Zahid Oruc: “Biz sizi bazara buraxsaq, ilk mərhələdə döyəcəyik”



Ana Vətən Partiyasının sədr müavini, millət vəkili Zahid Orucun AzNews.az-a müsahibəsi:

-Zahid bəy, Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinoviskinin Ermənistana dəstək nümayiş etdirən çıxışına necə şərh verərdiniz?

-Böyük əksəriyyət ona daha artıq dərəcədə ekstravaqant fikirlərin, müxtəlif qalmaqallı bəyənatların və Rusiya siyasi həyatını destabilizasiya edən bir fiqurun işi kimi yanaşır. Bu mənada bir sıra hallarda ona qeyri-ciddi münasibət göstərirlər. Çox yalnış bir rəydir, çünki düşünün ki, bu 10 illər ərzində hətta Rusiya dumasının sədr müavini səviyyəsinə qalxaraq öz çevrəsində müxtəlif millətçi ideoloji baxışlı insanları saxlamaq çox zəif parametrə malik olan, avantüraya, ekstremizmə meylli siyasətçinin işi olmazdı. Onun Türkiyəyə bəlli bir patoloji nifrəti var, çünki Türkiyədə yaşadığı dövr ərzində qazamatda qalıb. Azərbaycana da münasibəti elə bu kökdəndir. Onun son bəyanatının bir başa terrora çağırış olduğunu və Rusiya dövlətinin imicini zədələdiyini biz Rusiyanın dövlət, hakimiyyət, parlament strukturlarına çatdırmalıyıq.

-Həmişə Qərbin ölkəmizə qarşı ikili standartlarla yanaşdığını deyirsiz. Ramil Səfərov məsələsinə münasibəti də bu "stantartlarla" əlaqələndirmək olar?

-Səfərovun cinayət işinin sanksiyasına Azərbaycan mətbuatında dərc edilən məqalələri, ayrı-ayrı analitik yanaşmaları, çağırışları da daxil ediblər. Hüquq tarixində görmüsünüzmü ki, bir şəxsin cinayət işini dəyərləndirərkən bir qəzet materialını sanksiyanın predmeti etsinlər? Bu nə Roma hüququnda, nə də Anqlosaks sistemində yoxdur. Beləliklə, bütün maraqlar ortaya çıxırdı ki, Ramil Səfərova belə qəddar yanaşma və qeyri-adekvat cəzanın verilməsi xüsusi siyasi niyyətlərə bağlı idi. Bunu da başlıca erməni amili ilə bağlamaq da çox yanlış yanaşmadır. Burada beynəlxalq maraqlar çox böyük rol oynadı. Səfərovun üzərində qurulan layihə ondan ibarət idi ki, Azərbaycan xalqına dərs versinlər. Göstərməyə çalışdılar ki, ermənini öldürməyin ağır cəzası olacaq. Bu xalqın Qarabağ uğrunda savaşının cəzasını verirdilər.

-Azərbaycan siyasətçiləri Ramil Səfərovun məsələsindən danışmaqda həvəsli deyillər. Bu mövzunun bitmiş hesab edirlər. Axı, Ermənistan hələ susmayıb...

-Belə bir mövqenin arxasında bu məsələnin hansısa nöqtədə əleyhimizə yönləndirilməməsi üçün mövzunu, sanki, arxa plana keçirmək istəkləri dura bilər. Lakin o da bu məsələyə yanaşmanın sona qədər qavramamaq, bütöv miqyasda görməməkdən irəli gəlir. "Quzuluq" kompelksi deyilən bir anlayış var. Mən istərdim ki, qeyri-məsələlərin izahı zamanı da siyasətçilərimiz Ramil Səfərovun mövqeyini tamamlasınlar. Burada humanist, hədsiz liberal şəxslər var ki, onlar bu məsələdə neytrallıq göstərməyə çalışırlar. Ramil Səfərov bilsə ki, özünü ermənilərə təslim etsə, Zəngilan azad olacaq. O, bu addımı da atar. Zərdüştləri, xədicələri və ya Xanlar Ələkbərzadə kimi hüquqşunasları bununla da susdurar

-Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanın Azərbaycana səfəri iki ölkə arasında gərginliyi azlada bildimi?

-Hesab etmirəm ki, gərginlik mövcud idi.

-Azərbaycanın İsraildən silah alması Türkiyə ilə münasibətləri qismən soyuqlaşdırmışdı...

-Hansısa məsələlərdə fərqli siyasətlər var. Bu da təbiidir, çünki bütün hallarda eyni xarici kursu həyata keçirən iki dövlət mövcud deyil. Bu mənada Türkiyənin yerləşdiyi məkan və qarşısına qoyduğu məqsədlər fərqlidir. Bu fonda Azərbaycanın da dostları fərqli ola bilər. Lakin faktdır ki, Türkiyənin düşməni Azərbaycanın da düşmənidir. Məsələnin ikinci tərəfi ondan ibarətdir ki, Türkiyə Azərbaycan əlaqələri regionda mühüm bir faktora çevrilib və bölgənin əsas çəkindirici nüvəsini təşkil edir. Azərbaycan Bakı-Ceyhan neft kəməri ilə, qaz layihələri ilə, dəmir yolu çəkilişləri ilə Türkiyənin strateji önəmini artırdı. Bir millət vəkili olaraq, Ərdoğanın Azərbaycana səfəri fonunda münasibətlərin bu cür strateji səviyyəyə qalxmasını nəzərə alaraq, iki ölkənin birgə hərbi birliyinin yaradılması təklifi ilə çıxış etdim.

