Çingiz Qənizadə: “Var gücümlə çalışıram ki, Nigar azadlığa buraxılsın”

Hüquq müdafiəçisi, deputat Çingiz Qənizadə sentyabrın 19-da "Media forum" saytına açıqlama verib. O deyib ki, Müsavat fəalı Nigar Yaqublunun həbsinə təəssüflənir: "Nigar Yaqublu gənc, ali təhsilli Azərbaycan xanımıdır.

Təəssüf edirəm ki, belə bir hadisə baş verib, bir nəfər həyatını itirib, o biri şəxs isə həbs olunub. Mən mətbuata əlavə heç nə demədən var gücümlə çalışıram ki, yaxın vaxtlarda Nigar azadlığa buraxılsın.

Onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün əlimdən gələni edirəm. Ümid edirəm ki, bunun nəticələrini tez bir zamanda görəcəyik".

Nigar Yaqublu sentyabrın 11-də tutulub. Məhkəmə onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçib. Həbs müsavatçı Aydın Acalovun ölümü ilə nəticələnən avtomobil qəzasının istintaqı ilə bağlıdır.

Qəza avqustun 25-də Bakıda baş verib. İstintaq Aydın Acalovun avtomobilini Nigar Yaqublunun idarə etdiyini və qəzanın onun təqsiri üzündən baş verdiyini iddia edir.

AzNews.az