20:11
(077) 610-22-33

“Azərbaycan xalqı Avropa Oyunlarına ciddi hazırlaşır”

  • >
718 10 May 2015 11:48 | Siyasət

Azərbaycan xalqı Avropa Oyunlarına ciddi hazırlaşır.


AzNews.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

Ə.Həsənov bildirib ki, Avropa Oyunları tək dövlətin deyil, bütün Azərbaycanın tədbiridir, ümumxalq tədbiridir: "Biz bu tədbirdən maksimum istifadə edərək Azərbaycan xalqının milli-mənəvi dəyərlərini, Azərbaycan xalqının mədəniyyətini, həyat tərzini, o cümlədən torpaqlarımızın işğalı faktını, neçə illərdir Azərbaycanın bölgədə yürütdüyü siyasəti, qonşularla münasibəti və sair dünyaya çatdırmaq istədiyimiz məsələləri çatdıracağıq".

PA rəsmisinin sözlərinə görə, Azərbaycanda bir bayram ovqatı yaşanır: "Olimpiya məşəli addım-addım respublikamızı dolanır və bu məşəllə birlikdə insanların oyunlarla bağlı əhval-ruhiyyəsi yaxşılaşır. Hər gün məşəlin müşaiyəti ilə bağlı on minlərlə insan bu bayram tədbirlərində iştirak edir. Biz Avropa Oyunlarının yüksək standartını ortaya qoyacağıq".

Ə.Həsənov bildirib ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə təşkilat komitəsi çox səmərəli və uğurlu fəaliyyət gösətrir: "Bu fəaliyyət artıq bütün sahələrdə özünü göstərir. Dövlət qurumları və digər müvafiq qurumlar da Avropa Oyunlarına hazırlaşır. Hər birimizin üzərinə müəyyən məsuliyyət düşür. Əminəm ki, kütləvi informasiya vasitələri media işçiləri, jurnalistlər də bu tədbirə xüsusi hazırlaşırlar. Gün ərzində reportajlar, bölgələrdə olimpiya məşəlin ardınca xalqın ovqatının işıqlandırılmasını görürük və düşünürəm ki, bu, belə də davam edəcək".

PA rəsmisi qeyd edib ki, respublikadakı ictimai-siyasi ovqat da Avropa Oyunlarına köklənib, əhali ayrı-ayrı idman qurğularında gedən işlərə baxır, yarışlara tamaşa etməyə hazırlaşır: "Əhalinin bütövlküdə bugünkü əhval-ruhiyyəsi Avropa Oyunlarına istiqamətli olaraq yüksəkdir".
Bağla X