09:33
(077) 610-22-33

Azərbaycanda yeni medal təsis olunur

  • >
598 24 Sentyabr 2012 11:50 | Siyasət

Azərbaycanda yeni medal təsis olunur. Milli Məclisdən Trend.az-a verilən məlumata görə, "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyi" yubiley medalının təsis edilməsi ilə bağlı yeni qanun layihəsi hazırlanıb və parlametə təqdim olunub.

"Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna ediləcək dəyişikliklərdə "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyi" yubiley medalı haqqında Əsasnamə"nin və medalın təsvirinin təsdiq edilməsi nəzərdə tutulur.

Parlamentə təqdim olunan əsasnamədə qeyd olunur ki, bu medalla Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası uğrunda fəal iştirakına görə, dövlət müstəqilliyinin qorunub saxlanmasında və inkişafında xüsusi xidmətlərinə görə Azərbaycan vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif edilirlər. Yubiley medalı ilə yuxarıda qeyd olunan şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif edilirlər. Bu medal döşün sol tərəfinə, Azərbaycan respublikasının digər orden və medalları olduqda, "Tərəqqi" medalından sonra taxılır.

Yubiley medalı ensiz lövhə ilə birgə bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 35 mm olan dairəvi lövhədən ibarətdir. Medalın ön tərəfi üzərində iri səkkizguşəli ulduzun içərisində olan Azərbaycan Respublikasının xəritəsində "20 il" sözləri həkk olunub. Ulduzun guşələri arasında olan hissədə səkkiz ədəd xırda fiqurlar əks olunub.

Medalda çevrə boyunca "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyi" sözləri yazılıb. Medalın arxa tərəfi hamar səthlidir, orta hissəsində qızıl rəngli "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyi" sözləri, aşağı hissədə "1991-2011" rəqəmləri, yuxarı hissədə medalın seriyası və nömrəsi həkk olunub.

AzNews.az
Bağla X