Nigarı müdafiə komitəsi yaradıldı

Bu gün Müsavat Gənclər Təşkilatının həbsdə olan sədr müavini Nigar Yaqublunun Hüquqlarının Müdafiəsi Komitəsinin təsis iclası keçirilib. Partiyadan APA-ya verilən məlumata görə, iclasda Nigar Yaqublunun Hüquqlarının Müdafiəsi Komitəsi təsis olunub.

Toplantıda Müsavat Partiyasının başqanı İsa Qəmər deyib ki, ölkənin tanınmış vəkilləri öz təşəbbüsləri ilə N. Yaqublunun hüquqlarını müdafiə etməyə qoşulublar: "Cəmiyyətin müxtəlif kəsimləri ilə məsləhətləşərək Nigar Yaqublunun hüquqlarını müdafiə etmək məqsədilə Müdafiə Komitəsi yaratmaq qərarına gəldik. Müdafiə Komitəsində təmsil olunmaq istəyənlərin sayı çoxdur.

Politoloq Eldar Namazov, keçmiş deputat Gültəkin Hacıbəyli Müdafiə Komitəsində təmsil olunmaq istəyini mənə bildirib. Məsləhət belə oldu ki, Müdafiə Komitəsinə rəhbərliyi Mehriban Vəzir icra etsin. Müdafiə Komitəsinin işinin hüquqi tərəfi üçün Vaqif Hacıbəylin sədr müavini kimi köməyindən istifadə edəcəyik. Leyla Əliyeva komitənin beynəlxalq məsələlərlə bağlı işində sədr müavini kimi fəaliyyət göstərəcək. Komitənin işində gənclərin də fəaliyyətinin sistemləşdirilməsi üçün Tural Abbaslı da müavin kimi çalışacaq. Yaxın müddətdə Mehriban xanımın rəhbərliyi ilə iclas keçirib dəqiq iş bölgüsü aparacaqlar. Biz də bu prosesdə tam gücümüzlə iştirak edəcəyik".

Daha sonra müdafiə komitəsinin sədri Mehriban Vəzir, AXCP sədri Əli Kərimli, Müsavat Partiyasının Mərkəzi İcra Aparatının sədri Arif Hacılı, İctimai Palatanın Koordinasiya Şurasının üzvü Pənah Hüseyn, Dini Etiqad və Vicdan Azadlığını Müdafiə Mərkəzinin sədri Hacı İlqar İbrahimoğlu, AXCP sədrinin müavini Gözəl Bayramlı, Müsavat Partiyasının Qadınlar Şurasının sədri Vəfa Cümşüdlü, Müsavat Gənclər Təşkilatının sədr müavini Əhəd Məmmədli, Siyasi Azadlıqları Müdafiə Alyansının koordinatoru Samir Kazımlı və Bəxtiyar Hacıyev çıxış ediblər.

AzNews.az