“Atəşkəsin imzalanması Azərbaycana yenidən güclənməsi üçün əlavə vaxt qazandırdı”. “Atəşkəsin imzalanması Azərbaycana yenidən güclənməsi üçün əlavə vaxt qazandırdı”.

Millət vəkilindən müharibə mesajı: “Məsuliyyət beynəlxalq təşkilatların üzərinə düşür”

“Atəşkəsin imzalanması Azərbaycana yenidən güclənməsi üçün əlavə vaxt qazandırdı”.


AzNews.az xəbər verir ki, bu sözləri Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev atəşkəsin imzalanmasının 21-ci ildönümü ilə bağlı fikirlərini şərh edərkən qeyd edib.

Onun fikrincə, atəşkəsin imzalanması həmin dövr üçün çox vacib addım olub: "Nəzərdən qaçırmamalıyıq ki, ulu öndər Heydər Əliyev hakimiyyətə yeni gəlmişdi və vəziyyəti düzgün analiz edərək, sazişin imzalanmasına nail oldu. Çünki, keçmiş hakimiyyət yeni gələn hakimiyyətə xaos, qeyri-stabil vəziyyət və dağınıq ordu, dağılmış iqtisadiyyat mirasını qoymuşdu. Bununla hansısa uğurlu nəticə əldə etmək mümkün deyildi. Ona görə Heydər Əliyevə vaxt lazım idi ki, Azərbaycanı bugünkü vəziyyətə gətirib çıxa bilsin. Baş verənlər bir daha onu göstərir ki, Heydər Əliyev uzaqgörən siyasətçi idi. Bu illər ərzində Azərbaycan gücləndi və dünyada mövqelərini daha da möhkəmləndirdi. İqtisadi və enerji layihələrini gerçəkləşdirməklə, Ermənistanı bölgədən təcrid edə bildi. Nəticədə bu gün Ermənistan səfalət içindədir və insanlar ölkəni tərk edirlər. Çünki, Ermənistan özü bu yolu seçib. Rəsmi İrəvanın Azərbaycan və Türkiyəyə qarşı düşmənçilik siyasəti ona heç nə qazandırmadı. Azərbaycan daxil olan böyük maliyyə hesabına güclü ordusunu qurdu və ölkə bölgənin lider dövlətinə çevrildi".

Millət vəkili əlavə edib ki, atəşkəsin əldə edilməsi, beynəlxalq təşkilatların bu məsələni sülh yolu ilə həllinə nail olması, Azərbaycan torpaqlarının müharibə olmadan geri qaytarılması üçün fürsət idi, lakin təəssüflər olsun ki, dünyanın ikili standartları, ermənipərəst qüvvələrin aidiyyəti təşkilatlarda təsir imkanlarına malik olması səbəbindən gözləntilər doğurulmadı: "Təəssüflər olsun ki, atəşkəs dönəmində beynəlxalq təşkilatlar Ermənistanın təcavüzkar siyasətindən imtina etməsi üçün hansısa ciddi iş ortaya qoymadılar. ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi və həmsədrlərin turistik səfərləri bu qurumun əhəmiyyətsiz hala gətirdi. Onların nəticəsiz fəaliyyətləri Azərbaycanın başqa vasitələrə əl atmasını tezləşdirir. Sabah bölgədə müharibə baş verəcəksə, məsuliyyət Ermənistanın və onun işğalçılıq siyasətini qınamayan beynəlxalq güclərin üzərinə düşəcək".