-Türkiyə ilə Azərbaycan arasında viza rejiminin ləğv edilməməsinin səbəbkarı İrandı?

-İran amili burada rol oynayır. İranın viza rejiminə yanaşması onun xüsusi dövlət marağına xidmət edir. Düşünürlər ki, 70 milyondan artıq insanın müəyyən bir faizinin bura gəlməsi bizim üzərimizdə bir ekspansiya yaradacaq. Bunu biz Türkiyə üçün təklif edəcəyimiz təqdirdə İran da hiddətlənməkdədir. Son görüşlərə reaksiyalar da bunu sübut edir. İran 5-6 parametr üzrə Azərbaycanın əleyhinə çalışmaqdadır.

-Bəzi siyasətçilər Türkiyə-Ermənistan sərhədlərinin açılmasının tərəfdarıdırlar. Fikirlərini belə izah edirlər ki, Türkiyə sərhədi açsa, Ermənistan bu dövlətdən asılı düşəcək...

-Cəfəng bir mövqedir. Bu, ən adi arqumentlərlə tərksilah olan düşüncədir. "Quzu"luq kompleksindən irəli gəlir. Burada əsas ticarət obyektləri Rusiyanın əlindədir. Belə olan halda Türkiyə bu qədərmi güclüdür ki, Rusiya ilə üz-üzə gəlsin. Mənə söylədilər ki, vaxtilə Hollandiya bazarına daxil olmaq üçün iki ölkənin savaşı gedirmiş. Hollandiyanın kralından Danimarkanın rəhbəri xahiş edir ki, bizi də bazara burax. O da deyir ki, biz bazara sizi buraxsaq, birinci mərhələdə döyəcəyik, cəzalandıracağıq. Sonradan bazara daxil ola bilərsiz. Beləliklə, onlar buna razılaşır və bazarı ələ keçirirlər. Belə bir fəlsəfə ilə yanaşmanı Azərbaycan iqtisadçılarının dilindən eşidəndə heyrətlənirəm. Türkiyə ilə sərhədlər açılsa, Ermənistan dünyaya çıxış imkanı əldə edəcək.

-Ümumiyyətlə, Azərbaycanın daxilində ictimai-siyasi durumu necə qiymətləndirirsiz?

-Əlbəttə ki, müxalif partiyalar ötən dövr ərzində öz fəaliyyətlərinin bütün parametrlərini cəmiyyətə təqdim ediblər. Yəni onlar avanqard ideyalarla yaşaya bilmirlər, donor mənbələri tükənib, böyük maliyyə sıxıntıları yaşayırlar. Müxalifət İctimai Palata adında bir reanimasiya tipli təşkilat yaradıb. Bunun profili bəlli deyil, kifayət qədər qarışıq qüvvələrdən ibarətdir. Ölkənin siyasi-ictimai-iqtisadi həyatını çox kiçik səviyyədə əhatə edə bilirlər. Bunu öyünüləcək hadisə kimi dəyərləndirmirəm. Əslində, partiyalar sistemi nə qədər güclü olarsa, ölkə o qədər qüvvətli olur. Amma onların düşüncələri ilə bu ölkənin siyasəti qurula bilməz. Müxtəlif tədbirlərdə bir araya gələrkən onların kabinet şəraitində real proseslərdən nə qədər geri qaldıqları görünür. O cümlədən hakimiyyətlə münasibətləri daha çox media hesabına kifayət qədər radikal və kəskin əsaslarla qurulub.

-Bəs iqtidarın vəziyyəti?

-İqtidarın vəziyyəti fərqlidir. Prezident ictimaiyyətdən gələn çağırışları öz proqramına daxil edir. Çox peşəkarlıqla bu siyasət davam etdirilməkdədir. Beynəlxalq aləmdə Azərbaycanın mövqeyi nəzərə alınır. Eyni zamanda aparılan siyasət vətəndaşları da hansısa məsələlərdə narazı salıb. Xüsusilə də mülkiyyət toxunulmazlığı müqəddəsliyi təmin edə bilməmişik. Ayrı-ayrı məmurlar vətəndaşın haqqını pozur, daha çox mədə marağını ortaya qoyur. Bir sıra hallarda hesabatlılıq və şəffaflıq çatışmır. Bötüvlükdə 2013-cü ilin seçki mübarizəsinin əsas rəqibi o problemlər və hakimiyyətin bunları necə həll etməsi ustalığı durur. Burada alternativ bir qüvvə meydana çıxaraq o fonda hakmiyyətlə yeni bir savaş cəbhəsi açacağına inanmıram.

-Ana Vətən Patiyasının prezident seçkilərində namizədi kim olacaq?

-Ana Vətən partiyasının və digər hakimiyyət siyasətini müdafiə edən, iqtidarın platformasını qəbul etmiş qüvvələrin hamısının vahid bir lideri var. O da İlham Əliyevdir və 2013-cü ilin prezident seçkilərində də onu dəstəkləyəcəyik.

İlkin
AzNews.az