17:10
(077) 610-22-33

İctimai Palata rəsmən parçalandı

  • >
1 187 20 Sentyabr 2012 09:50 | Siyasət

Zəfər Quliyev: “Mənimlə birlikdə Köçəri Nağıbəyli və Pənah Hüseyn də istefa verdi”




"Dünən keçirilən iclasın sonunda istefa vermək niyyətində olduğumu üzvlərə və iştirakçılara bəyan etdim". Bunu AzNews.az-a İctimai Palatanın Koordinasiya Şurasının üzvü Zəfər Quliyev deyib. Onun sözlərinə görə, Pənah Hüseyn də istefa vermək niyyətində olub: "İclasa sədrlik edən Pənah Hüseyn də məndən əvvəl istefa vermək niyyətində olduğunu bildirdi. Daha sonra Köçəri Nağıbəyli də burada fəaliyyət göstərməyin mənasız olduğunu qeyd etdi. Bildiyiniz kimi, iclasda müzakirə olunan məsələ AXCP və Müsavat partiyalarının Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında Avropa Parlamentinə göndərilən bəyanatı imzalamaları idi. Burada bir neçə fikir səsləndirildi. Lakin təəssüflər olsun ki, iclasda iştirak edən koordinasiya şurasının 11 üzvü liderlərin mövqeyini dəstəklədi".

Z.Quliyev hesab edir ki, İP-in öz prinsipial mövqeyi olmalıdır: "Pənah bəy çıxışında bildirdi ki, partiyaların bəyanata imza atmalarını onların öz mövqeyi kimi qəbul edək, İctimai Palatanın yox. Ramil Səfərovla bağlı İP-də fikir ayrılığı yoxdur. Biz də hesab edirik ki, Avropa Parlamenti Səfərovla bağlı qərəzli mövqe nümayiş etdirib. Amma partiyaların bu prosesdə iştirak etməsini və qətnamənin bütövlükdə əleyhinə çıxmalarının əleyhinəyik. Bu, siyasi cəhətdən səhvdir. Bütün bunlara baxmayaraq, bizim təkliflərimiz keçmədi. Ona görə də qərara gəldik ki, İctimai Palata güclü, müstəqil qurum kimi işləyə bilmirsə, partiyaların arxasınca gedirsə, biz burada fəaliyyət göstərə bilmərik. İstefa vermək niyyətində olduğumuzu elan etdik. Orada texniki prosedur məsələsi var. Bu, bizim şəxsi seçimimizdir. Yaxın günlərdə istefa verməyimiz rəsmi şəkildə təsdiqini tapacaq".

Koordinasiya Şurasının üzvü qeyd edib ki, Rauf Arifoğlu istefa verməyəcək: "Əslində, Rauf Arifoğlu bizə qarşı çıxış etdi. Bildirdi ki, bu cür yanaşmalar İP daxilində parçalanma yarada bilər. O qədər də sərt mövqe nümayiş etdirməyib. Ola bilər ki, o da istefa versin. Mən buna inanmıram".

İlkin
AzNews.az
Bağla X