Dünən Rusiyanın Ural regionunun inzibati mərkəzi olan Yekaterinburq şəhərində VI Rusiya-Azərbaycan Regionlararası Forumu öz işinə başlayıb. Dünən Rusiyanın Ural regionunun inzibati mərkəzi olan Yekaterinburq şəhərində VI Rusiya-Azərbaycan Regionlararası Forumu öz işinə başlayıb.

Azərbaycan-Rusiya: regional siyasətin yeni vektoru - TƏHLİL

Dünən Rusiyanın Ural regionunun inzibati mərkəzi olan Yekaterinburq şəhərində VI Rusiya-Azərbaycan Regionlararası Forumu öz işinə başlayıb.

Foruma başda hər iki ölkənin dövlət və hökumət nümayəndələri olmaqla, diaspor təşkilatlarının rəhbərləri, siyasətçilər, ictimai xadimlər və media nümayəndələri iştirak edirlər.

Ənənəvi olaraq hər il keçirilən forum artıq ciddi bir ictimai-siyasi hadisə kimi hər iki ölkənin kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılır və hər iki ölkənin ictimaiyyətinin diqqət mərkəzindədir. Dünyada baş verən hərbi-siyasi kataklizmlərin fonunda son zamanlar getdikcə yaxınlaşan, dərinləşən və genişlənən Azərbaycan-Rusiya əlaqələri, həm iqtisadi, həm də hərbi sahədəki əməkdaşlıq geosiyasi müstəvidə Rusiya ilə qarşıdurmaya girmiş Qərbin də xüsusi diqqət mərkəzindədir.

Geosiyasi arenada Rusiyanı bütün müttəfiqlərindən ayıraraq təkləmək və iqtidsadi cəhətdən boğaraq dağıtmaq taktikasını işə salmış Qərb, Qafqaz regionunun ən güclü dövləti olan Azərbaycanın Rusiya ilə yaxınlaşmasına xüsusi həsslıqla yanaşır. Rusiyanın Qafqaz siyasətinin köklü dəyişdiyi bir məqamda Moskva tərəfindən regionda strateji tərəfdaşlıq üçün Bakının seçilməsi Qərbin Yaxın Şərq və Cənubi Qafqaz üzərindən qurduğu strateji planlarını alt-üst edir və ABŞ başda olmaqla, Avropa dövlətlərinin regiona təsir imkanlarını sıfıra endirir.

Rusiyanın Qafqaz siyasətindəki dəyişikliyin əsas səbəbi kimi Ukraynadakı konflikti göstərmək olar. Yanukoviçin devrilməsi ilə birlikdə Ukraynanı itirən Rusiya, Krımı və Donbasın bir hissəsini Kiyevin nəzarətindən çıxarsa da, bu ölkə uğurunda gedən qlobal savaşı uduzub. Artıq NATO-nun Ukraynaya gəlməsi alyansın raketlərinin Moskvanın bir neçə yüz kilometrliyində olduğunu gözəl dərk edən Kreml, Yeltsin hakimiyyəti dövründə itirdiyi mövqelərini yenidən qaytarmaq üçün hərəkətə keçib. Yeltsin administrasiyasının səhvləri ucbatından Moskvadan uzaqlaşmış keçmiş sovet respublikaları ilə Putin hakimiyyəti yenidən əlaqələr qurmağa, aradakı problemləri həll etməyə çalışır. Ukrayna kimi nəhəng bir dövlətin tərəfində olduğu dövrlərdə digər respublikalara o qədər də əhəmiyyət verməyən Kreml, artıq faktiki olaraq Qazaxıstan və Orta Asiya ölkələri ilə ümumi dövlət yaratmaq istiqamətində bir sıra addımlar atır. Qafqazda abxazlar və osetinlərə görə Gürcüstanı, Qarabağ konfliktində isə açıq şəkildə Ermənistanın tərəfini tutduğuna görə Azərbaycanı itirən Rusiya, bu regionda yürütdüyü siyasətə yenidən baxmaq məcburiyyətində qaldı. Abxaziyanın və Cənubi Osetiyanın müstəqilliyini tanıyacaq qədər irəli gedən Moskva, Gürcüstanı birdəfəlik itirdiyini dərk edərək, bütün diqqətini Azərbaycan üzərində cəmləşdirdi. Aradakı anlaşılmazlıqları aradan qaldırmaq üçün Yeltsin dövründə ölkəmizə qarşı tətbiq olunan silah embarqosu Ermənistanın bütün etiraz və vay-şivənlərinə baxmayaraq, ləğv edildi. Azərbaycan son bir neçə il ərzində Rusiyadan milyardlarla dollarlıq ən müasir silah aldı. Ordunun yenidən qurulması və silahlanmanın sürətlənməsi ilə birlikdə Qarabağ cəbhəsində üstünlüyü tam ələ alan Azərbaycan, artıq həm iqtisadi cəhətdən, həm də hərbi cəhətdən regionun ən güclü ölkəsinə çevrildi.

