23:09
(077) 610-22-33

Əli Həsənovun yeni dərsliyi nəşr olundu - “Azərbaycanın geosiyasəti”

  • >
2 083 6 Mart 2015 23:17 | Siyasət

Müasir dövrdə bütün dünyada, o cümlədən Avrasiya məkanında müstəqillik əldə etmiş və beynəlxalq münasibətlərin subyektinə çevrilmiş hər bir müstəqil dövlət özünün geosiyasi statusunu və fəaliyyət normalarını, milli inkişaf və təhlükəsizlik məsələlərini, milli maraq dairələrini və hədəflərini öyrənir, ölkəsinin daxili və xarici aləmdən qaynaqlanan geosiyasi, geoiqtisadi və hərbi-geostrateji maraqlarının qorunması mexanizmlərini təklif edir, milli təhlükəsizlik və hərbi doktrinalarının yaradılması və s. strateji vəzifələrin reallaşdırılması ilə məşğul olur.



Bu mənada Azərbaycan Respublikası Prezidentinin ictimai siyasi-məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əli Həsənovun yenicə çapdan çıxmış "Azərbaycanın geosiyasəti" adlı dərsliyi müasir dövrdə bu məsələlərin tədqiq olunması sahəsində yeni bir istiqamət açır.

Professor Əli Həsənovun bu dair sanballı əsəri müstəqilliyimiz dövründə Azərbaycanın həm milli inkişaf, həm də təhlükəsizlik siyasətinin öyrənilməsi baxımından çox dəyərli bir tədqiqat işidir.

Kitabda qeyd edilir ki, dünyanın geosiyasi reallıqlarına və təhlükəsizlik sistemlərinə ən çox təsir göstərən və fərqli xüsusiyyətlər gətirən amillərdən biri də Avrasiyada Xəzər-Qara dəniz hövzəsi, Orta Asiya və Cənubi Qafqazda yeni müstəqillik əldə etmiş dövlətlərin milli inkişaf və təhlükəsizlik sahəsində həyata keçirdikləri geosiyasət hesab olunur.

Müəllif göstərir ki, gənc müstəqil dövlət kimi ölkəmizin dünya birliyində tutduğu mövqe və qazandığı nüfuz onun beynəlxalq və regional səviyyələrdə reallaşdırdığı milli inkişaf strategiyasından, həyata keçirdiyi geosiyasətin çevikliyindən, səmərəliliyindən və beynəlxalq aləmlə yaratdığı geosiyasi münasibətlərdən asılıdır.

Azərbaycanın Avropa və Asiyanın nəqliyyat-kommunikasiya xətlərinin kəsişmə nöqtəsində, geosiyasi, hərbi-geostrateji və geoiqtisadi cəhətdən mühüm əhəmiyyət kəsb edən, enerji ehtiyatları ilə zəngin Avrasiya məkanında yerləşməsi onun beynəlxalq, regional və milli maraqlarının əsas istiqamətlərinin, eləcə də mexanizmlərinin müəyyənləşməsinə həlledici təsir göstərir.

Professor Əli Həsənov kitabın əvvəlində Azərbaycanın qədim zamanlardan Birinci Dünya müharibəsinə qədərki geosiyasi vəziyyəti, eyni zamanda, bu dövrdə regiondakı geosiyasi vəziyyət və xarici dövlətlərin fəaliyyəti, Azərbaycanın müstəqilliyinin elan edilməsi və onun Cənubi Qafqazın geosiyasi vəziyyətinə təsiri geniş təhlil edilir. Bununla yanaşı, müharibənin başa çatmasından sonra Cənubi Qafqazda geosiyasi vəziyyətin dəyişməsi, Xalq Cümhuriyyəti hökumətinin diplomatik manevrləri və Cümhuriyyətin iflası səbəbləri araşdırılıb.

