08:28
(077) 610-22-33

Hərbi ekspert: “Hərbi təlimlərə media nümayəndələri də dəvət olunmalıdır”

  • >
447 21 Sentyabr 2012 10:15 | Siyasət

"Ola bilsin ki, cəbhə xəttində hansısa lokal xarakterli toqquşmalar baş versin"



"Hər bir dövlətdə olduğu kimi, Azərbaycanda da hər il müxtəlif miqyaslı hərbi təlimlər planlaşdırılır və keçirilir". Bunu AzNews.az-a hərbi ekspert Üzeyir Cəfərov Azərbaycanda keçirilən hərbi təlimlərə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, hərbi təlimlər bölük səviyyəsindən tutmuş birləşmə səviyyəsinə kimi keçirilir: "Elə ən böyük təlimlərdən biri də bu il 2 hərbi birləşmədə keçirilib. Onlardan birinə müdafiə naziri Səfər Əbiyev şəxsən rəhbərlik edib.

Dünən keçirilən hərbi təlimlər də qabaqcadan planlaşdırılan təlimlərdən biridir. Bu təlimlər regionda baş verən hərbi əzələ nümayişi fonunda bir qədər tezləşdirilən hərbi manevrlərdən biridir. Bu normal bir praktikadır. Fərq ondadır ki, Rusiyanın təhriki ilə həm Ermənistanda KTMT-nin keçirdiyi təlimlər, həm də Cənub Federal Qoşunların Krasnodar ərazisi də daxil olmaqla keçirdikləri iri miqyaslı, indiyə kimi müşahidə olunmayan təlimləri idi".

Ekspert əlavə edib ki, Azərbaycanın keçirdiyi təlimlərin əhəmiyyəti ondadır ki, bu qoşunların döyüş qabiliyyətinin daha da yüksəlməsinə, baş verə biləcək fors major hadisələrə hazırlıqların nə dərəcədə olmasına əminlikdir: "Belə təlimlər nə qədər çox keçirilsə, döyüş hazırlıqları yüksək peşəkarlıq səviyyəsinə çatdırılacaqdır. Keçirilən təlimlərə, onların müəyyən bir hissəsinə ölkəmizdə akkreditə olunmuş xarici ölkə səfirliklərinin hərbi attaşeləri, o cümlədən media nümayəndələri də dəvət olunsunlar. Bunun özü də bir təbliğat vasitəsidir və ölkənin gücünün göstəricisini dünyaya bəyan etmək baxımından əhəmiyyətlidir".

Ü.Cəfərov qeyd edib ki, bu təlimlərin guya, hansısa müharibə anonsu olması fikri doğru deyil: "Bununla qətiyyən razı deyiləm və bunlar tamam ayrı-ayrı şeylərdir. Bir də regionda olan və gözlənilən siyasi və iqtisadi mənzərə baxımından yaxın müddət ərzində hansısa müharibə olmasını mən görmürəm. Ola bilsin ki, cəbhə xəttində hansısa lokal xarakterli toqquşmalar baş versin, amma bu heç bir halda müharibə anlamına gəlmir və tərəflərin belə bir niyyəti də hiss olunmur".

İlkin
AzNews.az
Bağla X