Geosiyasi müstəvidə iri kapitalist dövlətlərinin təzyiqlərinə güclə davam gətirən Rusiya, artıq dünyanın hər yerində nüfuzunu itirdiyini dərk edərək, Qafqaz siyasətində dəyişiklik etmək məcburiyyətində qaldı. Rusiya Azərbaycanı itirməklə, bütövlükdə Qafqazı və daha sonra isə Yaxın Şərqdəki prosseslərə təsir imkanlarını birdəfəlik itirəcəyini dərk edərək qəyyumluq etdiyi Ermənistanı arxa plana keçirdi – bu, Azərbaycan hakimiyyətinin apardığı ağıllı və ehtiyatlı siyasət nəticəsində mümkün oldu. İqtisadi cəhətdən çökmüş, can üstündəki, tam olaraq Rusiyanın qurşağından artıq yük kimi asılmış ermənilər, sanki lazımsız bir əşya kimi Kreml tərəfindən "əl-ayağına dolaşmasın deyə" siyəsətin bir küncünə atıldı. Artıq nə iqtisadi çəkisi, nə də bir dövlət kimi əhəmiyyəti qalmamış Ermənistan, Moskvanın siyasi gündəmindən əhəmiyyətsiz bir məsələ kimi birdəfəlik çıxmaqdadır.



VI Rusiya-Azərbaycan Regionlararası Forumunda Azərbaycanı təmsil edən Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov forum iştirakçıları qarşısındakı çıxışında Azərbaycan-Rusiya əlaqələrinin perspektivlərindən danışaraq, Qafqaz regionunda Bakı ilə Moskvanın əməkdaşlığının vacibliyini vurğulayıb. Daha sonra cənab Həsənov forum iştirakçılarına dövlətimizin başçısının müraciətini oxuyub. Müraciətdə forumun əhəmiyyətindən danışan Prezident İlham Əliyev, onilliklərə, yüzilliklərə dayanan Azərbaycan-Rusiya əlaqələrinin bərpasının və genişlənməsinin vacibliyinə diqqət çəkib. Prezident inteqrasiya prossesində Rusiyadakı çoxsaylı Azərbaycan diasporunun fəaliyyətini də xüsusi vurğulayaraq diaspora təşkilatlarını bu məsələdə fəal olmağa çağırıb.

P.S. Avrasiya məkanında Azərbaycanın Rusiya ilə əməkdaşlığının vacibliyindən danışan Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun da dediyi kimi, bu münasibətlərə uyğun olaraq hər iki tərəf bu foruma böyük önəm verir. Azərbaycan Prezidenti İlham Əliyev davamlı olaraq 6 dəfədir ki, Azərbaycan-Rusiya regionlararası forumuna müraciət ünvanlayır və bu müraciətlərdə iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlığına mühüm önəm verilir. Rusiya ilə strateji tərəfdaşlıq Azərbaycanın ixracatı üçün həm ən yaxın və sərfəli bazar, həm də qlobal güclərin regionda toqquşan geosiyasi maraqları ilə tarazılığı saxlayaraq balanslaşdırılmış siyasət yürütmək üçün əlavə imkanlar verir.

(Bakuinfo.Az)