13:06
(077) 610-22-33

Erməni kəşfiyyatçı: “Qarabağ qaytarılmalıdır”

  • >
1 113 4 May 2015 20:41 | Siyasət

Ötən il dekabrın 26-da cəbhəninAğdam rayonu istiqamətində qoşunların təmas xəttini keçən erməni kəşfiyyatçı Baqdasaryan Arsen Eduardoviçin cinayət işi üzrə məhkəmə baxışı Gəncə Ağır Cinayətlər Məhkəməsində günün ikinci yarısında davam etdirilib.



Ötən il dekabrın 26-da cəbhəninAğdam rayonu istiqamətində qoşunların təmas xəttini keçən erməni kəşfiyyatçı Baqdasaryan Arsen Eduardoviçin cinayət işi üzrə məhkəmə baxışı Gəncə Ağır Cinayətlər Məhkəməsində günün ikinci yarısında davam etdirilib.

APA-nın qərb bürosunun məlumatına görə, hakim Elbəy Allahverdiyevin sədrlik etdiyi prosesdə Arsen Baqdasaryanın vəkil Ramiz Abdullayev çıxış edib.
Vəkil məhkəmədən müdafiə etdiyi şəxsə qarşı Cinayət Məcəlləsinin 228-ci (29, 282.2) maddəsi (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi üzrə irəli sürülən ittihamın cinayət işindən çıxarılmasını xahiş edib.
Vəkil deyib ki, A. Baqdasaryanın silah gəzdirməsi barədə sırf onun özünün etiraf olub, cinayət işində bu barədə sübut yoxdur.

O, təqsirləndirilən şəxsin ona qarşı irəli sürülən ittihamlarla razılaşdığını da bildirib.

Daha sonra Arsen Baqdasaryan prosesdə son söz deyib. O, Azərbaycanla 20 il əvvəl olduğun kimi, sülh şəraitində yaşamaq istədiyini vurğulayıb. A. Baqdasaryan bildirib ki, bunun üçün Qarabağ qaytarılmalıdır, başqa cür sülh şəraitində yaşamaq mümkün deyil.

O, həmçinin Ermənistanın hamını aldatdığını da açıqlayıb: "Bizi Azərbaycana nifrət hissi ilə böyüdüblər. Lakin burada nifrət dolu nəsə görmədim. Azərbaycanlılar istəsəydilər, məni öldürə bilərdilər. Ancaq mənə heç bir işgəncə vermədilər".

A. Baqdasaryan daha sonra ona polkovnik tərəfindən tapşırıq verildiyini bildirib: "Mənə dedi ki, get minaları basdır. Basdırmayacağım halda mənə qarşı cinayət işi açılacağını, hərbçi kimi vəzifəmi yerinə yetirməyə borclu olduğunu bildirdi. Mən bura keçəndən sonra isə barəmdə internetdə yanlış məlumatlar yaydılar ki, guya orda mənim haqqımda cinayət işi olub, vətən xaini olmuşam. Bunlar hamısı yalandır".

A. Baqdasaryan səhvini anladığını deyib, məhkəmədən ona minimum cəza təyin etməsini xahiş edib.

Proses sabah davam etdiriləcək. Prosesdə hökm oxunaсağı gözlənilir.

Qeyd edək ki, bu gün günün birinci yarısında prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror Anar Mirkişiyev Arsen Baqdasaryanın cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Xatırladaq ki, Respublika Hərbi Prokurorluğunun yaydığı məlumata görə, ötən il dekabrın 26-da cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttini keçən ermənilərin kəşfiyyat-təxribat qrupunun üzvü olan peşəkar hərbi qulluqçu Baqdasaryan Arsen Eduardoviç Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının sayıqlığı nəticəsində yaxalanıb və hüquq mühafizə orqanlarına təhvil verilib.

