAc xəbər verir ki, görüşdə Xələf Xələfov iki ölkə arasında mövcud münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə edib, mövcud əməkdaşlığın bir sıra sahələrdə, o cümlədən mədəniyyət, təhsil və humanitar sahələrdə daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.
X.Xələfov Azərbaycanın dinamik inkişaf etdiyini, Cənubi Qafqaz regionunda aparıcı iqtisadiyyata malik olduğunu deyib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında qonağı ətraflı məlumatlandıran nazir müavini, münaqişənin regionda əməkdaşlığa böyük maneə olduğunu qeyd edib və Ermənistanın münaqişənin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqları süni şəkildə uzatmağa çalışdığını vurğulayıb. Mövcud status-kvonun qəbulolunmaz olduğunu qarşı tərəfin diqqətinə çatdıran X.Xələfov, regionda davamlı sülh və stabilliyin təmin olunması üçün Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması əsas şərt kimi qiymətləndirib.

Özbəkistanın xarici işlər nazirinin müavini Komil Rəşidov ölkəsinin Ermənistan-Azərbaycan münaqişəsində, hər zaman olduğu kimi, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb.

Eyni zamanda K.Rəşidov iki ölkə xalqları arasında qardaşlıq münasibətlərini yüksək qiymətləndirib. Azərbaycanda gedən surətli inkişaf haqqında təəssüratlandığını bildirən K.Rəşidov iki ölkə arasında nəqliyyat və infrastruktur, ticarət, enerji, hüquq-mühafizə sahələrində əməkdaşlığın əhəmiyyətini vurğulayıb, ölkəsinin bu əməkdaşlığın daha da gücləndirilməsində maraqlı olduğunu söyləyib.

AzNews.az
Bağla X