Fransua Olland:“Ermənistan keçdiyi müstəqillik yolu ilə fəxr edə bilər”

Fransa prezidenti Fransua Olland Ermənistanın müstəqillik günü münasibətilə serj Sarkisyana təbrik məktubu göndərib. AzNews.az-ın erməni mətbuatına istinadən xəbərə görə, Olland məktubunda Ermənistanın ünvanına xoş sözlər işlədib.

Fransa prezidenti qeyd edib ki, Ermənistan keçdiyi müstəqillik yolu ilə fəxr edə bilər. Olland həmçinin Ermənistanın demokratiya və inkişaf yolunda irəlilədiyini və beynəlxalq arenada mövqelərini möhkəmləndirdiyini vurğulayıb.

Fransa-Ermənistan əlaqələrinin dərin tarixi köklərə malik olduğunu deyən Olland bütün sahələrdə etibarlı əməkdaşlığın hökm sürdüyünü bildirib. Xalqlar arasında da möhkəm dostluq münasibətlərinin olduğunu vurğulayan Olland 20 il əvvəl başlanılan yolu davam etdirmək niyyətində olduğunu deyib.

Fransa prezidenti Qarabağ münaqişəsinə də toxunub və Ermənistanın danışıqları davam etdirməklə bağlı qətiyyətini yüksək qiymətləndirib.

Sadiq Musa
AzNews.az