17:13
(077) 610-22-33

Rusiyalı siyasi ekspert: “Cənubi Qafqazda müharibənin başlaması an məsələsidir”

  • >
585 18 Sentyabr 2012 15:28 | Siyasət

“Ermənilər hələ də baş düşmürlər ki, bu konfliktin qan tökməklə həlli yolu yoxdur və olmayacaq”



Rusiyalı siyasi ekspert, Regional Problemlər İnstitutunun baş direktoru Dmitri Juravlyovun APA-nın Moskva müxbirinə müsahibəsi

- İnformasiya məkanında Şimali Qafqazda, o cümlədən Dağıstanda vətəndaş müharibəsinin getdiyi və ya müharibəyə hazırlıq haqda fikirlər səslənir. Regionda mövcud vəziyyəti kim gərginləşdirir və rəsmi Moskva Şimali Qafqazda terror və ekstremizmlə niyə mübarizə apara bilmir?

- Şimali Qafqazda baş verən hadisələr regionda təzyiqin artdığının göstəricisidir. Mən buna müharibənin başlanması deməzdim. Hansısa mərhələdə müharibə Dağıstanda mütəmadi olaraq davam edir. Nəinki, Şimali Qafqazda, bütün Rusiya İslamı ərazisində bu zəmində baş verən toqquşmalar müsəlman cəmiyyətinin daxilində gedir. Həm Şimali Qafqazdakı, həm də Tatarıstan və Volqaboyundakı nüfuzlu din adamlarının düşmənləri xaricdə olan qüvvələrdən çox daxildə olan müsəlmanlardır. Bu regionlarda demək olar ki, müsəlmanların düşməni elə müsəlmanların özləridir. Şimali Qafqazda olanda nüfuzlu din adamlarından biri mənə demişdi ki, burada ruslarla heç kəsin işi yoxdur, sərbəst gəzə bilərsiniz. İki cəbhəyə ayrılan müsəlmanların bir qismi ənənəvi İslamı, digər qismi isə sələfiliyi təmsil edir. Əslində Şimali Qafqazda ikinci istiqaməti təmsil edənlər heç sələfilər də deyil. Onların hamısı bu adın altında gizlənən, ənənəvi İslama və regionun tanınmış din adamlarına qarşı mübarizə aparan şəxslərdir. Bunun əsl İslama heç bir dəxli yoxdur. Şimali Qafqazda baş verən hadisələri terror və ekstremizmlə çox sıx bağlamaq da düzgün deyil.

Əgər rəsmi Moskva bütün bunlara qarşı mübarizə aparmaq istəyirsə, ilk növbədə bu regionda işsizlərin sayını azaltmalıdır və əhalinin federal hökumətə inamını bərpa etməlidir. Bu regionda baş qaldıranların hamısı işsiz-gücsüz adamlardır. Baxın, vəziyyət nə yerə çatıb ki, rəsmi tədbirlərdə ilk olaraq Rusiyanın dövlət himni çalınır, bu zaman tədbirdəkilərin 70 faizi ayağa qalxır. Daha sonra isə həmin respublikanın himni çalınır. Bu zaman isə hamı ayağa qalxır. Dağıstanda müharibə gedir. Lakin bu təşkilatlanmış müharibə deyil. Həm Dağıstan, həm də Çeçenistanın elitası regionda müharibənin əleyhinədir. Onları mövcud vəziyyət qane edir. Burada bir-birinin ardınca terror aksiyaları baş verir. Bunları törədənlər də gələcəyi şübhə altında olan işsiz cavan nəsildir.

- Şimali Qafqazda baş verən hadisələri Tatarıstandakı hadisələrlə əlaqələndirmək olarmı?

- Əlbəttə ki, bütün bu baş verənlər bir-biri ilə bağlı olan hadisələrdir. Eyni tendensiya bütün Rusiya müsəlman cəmiyyətində gedir.

- Ramil Səfərovun Azərbaycana ekstradisiyası və əfv olunması ilə bağlı Ermənistanın isterikasını necə şərh edərsiniz?