XX əsrin sonunda Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra dövlətçiliyini inkişaf etdirərək möhkəmləndirmək üçün tarixi fürsət əldə etmiş oldu. Azərbaycanın geosiyasəti və beynəlxalq aləmlə münasibətlərinə dair sistemli şəkildə araşdırılmış kitabda ilk öncə Azərbaycanın müasir milli inkişaf strategiyasının mahiyyəti açıqlanır, səciyyəvi cəhətləri, vəzifələri və hədəfləri öyrənilməklə yanaşı, əsas mərhələləri və xarakterik xüsusiyyətləri izah edilir. Bundan əlavə, ölkəmizin geosiyasi statusu, müasir geosiyasi inkişaf xüsusiyyətləri, geosiyasi fəaliyyət kodeksi, eləcə də XXI əsrdə Azərbaycanın qarşısında dayanan əsas geosiyasi vəzifələr və perspektivlər açıqlanır.

Kitabın Azərbaycanın beynəlxalq aləmlə geosiyasi münasibətlərinə həsr edilmiş ikinci bölməsində Avrasiyanın ümumi geosiyasi xarakteristikası və müasir vəziyyəti təhlil edilməklə yanaşı, Avrasiyanın regional geosiyasi vəziyyətinə təsir göstərən fərqli maraqlar sistemi, transmilli, regional və milli hədəflər göstərilir, ABŞ-ın, Türkiyənin, Rusiyanın, Avropa İttifaqının və digər aparıcı dünya dövlətlərinin Avrasiya siyasəti və Azərbaycanla geosiyasi münasibətlərinin xarakteristikası verilir.

Professor Əli Həsənov postsovet məkanında SSRİ-nin dağılmasından sonrakı geosiyasi prosesləri, MDB-nin yaranması və fəaliyyəti, qurumdaxili qruplaşma meyillərinin əsas səbəbləri və istiqamətləri, geosiyasi, geoiqtisadi və hərbi-strateji münasibətlərin əsas meyilləri və tendensiyaları çərçivəsində çoxtərəfli inteqrasiya proseslərinin xarakteristikasını verməklə yanaşı, Orta Asiya, Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın müasir dünya siyasətindəki yeri və rolu, dövlətlərin geosiyasi, hərbi-strateji, geoiqtisadi maraqlar sistemi və Azərbaycanla münasibətlərinin də kitabda geniş təhlilini verib.

Eyni zamanda, müəllif Qara dəniz hövzəsinin beynəlxalq və regional maraqlar sistemində xarakteristikasını açıqlayaraq, müasir dövrdə Ukraynanın geosiyasi və hərbi-geostrateji mövqeləri, Azərbaycan-Ukrayna münasibətləri, Qara dəniz hövzəsinin geosiyasətində Belarus və Moldovanın rolu, eləcə də ölkəmizlə geosiyasi tərəfdaşlıq strategiyasını göstərib. Bundan əlavə, kitabda Cənubi Qafqazın regional geosiyasi maraqlar sistemində Azərbaycan, Gürcüstan və Ermənistan arasındakı münasibətlərin, xüsusilə dinc yanaşı yaşamanın əsas şərtləri və tələbləri də kitabda öz əksini tapıb. Bundan əlavə, Xəzər hövzəsi və Cənubi Qafqazın geoiqtisadi xarakteristikası, beynəlxalq, regional, yerli maraqlar sistemi, Azərbaycan regional geoiqtisadi maraqları və enerji strategiyası araşdırılan kitabın Azərbaycanın beynəlxalq aləmlə geosiyasi münasibətlərinə həsr edilmiş üçüncü bölməsində transmilli dünya güclərinin Xəzər hövzəsi və Cənubi Qafqazdakı geoiqtisadi maraqları və fəaliyyətinin xarakteristikası verilib.

