Rövşən Lənkəranski koma vəziyyətindədir Rövşən Lənkəranski koma vəziyyətindədir

Məşhur avtoritet güllələndi

Rövşən Lənkəranski koma vəziyyətindədir



Cəmiyyətdə kriminal avtoritet kimi tanınan, "oğru dünyası"nın məşhur simalarından olan Rövşən Caniyevin (Lənkəranski) güllələnməsi xəbəri yayılıb. AzNews.az-a daxil olan və hələlik dəqiqləşdirilməmiş məlumata görə, Rövşən Canıyevə sui-qəsd Qərbi Avropa ölkələrindən birində törədilib. 4 güllə yarası alan Caniyev hazırda koma vəziyyətindədir.

Məlumatlara görə, hadisənin törədilməsində gürcülərin adı hallandırılır. Xatırladaq ki, bir neçə ay öncə Caniyevə Dubayda sui-qəsd olmuşdu və bu zaman də məhz gürcü millətindən olan şəxslərin adı hallanırdı.

Qeyd edək ki, R.Caniyevin bu yaxınlarda Azərbaycanda baş tutan toy mərasimində iştirakı planlaşdırılsa da, kriminal avtoritet bu mərasimdə iştirak etməyib.

Rövşən Lənkəranski 1975-ci il yanvarın 27-də Lənkəran şəhərində doğulub. 1996-cı ildə Astara rayon xalq məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub. Səbail rayon məhkəməsinin 1997-ci il martın 7-də verdiyi qərarı ilə cəzadan şərti azad olunub. 2000-ci ilin iyulunda yenidən məsuliyyətə cəlb olunub. Bu dəfə 2000-ci ilədək qüvvədə olan Cinayət Məcəlləsinin 15, 94-cü maddəsi (qəsdən adam öldürməyə cəhd) və 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə ittiham olunub. Lakin məhkəmə onun barəsində psixi müalicəyə göndərilməsi barəsində qərar çıxarıb. 2001-ci ildə Sabunçu rayon məhkəməsinin qərarı ilə R.Caniyev cinayət məsuliyyətindən azad edilib.

2002-ci ildə isə R.Caniyev barəsində olan cinayət işi təzələnib. Lakin R.Caniyev istintaqdan qaçıb gizləndiyinə görə, onun barəsində 01.07.2002-ci ildə axtarış elan olunub.

2008-ci ilin fevralında Ukrayna Daxili İşlər Nazirliyinin əməkdaşlarının keçirdiyi xüsusi əməliyyat zamanı o, həbs olunub. Şevçenko Rayon Məhkəməsi R. Caniyev haqqında 40 günlük həbs qərarı çıxarsa da, Ukraynada qaçqın status aldığına görə həbsdən azad edilib. Daha sonra məhkəmə R. Caniyevin qaçqın statusunu da ləğv edib. 2009-cu ilin dekabrın 3-də həbs olunan R. Caniyev dekabrın 13-də Azərbaycana ekstradisiya olunub.

2010-cu il martın 19-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə qəsdən adam öldürməyə cəhddə və qanunsuz olaraq odlu silah gəzdirməkdə ittiham olunan R. Caniyev 2 il 10 ay 19 gün həbs cəzası alıb. İstintaq müddətində həbsdə olduğu və kəsilən cəza müddətinin başa çatdığı nəzərə alınaraq, R. Caniyev məhkəmə zalından azadlığa buraxılıb.

S.Xasmamedov
AzNews.az