19:19
(077) 610-22-33

Müxalif partiya sədri Avropa Oyunları ilə bağlı çağırış etdi: “Dayandırın...”

  • >
7 695 1 May 2015 14:48 | Siyasət

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev I Avropa Oyunlarının ölkəmizdə keçirilməsi və bununla bağlı aparılan qara piar kampaniyası ilə bağlı geniş yazı ilə çıxış edib.

AzNews.az-a göndərilən həmin yazını təqdim edirik:



Avropa oyunlarına az müddət qaldıqca, cəmiyyətdə bu böyük tədbirin "lazımlı, yoxsa ziyanlı?"dilemmasına cavab axtarışı daha da aktuallaşıb. Çünki ona verilən məlumat axını diametral ziddiyyət təşkil edir. Tərəflərdən biri turnirin müstəsna əhəmiyyətindən söz açır, digəri isə hər bir işin az qala düşmənçiliklə eyniyyət təşkil etdiyini cəmiyyətə təlqin etməyə çalışır. Söhbət əlbəttə ki, iqtidar və radikal müxalifət təmsilçilərindən gedir.
Lakin cəmiyyətə 3-cü tərəfin də mövqeyini çatdırmağa zərurət yaranmışdır. Əvvəla onu bildirmək istərdim ki, tədbir idman yarışı olduğu qədər də, siyasi mahiyyətə malikdir. Ona görə də siyasi çevrələrin məsələyə münasibəti ictimai rəydə üstünlük təşkil edir. Adı çəkilən müxalifət spektri ilk Avropa oyunlarından, onun ərəfəsi və keçirilmə zamanı yaranan yeni situasiyadan yararlanmağa təşəbbüs göstərir. Eyni mənzərə 2012-ci il Eurovizion müsabiqəsi vaxtı da müşahidə edilirdi.



Fikrimizcə, məsələyə bir qədər fərqli baxmaq lazımdır. Azərbaycan hakimiyyəti son illərdə iri kapital tutumlu idman layihələrində təşkilatçı olmaq təşəbbüsü göstərib. Bu həm Olimpiya oyunları ilə, həm futbol üzrə Dünya və Avropa çempionatları ilə bağlı olub. Göstərilən cəhdlərdən bəziləri uğursuz olsa da, bir sıra müsabiqələrdə tədbirlərin keçirilmə hüququnu ala bilmişik. Son 10 ildə ölkədə 300-ə qədər irili xırdalı beynəlxalq idman turniri keçirilib. Cari ildə keçirilməsinə hazırlaşdığımız ilk Avropa oyunları, şəksiz ki, bu sırada ən möhtəşəm tədbirdir.
Dünya miqyaslı tədbirlərə ev sahibliyi hüququnun əldə edilməsi ilə bağlı dünya mətbuatında son dövrlər bir sıra ifşaedici məlumatlar dərc edilir. Xüsusən FİFA rəhbərliyinin yol verdiyi nöqsanlar ciddi şəkildə ictimai rezonans doğurub. Hətta dünya futbolunun patriarxı sayıla biləcək Yozef Blatter, Rusiya-2016 və Qətər-2020 seçimləri ilə əlaqəli xeyli izahat vermək məcburiyyətində qalmışdı. Dolaşan söhbətlərə görə hər 2 seçimdə korrupsiya mətləbləri dövriyyədə olub. Belə mətləblərin ortaya çıxmasının tam əsassız olduğunu da iddia etmək çətindir. Çünki həm Rusiya, həm də Qətər demokratik və hakimiyyət üzərində ictimai nəzarət olan dövlətlər deyil. Eyni zamanda bu dövlətləri demokratik adlandırmaq da olmur. Belə dövlətlərin parıltılı idman tədbirlərinə can atmalarının səbəbi, daxili siyasi qüsurları qlamurun altında ört-basdır etməkdir.

Dünya ictimai rəyində belə nümunələr, təəssüf ki, mənfi stereotip formalaşdıra bilib. Bizi belə təhlükəninin gözləməməsi üçün, bir sıra ölkədaxili məsələlərdə diqqətli olmamız vacibdir. Hesab edirəm ki, Avropa oyunları astanasında dünyanın müzakirə etdiyi daxili siyasi məhbus problemimizi çözmək vaxtı yetişib. Gələcəkdə belə bahalı layihələrə qərar verərkən, ölkənin daxili iqtisadi, maliyyə, sosial durumu nəzərə alınmalıdır. Kiçik və orta biznesin zəiflədiyi, ixracatımızın əsas hissəsinin karbohidrogen xammalı olduğu, idxaldan asılılıq dərəcəmizin yüksəkliyi şəraiti, emal və istehsal sənaye sahələrinin qurulma zərurətinin mövcudluğu, qaçılmaz Qarabağ müharibəsinin təhdidi altında olduğumuzun reallıqları nəzərə alınmalıdır.



Lakin bütün bu qüsurlarla yanaşı ev sahibliyi edəcəyimiz beynəlxalq idman yarışına Dövlətin və Millətin dünyaya təqdimat tədbiri kimi baxmalı, bədxahların dəyirmanına su tökməməliyik. Çünki Azərbaycanın bu miqyaslı tədbirə təşkilatçılığı ilk növbədə düşmənlərimizi narahat edir. Təbii ki, onların sırasına ölkənin varını talamaq istəyən transmilli biznes və siyasi çevrələr də qoşulur. Biz hamımız anlayırıq ki, ölkənin siyasi dəngəsinə onların münasibəti nədən ibarətdir. Bu tədbir öncəsi təşkil olunan demarş Azərbaycandan, İlham Əliyevdən deyil, daha çox güzəşt əldə etməkdir. Zatən bütün siyasi müxalifət məlumatlıdır ki, narazı olduğumuz bu hakimiyyətin yaşamasında onların iştirak payı hansı həcmdədir-həlledici qədər. Ona görə də xarici havadarların sifarişi ilə Avropa oyunlarını gözdənsalma təşəbbüsləri yanlış və ziyanlıdır. Həqiqətənmi bizlər, haqqında danışdığımız külli vəsaitlərin xarclənməsinin qarşısının alınmasında zəifimizi və məsuliyyətimizi dərk etmirik? Doğurdanmı infrastruktura, abadlığa, idman qurğularına yatırılmış kapitalın gələcəkdə özümüzə xidmət edəcəyinin fərqində deyilik? Məgər bizlər düşmən və bədxahlar tərəfindən dünyada cızılan "vəhşi türk-müsəlman" obrazımızın dağıdılmasına lüzum və tədbiri bu yalançı cildin pozulmasına vəsilə görmürük?
Biz toplum olaraq, ümummilli məsələlərdə vahid mövqedən çıxış etmək vərdişi əldə etməliyik, daxili ixtilaflarımız ölkənin iç qovğası üçündür. Siyasi müşküllərin çözülməsi üçün başqa imkanlar aranmalıdır.

Avropa oyunlarının keçirilməsi ilə bağlı işlər yekunlaşmaq üzrədir. Bu mərhələdə, prosesin geri dönməz xarakter aldığını, xərclənən vəsaitin çoxluğunu, bu vəsaitin yalnız təbliğatımıza istifadə gərəkliyini nəzərə alaraq, öz adımdan, rəhbərlik etdiyim Vətəndaş və İnkişaf partiyası adından hamını əks təbliğatı dayandırmağa və tədbirin təbliğatçısına çevrilməyə çağırıram.




Bağla X