- Əminəm ki, Azərbaycan tərəfi başqa addım ata bilməzdi. Ramil Səfərovu öz ölkəsinə qaytarmaq və əfv etmək ölkə prezidenti tərəfindən atılmış doğru addım idi. İlham Əliyevin bu addımı təəccüblü deyildi. Ermənistan tərəfi isə bu addıma başqa cür reaksiya verə də bilməzdi. İki düşmən ölkədən biri hansısa mübarizədə qalib gəlirsə, o birinin addımı gözlənilən olur. Ona görə də, hesab edirəm ki, Ermənistanın bu addımı gözlənilən idi.

- Ramil Səfərov ətrafında baş verən hadisələrdən sonra Azərbaycan və Ermənistan arasında müharibənin başlanma ehtimalı nə qədərdir?

- Cənubi Qafqazda müharibənin başlanması an məsələsidir. Çünki bütün yollar dalana dirənib. Siyasilər də belə problemləri çox zaman hərb yolu ilə həll etməyi sevirlər. Ona görə də, Dağlıq Qarabağda müharibə təhlükəsi çox yaxındadır. Amma bu müharibədə qalib tərəf olmayacaq. Xarici güclər tərəflərdən heç birinə qalib gəlməyə icazə verməyəcək.

- Bütün dünyada terrorla mübarizənin getdiyi bir dövrdə, düz bir həftə bundan qabaq erməni terror təşkilatı ASALA bütün dünya ictimaiyyətinin gözü qarşısında xaricdə yaşayan azərbaycanlıları açıq-aşkar terrorla hədələyib. Bunu necə şərh edərdiniz?

- Ermənilər hələ də baş düşmürlər ki, bu konfliktin qan tökməklə həlli yolu yoxdur və olmayacaq.

- NATO baş katibi Anders Foq Rasmussenin bu ayın əvvəllərində Cənubi Qafqaza səfəri baş tutdu. Gürcüstana səfəri çərçivəsində Rasmussen "Gürcüstanın gələcək evi-NATO-dur" bəyanatı ilə çıxış edib. Bunu necə şərh edərdiniz?

- Gürcüstan əvvəl-axır NATO-ya üzv olacaq. Çünki bunu həm Gürcüstan, həm də NATO istəyir. NATO açıq-aşkar Gürcüstanı üzv qəbul edəcəklərini bəyan edib. Hal-hazırda Gürcüstan hərbi sisteminin NATO standartlarına tam uyğunlaşdırılması prosesi gedir. Bu proses başa çatdıqdan sonra NATO Gürcüstanı öz sıralarına qatacaq. Lakin bu birinci növbədə Gürcüstanın özü üçün, ikinci növbədə isə qonşu dövlətlər üçün pis olacaq. Çünki, hər hansı bir hərbi təşkilatın mövcudluğu regionda gərginliyin artması deməkdir. Hətta bu hərbi təşkilatda bir ABŞ əsgəri olmasa belə! Gərginliyin artması eyni zamanda qonşu dövlətlərin silahlanma səviyyəsinin artmasına gətirib çıxaracaq. Bu təkcə Azərbaycan və Ermənistana aid deyil, həm də İrana aiddir. Ona görə də, hesab edirəm ki, Gürcüstanın NATO-ya üzv qəbul olunması region üçün təhlükəlidir.

- Yaxın gələcəkdə Rusiya-Gürcüstan münasibətləri üçüm necə proqnoz verərdiniz?

- Gürcüstanda hələ belə bir illüziya var ki, Qərb hər şey deməkdir. Dar gündə kömək ancaq Qərbdən gələcək. Çox təəssüflər olsun ki, SSRİ vaxtında Azərbaycan, Qazaxıstan, Özbəkistan və Belarusdan başqa qalan dövlətlər özlərini təmin edə bilmirdilər. Belə demək mümkündürsə, yerdə qalan dövlətlər bu dörd ölkənin hesabına yaşayırdılar. İndi də, Qərb nə vaxtsa bunları yedizdirməyi dayandıracaq. Hal-hazırda biz Ukraynanın timsalında bu vəziyyətin şahidi oluruq. O zaman Gürcüstanın köməyinə kim gələcək?! Gürcüstanda baş verənlər bu günə hesablanıb, gələcəyə yox!

AzNews.az
Bağla X