10:58
(077) 610-22-33

Şeyx ABŞ-ı biganəlikdə ittiham etdi

  • >
973 11 Mart 2015 15:02 | Siyasət

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta və Corctaun Universitetinin imamı Yəhya Hendi ilə görüşüb.



AzNews.az APA-ya istinadən xəbər verir ki, A. Paşazadə bildirib ki, ABŞ dünyanın iri dövlətlərindən biridir və onun Azərbaycanla münasibətləri bu bölgədə yaşayan müsəlmanlar üçün də əhəmiyyətlidir.

Şeyxülislam qeyd edib ki, yeni səfiri əvvəldən də tanıyır və ümid edir ki, onun yeni fəaliyyəti Azərbaycanın üzləşdiyi problemlərin həllində önəmli olacaq. O, Ermənistanın Azərbaycana qarşı təcavüzündən, Dağlıq Qarabağ münaqişəsindən danışaraq deyib ki, dünya ictimaiyyəti, o cümlədən ABŞ hələ də bu məsələyə biganədir: "Amma biz inanırıq ki, sizin fəaliyyətiniz dövründə Azərbaycan torpaqlarının azad olunmasında ABŞ-ın da böyük rolu olacaq. Qarabağda çoxlu mədəniyyət, dini abidələrimizin dağıdılmasına dünya ictimaiyyəti, əsasən də ABŞ biganə qalmamalıdır. İşğal zamanı baş verən Xocalı faciəsindən artıq dünyada hamının xəbəri var. Ümumiyyətlə, müharibə dövründə itkilərimiz çox olub. Yaşlı insanlar, uşaqlar və qadınlar, dinc əhali vəhşicəsinə öldürülüb. Bu, bizim hələ da sağalmayan yaralı yerimizdir. Biz ABŞ-ın bu yaranın sağalmasında rol oynayacağına ümid edirik".

R. Sekuta isə şeyxülislama böyük hörmətinin olduğunu ifadə edərək bildirib ki, Azərbaycanın üzləşdiyi hadisələrlə bağlı sadalananlar onu da ağırıdır: "Biz birlikdə gələcəyə doğru baxmalıyıq, bu problemlərin həlli yollarını axtarıb tapmalıyıq. Səmavi kitabların bizə öyrətdiyi prinsipləri təməl tutaraq dünyanı sülhə dəvət etməliyik".

İmam Yəhya Hendi isə bəyan edib ki, dünyada İslam adına ləkə vurmağa çalışanlar var: "İŞİD, Taliban və "Boko Haram" kimi təşkilatlar heç vaxt İslam adından danışa bilməzlər. İslam terroru yox, sülhü təbliğ edir. Mən inanıram ki, Azərbaycanın da üzləşdiyi işğala son qoyulacaq və buradakı müsəlman qardaşlarımla o torpağa səfər edə biləcəyəm".

Daha sonra görüş mətbuata qapalı davam edib.
Bağla X