Həmin fakt üzrə Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.2.7-ci, 29,120.2.12-ci və 29,282.2-ci maddələri ilə cinayət işi başlanıb və istintaq aparılıb.

İstintaqla müəyyən olunub ki, Ermənistanda xüsusi təlim keçən Arsen Baqdasaryan Azərbaycan Respublikasının Ermənistan Respublikası tərəfindən işğal altında saxlanılan Ağdərə rayonu ərazisində yerləşdirilən Ermənistan silahlı qüvvələrinin tərkib hissəsi olan 49971 saylı hərbi hissədə müqavilə əsasında baş çavuş hərbi rütbəsində kəşfiyyat bölüyünün tağım komandiri vəzifəsində fəaliyyət göstərdiyi zaman hərbi hissə komandirindən (adı və soyadı bəllidir) Azərbaycan Respublikasının vətəndaşlarını milli ədavət və düşmənçilik niyyəti ilə qəsdən öldürmək, Azərbaycanın müdafiə qabiliyyətini zəiflətmək məqsədilə Silahlı Qüvvələrimizin müdafiə mövqelərinə tərəf keçib səngərlərdə partlayışlar törətmək üçün mina basdırılması barədə göstərişlər alıb. Arsen Baqdasaryan bu məqsədlə cinayətkar birliyin digər üzvləri ilə birlikdə (onların adları və soyadları istintaqa bəllidir) 2014-cü il dekabrın 26-da saat 15 radələrində qoşunların təmas xəttini gizli olaraq keçərək Azərbaycan Silahlı Qüvvələrinin müdafiə mövqelərində özləri ilə götürdükləri 7 ədəd "fuqas" tipli piyada əleyhinə minalardan 3 ədədini Azərbaycan hərbi qulluqçularının daha çox gedib-gəldiyi səngər yollarında yerləşdirdikdən sonra geri qayıtmaq istəyərkən tutulub. Cinayət törətməkdə əsaslı şübhələr olduğundan Arsen Baqdasaryan barəsində Bakı Hərbi Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

İş üzrə zəruri istintaq hərəkətləri aparılaraq hadisə yerinə, habelə Arsen Baqdasaryanın üzərindən götürülmüş soyuq silaha və digər əşyalara, torpağa basdırılmış minalardan birinə, həmçinin digər iki minanın partladılmaqla zərərsizləşdirildiyi yerə baxış keçirilməklə, məhkəmə-tibbi, kompleks məhkəmə psixiatrik və psixoloji, məhkəmə partlayış-texniki və s. ekspertizaları təyin edilərək rəylər alınıb, hadisənin şahidləri dindirilib.

Arsen Baqdasaryan ilkin istintaq zamanı və istintaqın sonrakı gedişində təkzibolunmaz sübutların təsiri altında törətdiyi cinayətləri könüllü etiraf edib və işin halları ilə bağlı istintaqa ətraflı məlumat verib.

Törətdiyi əməllərə görə Arsen Baqdasaryanın Azərbaycan Cinayət Məcəlləsinin 218.2-ci (Cinayətkar birlik-təşkilatda iştirak etmə), 29,120.2.1-ci (Cinayətkar birlik - təşkilat tərəfindən qəsdən adam öldürməyə cəhd etmə), 29,120.2.7-ci (İki və daha çox şəxsi qəsdən öldürməyə cəhd etmə), 29,120.2.12 (Milli, irqi, dini, ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd etmə), 29,282.2-ci (Təxribat, yəni mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının müdafiə qabiliyyətini və iqtisadi təhlükəsizliyini zəiflətmək məqsədilə müəssisələrin, qurğuların, yolların, əlaqə və rabitə vasitələrinin, əhalinin həyat təminatı obyektlərinin dağıdılmasına, yaxud zədələnməsinə yönəldilən partlayışlar, yanğınlar və sair hərəkətlər törətməyə cəhd) və digər maddələri ilə ittiham olunmasına dair cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəməyə göndərilib.
Bağla X