Azərbaycanın rəsmi dövlət qəzeti “Azərbaycan” bu gün nəşr olunan sayında “ABŞ-da məhkəməsiz həbs olunmaq” başlıqlı məqalə dərc edib. Azərbaycanın rəsmi dövlət qəzeti “Azərbaycan” bu gün nəşr olunan sayında “ABŞ-da məhkəməsiz həbs olunmaq” başlıqlı məqalə dərc edib.

Rəsmi qəzetdən Obama ilə bağlı daha bir sərt - Yazı

Azərbaycanın rəsmi dövlət qəzeti “Azərbaycan” bu gün nəşr olunan sayında “ABŞ-da məhkəməsiz həbs olunmaq” başlıqlı məqalə dərc edib.



Həmin məqalədə ABŞ prezidenti Barak Obama tənqid olunur, despot adlandırılır, dünyaya qan uddurmaq siyasəti yeritdiyi bildirilir.

AzNews.az məqaləni təqdim edir:

ABŞ Prezidenti Barak Obama güclü hegemonluq və despotizm əlamətləri nümayiş etdirir. Öz milli hüquqlarını qorumaq, müstəqilliyini gücləndirmək, Amerikadan fərqli yanaşma nümayiş etdirmək istəyən dövlətlər, xüsusilə də müsəlman ölkələri ciddi təzyiqlərə məruz qalır. Həmin ölkələrdə hakimiyyət çevrilişləri həyata keçirilir, vətəndaş qarşıdurması stimullaşdırılır, bütün bunlar nəticə vermədikdə isə onlara qarşı birbaşa hərbi təcavüz edilir. Bu gün Əfqanıstan, İraq, Liviya, Suriya, Misir və digər ölkələrin xalqları "demokratiya" və "rifah" adı altında yürüdülən siyasətin fəlakətli nəticələrinə görə cənab Obamaya "minnətdar" olmalıdırlar. "Uoll striti işğal et!", Ferqyuson hadisələri və digər faktlar təsdiq edir ki, ABŞ-da insanlar öz fikirlərini sərbəst şəkildə ifadə edə bilmir, onlara mövcud idarəçiliyə qarşı etiraz səslərini ucaltmağa imkan verilmir, hətta elementar hüquqlarını müdafiə etməkdə belə acizdirlər. Ferqyuson hadisələri göstərdi ki, hətta jurnalistlər, bloqçular, vəkillər, hüquq müdafiəçiləri belə istənilən formada təzyiqlə üzləşə bilərlər.

Cənab Obamanın tənqidçilərini susdurmağa yönəlmiş sevimli alətlərindən biri də həbsdir. Baxmayaraq ki, Amerika prezidenti öz çıxışlarında az qala tanınmış hüquq müdafiəçilərini də geridə qoyur. Quantanamoda bugünə kimi "terrorçuluqda" və ya "terrorçularla əlbir olmaqda" şübhəli bilinən insanlar saxlanılır. Onların sayı, törətdikləri cinayətlər, saxlanma şəraiti barədə heç kimin məlumatı yoxdur. Çünki cənab Obama öz sələfləri kimi onların üzərində ədalət məhkəməsinin həyata keçirilməsini artıq hesab edir. Üstəlik, mövcud vəziyyəti tənqid edən jurnalistlər və fəalların özləri də həbslərə məruz qalırlar. 2013-cü ilin aprelində jurnalist və ictimai fəal Deniel Makqouen "Haffington Post"da Təcridxanalar üzrə Federal Büronu tənqid etdiyinə görə həbs olunmuşdu. Makqouenin həbsinə əsas kimi onun vaxtından əvvəl azadlığa buraxılma şərtlərini pozması kimi obyektivliyi şübhə doğuran iddia göstərilmişdi. Hüquq müdafiəçiləri bu həbsin siyasi motivli olduğu qənaətinə gəlmişdilər. Bu fakt təsdiq edir ki, Amerika məhkəmələri siyasi sistemin təzyiq vasitəsi olan hüquq-mühafizə orqanlarının nökərinə çevriliblər. Müxtəlif beynəlxalq təşkilatların rəylərini, qərar və qətnamələrini, habelə beynəlxalq konvensiyalarda təsbit olunmuş müddəaları əsas kimi göstərərək ayrı-ayrı ölkələrə hücum edən ABŞ nədənsə heç bir təşkilatın qarşısında məsuliyyət daşımaq istəmir, həmin konvensiyaları da, ümumiyyətlə, rədd edir. Seçkilər dövründə ATƏT müşahidəçilərinə göstərilən hörmətsizlik və təzyiqlər də bunun bariz nümunəsi hesab oluna bilər.