Bu bölmədə Azərbaycanın Xəzər dənizinin karbohidrogen ehtiyatlarının sərbəst istehsalı və ixracı siyasətinin beynəlxalq və regional geoiqtisadi nəticələri, Xəzərin hüquqi statusu probleminə tarixi, müasir geosiyasi yanaşmalar və Azərbaycanın geoiqtisadi maraqları açıqlanır. Bununla yanaşı, bildirilir ki, ölkəmizin enerji mənbələri və onun bölgədə yaratdığı müasir geoiqtisadi vəziyyət, eləcə də Xəzərin neft-qaz ehtiyatlarının Avropanın enerji təhlükəsizliyindəki rolunun öyrənilməsi çox zəruridir və mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, kitabda Xəzər-Qara dəniz hövzəsi ölkələri və digər beynəlxalq güclərin müasir enerji ixracı maraqları, eləcə də bunun bölgənin ümumi geoiqtisadi vəziyyətinə təsiri, Azərbaycanın enerji ixracının şaxələndirilməsi siyasətinin regionun ümumi geoiqtisadi vəziyyətinə təsiri məsələləri də kitabda öz əksini tapıb.

Kitabın növbəti bölməsində Cənubi Qafqazın hərbi-siyasi problemləri və Azərbaycanın təhlükəsizlik siyasəti geniş təhlil edilib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regionun əsas təhlükəsizlik predmeti kimi göstərilib. Müəllif qeyd edir ki, ölkəmizin əsas təhlükəsizlik problemi Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan ərazilərinin davam edən işğalı və onun ağır sosial-iqtisadi nəticələridir.

Müəllif Ermənistanın Azərbaycana təcavüzünün araşdırılmasına Dağlıq Qarabağ münaqişəsinin tarixi köklərini təhlil etməklə başlayır və kitabda elmi mənbələr əsasında ermənilərin Dağlıq Qarabağda, eləcə də tarixi Azərbaycan torpaqlarında məskunlaşdırılmasının ayrı-ayrı mərhələləri haqqında geniş məlumat verilir. Eyni zamanda, erməni millətçilərinin ərazi iddiaları, azərbaycanlılara qarşı müxtəlif vaxtlarda həyata keçirilən terror, etnik təmizləmə və soyqırımı siyasətindən ətraflı bəhs olunur.

Bununla yanaşı, XX əsrin 80-ci illərinin ikinci yarısından başlayaraq Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və işğalçılıq siyasəti araşdırılır və baş verən hadisələr xronoloji ardıcıllıqla təhlil olunur ki, bu da müasir dövrdə problemin daha dərindən öyrənilməsi üçün olduqca zəruridir. XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və sovet rəhbərliyinin ermənipərəst Qafqaz siyasəti, Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı və münaqişənin BMT Təhlükəsizlik Şurasında müzakirəsi, ATƏT-in Minsk qrupunun yaradılması və fəaliyyəti, digər beynəlxalq təşkilatların münaqişəyə dair mövqeləri və qəbul etdikləri sənədlər geniş təhlil edilib, eləcə də bu istiqamətdə Azərbaycanın diplomatik fəaliyyəti açıqlanıb.

Əli Həsənov kitabda müasir dövrdə qloballaşmanın, eləcə də regionda gedən transmilli geosiyasi proseslərin tələbləri və çağırışları fonunda ölkənin hərbi-geostrateji, siyasi, iqtisadi, enerji, demoqrafik, ekoloji, informasiya və digər həyati əhəmiyyətli sahələrində müşahidə olunan prosesləri araşdırır, bütün bu sahələrdə yürüdülən təhlükəsizlik siyasətinin səviyyəsini, səmərəliliyini tədqiq edir və qiymətləndirir, gələcəkdə daha çevik təhlükəsizlik siyasəti yürüdülməsinin zəruriliyini əsaslandırır.

Dərsliyin elmi redaktoru siyasi elmlər doktoru, professor Elman Nəsirov, rəyçiləri Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, tarix elmləri doktoru, professor Musa Qasımlı, siyasi elmlər doktoru, dosent Hikmət Məmmədov, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Elçin Əhmədov, redaktoru fəlsəfə üzrə fəlsəfə doktoru Vüqar Səlimovdur.

AzərTac
image description image description
Bağla X