04:14
(077) 610-22-33

Azərbaycan-Sloveniya işgüzar görüşü keçirildi

  • >
933 4 Mart 2015 19:38 | Siyasət

Bu gün Bakı Biznes Mərkəzində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Sloveniya işgüzar görüşü keçirilib.



Nazirliyin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, görüşdə Sloveniya parlamenti Milli Şurasının sədri Mitya Bervarın
rəhbərlik etdiyi və Sloveniyanın müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamlarının da daxil olduğu nümayəndə iştirak edib.

İqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizin qazandığı iqtisadi uğurlar barədə məlumat verib, Azərbaycanın xarici investisiyalar üçün əlverişli və cəlbedici ölkə olduğunu vurğulayıb. O, Sloveniya və Azərbaycan arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğunu qeyd edib, bu potensialdan səmərəli istifadənin, iş adamları arasında əlaqələrin genişləndirilməsinin Sloveniya-Azərbaycan iqtisadi-ticarət əməkdaşlığının inkişafında əhəmiyyətini, iqtisadi əlaqələrin inkişaf istiqamətlərini diqqətə çatdırıb. Qeyd olunub ki, iş adamları arasında əlaqələrin intensivləşdirilməsi istiqamətində Azərbaycan və Sloveniyanın ixracın və investisiyaların təşviqi qurumları uğurla əməkdaşlıq edir.

Görüşdə Azərbaycan-Sloveniya iqtisadi əməkdaşlığının genişləndirilməsinin, ticarət dövriyyəsinin artırılmasının vacibliyi vurğulanıb.

Sloveniya parlamenti Milli Şurasının sədri M.Bervar Azərbaycana səfərindən və keçirilən görüşlərdən məmnunluğunu bildirib, ölkəsinin Azərbaycanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb.

Azərbaycanda investisiya mühiti və biznes imkanlarına dair təqdimatla çıxış edən AZPROMO-nun rəhbəri Rüfət Məmmədov təqdimatında ölkəmizin qazandığı iqtisadi uğurlar, sahibkarlar üçün yaradılmış əlverişli biznes və investisiya mühiti barədə məlumat verib. Azərbaycanın xarici investisiyalar üçün cəlbedici ölkə olduğunu vurğulayan AZPROMO rəhbəri sloveniyalı iş adamlarını fəal əməkdaşlığa dəvət edib.

Görüşdə Sloveniya şirkətlərinin rəhbərləri təmsil etdikləri qurumların fəaliyyəti barədə məlumat verib, sənaye, turizm və s. sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.
Bağla X