ABŞ ordusunun keçmiş qulluqçusu Bredli Menninq 2010-cu ildə İraqda Amerika hərbi helikopterinin dinc insanları güllələməsi ilə bağlı videonu internetə yerləşdirməklə əsl qalmaqal yaratdı. Həmin güllələmə əməliyyatında nüfuzlu media orqanlarının jurnalistləri də həlak olmuşdular. ABŞ hökuməti məsələnin araşdırılacağını bəyan etsə də, bütün səylərini informasiyanı ictimailəşdirən şəxsin tapılmasına yönəltdi. Daha sonra Menninq jurnalist Adriano Lamo ilə əlaqə quraraq ABŞ hərbçilərinin vəhşilikləri barədə materialları ona ötürdü və həmin məlumatlar ardıcıl şəkildə Wikileaks saytında verildi. 2010-cu ildə elə həmin A.Lamo tərəfindən verilmiş məlumat əsasında həbs olunan Menninq əvvəlcə iki ay Küveytdəki Kemp-Arifcan ABŞ hərbi bazasında saxlandı, iyulda isə ABŞ-a gətirildi. Menninqə qarşı irəli sürülmüş ittihamlara əsasən, onu 52 il azadlıqdan məhrumetmə cəzası gözləyirdi.

2011-ci ilin martında isə bir daha təsdiq olundu ki, ABŞ-ın məhkəmə sistemi öz Orwell xüsusiyyətinə sadiq qalır. Meninqə ona qarşı irəli sürülmüş ittihamlara daha 22-si əlavə olundu və buna görə də o, ölüm hökmünə məhkum oluna bilərdi.

Psixoloji problemləri olan Menninq vəkili Devid Kumbas vasitəsilə ictimailəşdirdiyi məktubda bildirmişdi ki, onu bütün gün ərzində birnəfərlik kamerada saxlayırlar, gözətçilər müntəzəm qaydada əsassız yoxlamalar təşkil edir, bütün gecə və səhər baxışlarında paltarsız olur. Amerika ictimaiyyətinin, "Amnistey İnternational" təşkilatı başda olmaqla hüquq-müdafiə təşkilatlarının, müxtəlif ölkələrin tanınmış ictimaiyyət nümayəndələrinin Menninqi azad etmək və ona dəstək xarakterli müraciətləri heç bir nəticə vermədi. 2013-cü ilin avqustunda o, 35 il müddətinə azadlıqdan məhrum edildi. Bunu da ABŞ hakimiyyətinin və şəxsən Prezident B.Obamanın beynəlxalq ictimai rəyə əsl münasibəti kimi qəbul etmək olar.

Bu arada ABŞ hakimiyyətinin siyasətini ifşa edən və bununla da bütün dünyaya əsl xidmət göstərmiş şəxslərə qarşı kampaniya davam edir. Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) və Milli Təhlükəsizlik Agentliyinin (MTA) keçmiş əməkdaşı Edvard Snouden 2013-cü ilin iyununda "The Guardian" və "The Washington Post" qəzetlərinin redaksiyasına ABŞ xüsusi xidmət orqanlarının mövcud informasiya və rabitə şəbəkələri vasitəsilə total şəkildə dünya üzrə ayrı-ayrı ölkələrin vətəndaşlarını izlədiyinə dair çoxsaylı faktları əks etdirən məxfi materiallar göndərmişdi. İndi o, Rusiyada gizlənməyə məcburdur. Snoudenin son açıqlamaları təsdiq edir ki, o, öldürüləcəyindən bərk ehtiyatlanır.

Eləcə də bütün insani hüquqlarından məhrum olan Wikileaks saytının yaradıcısı Culian Assanc 2012-ci ilin iyunundan, yəni 3 ildir ki Ekvadorun Londondakı səfirliyində "yaşamağa" məhkumdur. Bugünə kimi Assanca qarşı rəsmi şəkildə anlaşıqlı heç bir ittiham irəli sürülməyib. 2012-ci ilin sentyabrında isə ABŞ onu "dövlətin düşməni" elan edib.

