İsrailli politoloq Aviqdor Eskin: “Ermənistan indiyə qədər azərbaycanlılara qarşı cinayət törətmiş şəxslərin heç birini məhkəməyə cəlb etməyib”

Tanınmış israilli politoloq, publisist, ictimai xadim Aviqdor Eskinin AzNews.az-a eksklüziv müsahibəsi:

- Bakı ilə İrəvan arasında münasibətlər Ramil Səfərovun qanuni və hər tərəfli əsaslandırılmış ekstradisiyası ilə bağlı yenidən pisləşdi. Cəbhə xəttində gərginlik artdı, Bakı bütün ordu birləşmələrinin iştirakı ilə Müdafiə naziri Səfər Əbiyevin komandanlığı altında hərbi təlimlər keçirdi. Siz necə hesab edirsiniz, bütün bunlar Qarabağda müharibənin yenidən başlanması ehtimalını artırırmı?

-Səfərovun əfvi ilə bağlı Erməni tərəfinin narazılığını başa düşmək olar. Bununla belə, İrəvanın bu cür mövqe sərgiləməsi ikili standartlardan xəbər verir. Çünki Ermənistan tərəfi indiyə qədər Azərbaycan xalqına qarşı cinayət törətmiş şəxslərin heç birini məhkəməyə cəlb etməyib. Monte Melkonyan Ermənistanda milli qəhrəman sayılır. Yeni mühitin və vahid standartların yaradılması çox vacibdir.

Bununla belə, müharibənin başlayacağını gözləmək yersizdir. Ermənistan müharibəyə hazır deyil və Moskvadan da razılıq ala bilməyəcək. Azərbaycan da bütün danışıqlar mexanizmi tamamilə tükənmədikcə Ermənistana hücum etməyəcək

- Rusiyadakı erməni diasporu Moskvada anti-Azərbaycan mitinqi təşkil etdi. Mitinqin gedişində "məşhur" Vladimir Jirinovski çıxış etdi və qəddar bəyanatlar səsləndirdi. Faktiki olaraq erməniləri Azərbaycanlılara qarşı fiziki zorakılığa çağırdı. Siz bu faktı necə şərh edərdiniz?

- Jirinovski – daha çox aktyordur, nəinki siyasətçi. Onun bu məsələ ilə bağlı mövqeyi kommersiya əlaqələri və maraqları ilə izah edilməlidir. İstənilən halda o, bu məsələdə yalnız özünü və öz maraqlarını təmsil edir.

- Qəbələ RLS məsələsi hələ də həllini tapmayıb. Siz necə hesab edirsiniz, Bakı ilə Moskva Qəbələ RLS-in icarəsi ilə bağlı razılığa gələ biləcəklərmi?

-Bu, Bakının Moskva ilə münasibətləri düzəltməkdə nə qədər maraqlı olmasından asılıdır. Fikirləşirəm ki, çoxları ABŞ-dakı seçkilərin nəticələrini və Vaşinqtonun hansı kursu tutacağını gözləyir

- Yeri gəlmişkən, indi bütün dünya müsəlmanları ABŞ-da çəkilmiş Məhəmməd peyğəmbər barədə qısa metrajlı filmə etiraz edir. Bununla belə, filmin həqiqi sifarişçiləri müəyyənləşdirilməyib. Bundan əlavə bu "əsərin" çoxsaylı qurbanları var. Sizin bu barədə fikirləriniz necədir?

-Bu cür 3-cü növ filmi ekranlaşdırmaq üçün o qədər də böyük büdcə tələb olunmur. Belə görünür ki, ideya müəllifi bu qalmaqaldan qazanmaq istəyib. Burada hər-hansı konkret sifarişçi olmayıb. O ki, qaldı qurbanlara, onlar filmin rejissorunun əli ilə ölməyiblər. Ərəb ölkələrində davamlı olaraq Yəhudi dininə qarşı film və karikaturalar çəkilir. Ancaq biz səfirlikləri daş-qalaq etmirik. Əgər hər bir xırda təhqiredici amilə görə, insanlar belə reaksiya versələr, onda dünyada qan su yerinə axar.

- Sizin fikrinizcə, Suriyada vəziyyət nə vaxt düzələcək?

-Suriyada vəziyyət prezident Əsədin xeyrinə dəyişib. Ordu və güc strukturları, eləcə də xalqın əhəmiyyətli hissəsi onun tərəfindədir. Misirdən fərqli olaraq, müsəlman qardaşları Suriyada əksəriyyəti təşkil etmir. Müxalifət isə son zamanlar əldən düşüb. Bundan əlavə, Əsəd Səddam Hüseynin və Müammar Qəddafinin həyatının necə bitdiyini görüb və onların taleyini yaşamaq istəmir. Məncə Suriya məsələsi ilə "Ərəb baharı"nın son nöqtəsi qoyulacaq. .

Həmid Həmidov
AzNews.az