Bütün bunlar Vaşinqtonun öz opponentlərinə qarşı necə qəddar davranış nümayiş etdirdiyinin əyani sübutlarıdır. Üstəlik, rəsmi Vaşinqton əlində olan bütün vasitələrlə Assancı və Snoudeni müdafiə edən medianı, hüquq-müdafiə təşkilatlarını susdurur. Bəli, cənab Obamanın siyasətində bu təcrübə də yeni deyil. 2013-cü ildə Russia Today telekanalının əməkdaşları həbs olunaraq 32 saat təcridxanada saxlandılar. Jurnalistlər Corciya ştatında "ölüm məktəbi" adlandırılan hərbi-təlim bazasına qarşı etiraz aksiyasını çəkərkən həbs olunmuşdular. Aksiyaçılar hesab edirdilər ki, həmin düşərgədə Latın Amerikasının ən qəddar qatilləri, diktatorları və s. hazırlanır. Jurnalist Keyli Forts bildirmişdi ki, onunla qəddar rəftar ediblər. Hüquq müdafiə təşkilatları da jurnalistlərin həbsini şiddətli qınamışdılar. Maraqlıdır ki, müxtəlif ölkələrdə jurnalistlərin həbsi və ya onlara qarşı hücumları pisləyən ABŞ-ın aparıcı media orqanları bu hadisəyə laqeyd qalmışdılar.

Cənab Obama E.Snouden, B.Menninq, C.Assanc kimi şəxslərin fəaliyyətindən narahatdır. Snoudenin təcrübəsi göstərir ki, ABŞ-ın aidiyyəti orqanları dünyanın istənilən nöqtəsində onun kimiləri izləyə, tapa və haqq-hesab çəkə bilərlər. Çünki müxtəlif ölkələrdə ABŞ-ın ssenariləri əsasında baş verən qanlı hadisələr, Quantanamo faktoru və digər bu kimi hallardan sonra hamıda Amerikanın həm daxili, həm də xarici siyasətində ədalət məfhumunun olmadığı, verilən yüksək bəyanatların isə gözdən pərdə asmaq xarakteri daşıdığı rəyi formalaşıb. Obama çıxışlarından birində demişdi ki, Amerika bütün dünyada demokratik dəyərləri qoruyacaq. Amma Ferqyuson hadisələrindən sonra əhali ədalətli mühakimə gözlədiyi halda, Obama vətəndaşları qaradərili gənci qətlə yetirən polis əməkdaşının hərəkətlərində heç bir qeyri-qanuni əməl tapmayan və onu sərbəst buraxan məhkəmənin qərarına sakit yanaşmağa çağırmışdı. Əvəzində isə Obama polis əməkdaşlarının təlimini gücləndirmək məqsədilə Konqresdən əlavə 263 milyon dollar istəmişdi. Bu pulun aqibəti ilə maraqlanmadan sual oluna bilər ki, öz ölkəsində insanların hüquqlarının belə kobud şəkildə pozulmasına göz yuman, üstəlik, onları ittiham hədəfinə çevirən bir dövlət başçısı dünyada demokratiyanı necə qoruya bilər? İkili standartları dövlət siyasəti səviyyəsinə yüksəltmiş cənab Obama dünyadan özünə və təmsil etdiyi dövlətə qarşı inam və etimad gözləməkdə haqlıdırmı? Bir neçə il əvvəl Misirə səfəri zamanı Obama ABŞ-ın müsəlman dünyası ilə yeni münasibətlər qurduğunu bəyan etmişdi. Görəsən bundan sonra o, iraqlıdan, suriyalıdan, liviyalıdan ABŞ haqqında nə düşündükləri ilə maraqlanıbmı?

Bu ilin fevralında Vox telekanalına müsahibəsində ABŞ prezidenti demişdi: "Dünyada pis oğlanlar var ki, bizə ziyan vurmaq istəyirlər. Biz güclü orduya malik olmalıyıq və zaman-zaman bizə lazım olanı etmək istəməyən ölkələrin əllərini burmalıyıq ki, onlar özlərini elə aparmasınlar ki, elə bil bizdə müxtəlif iqtisadi, diplomatik və yaxud, bəzi hallarda hərbi rıçaqlar yoxdur, hansılar ki var". Obama "Amerikanın dünyanın bir nömrəli ölkə olması" ideyasının qurbanına çevrilib. Əlbəttə, əgər o, hegemon və despotik idarəçiliyini, dünyaya qan uddurmaq siyasətini davam etdirəcəksə, bütün dünyanı Amerikaya qarşı qaldıracaq və yəqin ki, birincilik iddiası baş tutmayacaq.

Bu il Konqresə illik müraciətində cənab Obama Ukrayna ilə Rusiya arasında qarşıdurmanı nəzərdə tutaraq demişdi ki, "biz "böyük ölkələr kiçik ölkələri qorxuda bilməzlər" prinsipini müdafiə edirik". Görəsən İraq ABŞ-dan neçə dəfə böyükdür?